Həvəskar
rəssam və xalq tətbiqi sənət
ustalarının II Respublika sərgisi
Sərgidə 70-dən çox
müəllifin 300-dək əl
işi nümayiş olunub
Oktyabrın 15-də Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə həvəskar
rəssam və xalq tətbiqi sənət ustalarının
əsərlərindən ibarət
Respublika sərgisinin açılış mərasimi
keçirildi.
Tədbiri giriş sözü
ilə açan mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva həvəskar
rəssamların və
xalq tətbiqi sənət ustalarının
respublika sərgisinin
ilk dəfə 2008-ci ildə
keçirildiyini xatırlatdı.
Nazir müavini incəsənətin
müxtəlif növləri
ilə yanaşı, qədim xalq tətbiqi sənəti növlərinin qorunması
və yaşadılması
üçün bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi.
S.Məmmədəliyeva çıxışında onu da vurğuladı
ki, xalq yaradıcılığı ənənələrinin
qorunması və təbliği istiqamətində
atılan addımlar bundan sonra da
davam etdiriləcək.
Qeyd etdi ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
bölgələrdə mədəniyyət
mərkəzlərinin yaradılması
nəzərdə tutulur.
Nazir müavini xalq yaradıcılığı sənətinə
hər zaman xüsusi diqqət ayrılmasının vacibliyini
bildirdi.
Xalçaçılıq sənəti
dünyanın qeyri-maddi
irs siyahısına
daxil edilə bilər
Azərbaycan xalçalarını xalq
yaradıcılığının şah əsəri kimi dəyərləndirən
nazir müavininin sözlərinə görə,
Azərbaycanın xalçaçılıq
sənəti dünyanın
qeyri-maddi irs
siyahısına daxil edilə bilər. S.Məmmədəliyeva bildirdi
ki, bu məsələ
noyabr ayında
UNESCO-nun baş konfransında
müzakirə olunacaq:
“Biz gözləyirik ki,
Azərbaycan xalçaçılıq
sənəti dünya
qeyri-maddi irs siyahısına daxil edilsin. Artıq bu istiqamətdə
bir çox mərhələ arxada qalıb. Digər milli sənət
növlərinin dünya
irs siyahısına daxil edilməsi istiqamətində də işlər davam etdirilir”.
Ən layiqli əsərlər Moskvada nümayiş olunacaq
Respublika sərgisində iştirak
etməyə maraq böyük olub. 5 regionda keçirilmiş
sərgi-seminarda müxtəlif
janrlarda işləyən
350-ə yaxın sənətkar
iştirak edib ki, onların da təxminən 2 min əsəri nümayiş
olunub. Bu barədə
məlumat verən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İncəsənət
bilikləri şöbəsinin
müdiri Rafiq Quliyev regional sərgilərdən
respublika sərgisində
nümayiş etdirilmək
üçün 70-dən çox
müəllifin 300-ə yaxın
əl işinin seçildiyini dedi. Onun sözlərinə görə, sərgidə
rəngkarlıq və
qrafika əsərləri
ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq,
zərgərlik, nəqqaşlıq,
dulusçuluq, bədii
tikmə və digər tətbiqi sənət nümunələrinə
geniş yer ayrılıb:
“Tətbiqi
və təsviri sənət həvəskarlarının
yaratdıqları əsərlər
onların müəlliflərinin
xalqımıza, elimizə
olan məhəbbətlərinin
bariz nümunəsidir”.
R.Quliyev qeyd etdi ki, sərgidən sonra ən layiqli
əsərlərin 31 dekabr
- Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
ərəfəsində Moskvada
keçiriləcək sərgidə
nümayiş etdirilməsi
nəzərdə tutulur.
İştirakçılar qiymətləndirmədən
razı qaldılar
Tədbirdə
beş nominasiya
üzrə keçirilən
sərgi-müsabiqənin qaliblərinin
adları açıqlandı.
Görkəmli incəsənət ustalarından ibarət münsiflər heyətinin
qərarına əsasən,
müəyyənləşən qaliblərə 1-ci, 2-ci və
3-cü dərəcəli diplomlar,
pul mükafatları verildi. Rəngkarlıq
üzrə Sürəyya
Muğanlı, Raul Sadıqov,
Aysel Əmirova, heykəltəraşlıq üzrə
Nəriman Tağıyev,
Elman Ədalət, Sabir
Məmmədov, dekorativ
tətbiqi sənət
üzrə Tofiq Rəsulov, Sevil Mahmudova, xalçaçılıq
üzrə Fatimə Ağamirzəyeva, Həmidə
İbrahimova ilk yerlərə
layiq görüldülər.
Bəzi iştirakçılara isə
həvəsləndirici mükafat
və diplomlar təqdim olundu.
Tədbirdə
1-3-cü yerləri qazanmış
15 nəfərə diplom
və pul mükafatı, 5 nəfərə
həvəsləndirici diplom
və qiymətli hədiyyə, 30 nəfərə
isə fəxri fərman verildi.
Dekorativ tətbiqi sənət
növü üzrə
1-ci yerə layiq görülmüş Sevil
Mahmudova xalça mozaikası ilə məşğul olur.
Əslən Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndindəndir.
Parçadan istifadə
etməklə hazırladığı
əl işlərinin
bir neçəsini sərgiyə təqdim edərək qalib olan iştirakçı qiymətləndirmədən razı
qaldığını deyir:
“Bu cür tədbirlərin
təşkili xalq yaradıcılığı ilə
məşğul olan insanlarda daha b öyük həvəs yaradır. İnsanın əməyi qiymətləndiriləndə
onun da qurub-yaratmağa
həvəsi artır”.
Sumqayıtda yaşayan Aybəniz
Nəsirova sərgiyə
3 əsər təqdim
edib. Həvəsləndirici mükafata layiq
görülüb. Qədim xalq
sənəti növü
olan təkəlduzla məşğul olur.
Əsərləri İsveçrədə qızıl medala layiq görülüb.
Sərginin ən yaşlı
iştirakçısı Zərifə
Seyidəliyeva bədii
tikmə ilə məşğul olur.
80 yaşı var. Təqdim etdiyi əsərlərə görə
3-cü yerə layiq görülüb. 15 dəfə
fərdi sərgisi təşkil olunub: “13 yaşından tikmə ilə məşğulam.
Bu sərgiyə muncuqlu, qurama və digər növlərdə bədii
tikmələr təqdim
etmişəm. Anam incəsənəti
çox sevirdi və istəyirdi bu sənət yaşasın. Ona görə
də mənə bu sənəti öyrətdi. İndiyədək 31 xarici ölkədə
200-dən çox əsərim
alınıb. 100-dən
çox əsərim
şəxsi kolleksiyalarda
saxlanılır”.
Ceyhun
Mədəniyyət.- 2010.-
20 oktyabr.- S. 4.