Festival iştirakçılarının ilk təəssüratları
II Bakı Beynəlxalq caz
festivalının təntənəli açılış mərasimi
gedişində bu möhtəşəm musiqi bayramında
iştirak edən sənətçilərin bir neçəsi
ilə ayaqüstü söhbət etdik. Festivalın
açılış mərasimində İsraildən gələn
musiqiçilər də təmsil olunurdu.
Təbilçalan və bəstəkar
Roy Oliel bizimlə söhbətində Bakıda ilk dəfə
olduğunu bildirdi: «Bakı gözəl şəhərdir.
İnsanları da gözəldir. Bundan əvvəl Azərbaycana
səfər edən dostlarım ölkəniz haqqında mənə
danışmışdılar və ona görə də mən
Bakıya gəlməyə, onu görməyə can
atırdım».
Cazın səciyyəvi cəhətlərindən
danışan sənətçi bu musiqi janrını
«azadlıq» kimi ifadə etdi: «Caz musiqisində geniş sərbəstlik,
azadlıq var. Bizim üçün musiqilərin 90 faizi
yazılmır. Bunların hamısı improvizasiyadır. Məsələn,
mən səhnəyə gedirəm, amma nə
çalacağımı bilmirəm. Yalnız səhnəyə
gələndən sonra auditoriya ilə təmasda olursan. Bəzən
bu yaxşı, bəzən də pis olur. Biz hər bir
şeyin yaxşı olacağına ümid edirik».
Cazın digər musiqi janrları
ilə daima sintez olunduğunu deyən musiqiçi buna misallar
da çəkdi: «Məsələn, Amerika cazında folklor, bəzən
Afrika, hind, latın cazı improvizə edilir. İsraildə də
belədir. Caz o qədər azad musiqi janrıdır ki, sən
orada hər bir şey edə bilərsən. Əgər
musiqini dərk edirsənsə, cazı bütün musiqi
növləri ilə birləşdirmək mümkün
olacaq». Qonaq Azərbaycan cazı ilə bağlı təəssüratlarını
da diqqətə çatdırdı: «Burada olduğum qısa
müddətdə Azərbaycan cazını da dinlədim və
ondan çox zövq aldım. Bakı Caz Mərkəzində
məşq etdiyim günlərdə Azərbaycan cazmenləri
ilə tanış oldum. Mən doğrudan da, Bakıda gözəl
caz gördüm. Gələcəkdə belə əməkdaşlıqların
olmasına cəhd etmək lazımdır. Ola bilsin ki, gələcəkdə
mən də cazı muğamla sintez edərək ifa etdim».
İsrailin Caz və Müasir Musiqi
Məktəbinin akademik direktoru, dirijor Amikam Kimelman isə
bildirdi ki, onun ölkəsində caz zəngin ənənələrə
malikdir: «Bizdə çoxlu caz məktəbləri, caz
klubları və ansamblları fəaliyyət göstərir.
İsrail ənənəvi cazı olan bir ölkədir. Azərbaycana
gəlincə, bu festival inanılmaz dərəcədə heyrətamizdir.
Super güclü fortepiano ifaçılarınız məni
valeh etdi».
Dirijor Azərbaycanın caz
musiqiçilərini tanıdığını və dinlədiyini
də dedi: «Mən Əzizə Mustafazadə, Emil Əfrasiyab və
Ruslan Hüseynovu tanıyıram. Əzizə Mustafazadə
İsraildə konsert proqramı ilə çıxış
da edib. Məşhur cazmen Vaqif Mustafazadə haqqında da
eşitmişəm. Düşünürəm ki, buradakı
pianoçular çox istedadlıdırlar. Bu baxımdan Azərbaycan
cazının gələcəyi parlaqdır və mən onu
çox bəyəndim».
Amikam Kimelman azərbaycanlı sənətçilərlə
qarşılıqlı əməkdaşlığa
münasibətini bildirdi. Qeyd etdi ki, mədəniyyət sahəsində
belə əməkdaşlıq dost ailəsinə qonaq gəlməsinə
bənzəyir: «Bakıya ikinci dəfədir ki, gəlirəm.
Ötən dəfə də burada keçirilən caz festivalına
dəvət almışdım. Mən belə əməkdaşlığa
çox sevinirəm və gələcəkdə də davam
etməsini istərdim. Gəlirsən, səni
qarşılayırlar və sən də bu münasibətlərdən
zövq alırsan. Bakı çox gözəl şəhərdir».
Peşəkar caz musiqiçisi bir
məqamı da xüsusi vurğuladı ki, Azərbaycan
cazını dünyaya daha geniş təqdim etmək
üçün caz məktəbi yaradılmalıdır.
Mehparə
Mədəniyyət.-
2010.- 20 oktyabr.- S. 5.