Axtarma məni

 

   Oktyabrın 23-ü unudulmaz xanəndə Səxavət Məmmədovun doğum günüdür

  

   O, cəmi 38 il yaşadı. Bu, qısa cismani ömür payı idi. Əslində isə Tanrı Səxavətə böyük ürək və istedadla yanaşı həm də əbədi ömür bəxş etmişdi. Görəsən, Səxavət bunu bilirdimi? Mənə elə gəlir ki, bilirdi. Çünki həmişə söhbətlərində deyərdi: «Onsuz da bu gün varsan, sabah yox. Ona görə, yaxşılıq etmək, insanlara əl tutmaq lazımdır ki, özündən sonra əməllərin qalsın».

  

   Onun həyat yolu sanki oxuduqları nəğmələrdə də ifadə olunmuşdu:

  

   Azad bir quşdum,

   Yuvamdan uçdum,

   Bir bağa düşdüm,

   Bu gənc yaşımda.

   Bir ovçu gördüm,

   Köksümdən vurdu,

   Torpağa düşdüm

   Bu gənc yaşımda.

  

   Cəfər Cabbarlının «1905-ci ildə» pyesində yazdığı bu misralara Əfrasiyab Bədəlbəyli gözəl mahnı bəstələmişdi. Bu mahnı Səxavətin ifasında bənzərsiz bir həzinliklə səslənirdi. Mahnı elə bil Səxavət üçün yazılmışdı. İndi isə Səxavətin ifasında bu mahnını eşidən hər kəsin ürəyindən bu fikir keçir: elə bil öz taleyini oxuyurmuş.

   Səxavət həmin mahnını çox sevirdi. O dövrdə bu mahnını oxumaq həm cəsarət tələb edirdi. Çünki sovet rejiminin hökmran olduğu bir vaxtda hər sözə ciddi nəzarət vardı. Bildiyimiz kimi, bu mahnı zəmanədən narazı olan qəhrəmanın dilindən oxunur. O, zamanlarda da belə məsələlərə ciddi yanaşılırdı.

   Xatırladaq ki, mahnı Səxavət Məmmədovun ifasında 1985-ci ildə Xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi «Humayun» xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə yazılıb. Bu yerdə Əlibaba müəllimin Səxavət haqqında xatirələrini nəzərinizə çatdırıram:

   «Səxavət çox gözəl sənətkar idi. Onun həm sənəti, həm insanlığı gözəl idi. Daxili aləmi son dərəcə saf, səmimi gözəl olduğundan bu onun səsində sənətində özünü göstərirdi. Səxavət uzun illər mənim rəhbərlik etdiyim «Humayun» xalq çalğı alətləri ansamblının solisti olub. Onun özünəməxsus ifa tərzi vardı. Hər oxusaydı, oraya öz möhürünü vurmuş olardı. Amma elə mahnı təsniflər var ki, onlar tamamilə Səxavətin adı ilə bağlıdır. Bunlardan «Azad bir quşdum» mahnısını mən xüsusi qeyd etmək istəyərdim. Çünki Səxavət bu mahnıya çox bağlanmışdı. Elə adi vaxtlarda da onu çox züm-zümə edirdi. Belə bilirəm ki, bu nəğməni Səxavətdən başqa heç kim onun qədər gözəl oxuya bilməyəcək. Çünki doğrudan da Səxavət bu nəğmədə öz taleyini oxuyaraq elə azad bir quş kimi uçub getdi. İndi onun cismi müqəddəs torpaqda ruhu ilə daim başımızın üstündə pərvaz edir».

   Doğrudan da bu nəğmənin Səxavətin taleyi ilə xüsusi bir bağlılığı var. O son dərəcə azad bir insan idi. Həm düşüncələrində, həm sənətində. Səxavət özündən çox başqalarının qayğıları ilə yaşayır, daim vətən xalq barədə düşünürdü. Qarabağ hadisələri onu çox sarsıtmışdı. Bədxah ermənilərin nadürüst hərəkətləri, yalançı torpaq iddiaları onu çox narahat edirdi. Düzdür, bu hər bir azərbaycanlını narahat edib edir. Amma insanlar var ki, bu narahatlığı sadəcə bir vətəndaş kimi öz içində yaşayır. Səxavət isə bu yaşantını əməllərində ifadə edirdi. Belə ki, tez-tez Ağdamın Abdal-Gülablı kəndinə, doğulduğu məkana gedər, öz maddi vəsaiti hesabına kənd camaatına əl tutardı.

   Səxavət apardığı toy şənliklərini çox vaxt təmənnasız edərdi. Biləndə ki, oxuduğu toy sahibinin maddi durumu çox zəifdir, o, toydan sonra aldığı vəsaiti geri qaytarar onu toy sahibinə hədiyyə edərdi.

   Səxavət vətənin çox layiqli oğlu idi. Qoy bugünkü nəsil onun sənətkarlığından insanlığından bəhrələnsin. Çünki Səxavət özündən sonra bir məktəb qoyub gedib. O, məktəbdən dərs almaq üçün Səxavətin ifalarını dinləmək kifayətdir. Çünki onun oxusunda ürəyi, ruhu, sənətkarlığı, insanlığı, bir sözlə, bütün yaşantıları öz təcəssümünü tapıb. Məhz buna görə cavan yaşında sənətin insanlığın kamillik zirvəsinə ucalmışdı. Bu yerdə, gəlin, onun həyat yaradıcılıq yoluna qısa da olsa nəzər salaq:

   Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdu. Erkən yaşlarından sənətə böyük məhəbbəti olub. Atası Əmirxan əmi bunu təsdiqləyərək deyir: Səxavət elə körpəliyindən oxumağa meyilli idi. Radioda eşitdiyi el havalarını öz-özünə zümzümə edərdi. Gördük ki, onun yaxşı səsi var qəşəng oxuyur. Odur ki, orta məktəbi bitirəndən sonra göndərdik Bakıya».

   Səxavət 1970-ci ildə A.Zeynallı adına Musiqi Texnikumuna daxil olaraq burada böyük ustad Hacıbaba Hüseynovdan dərs alır. Oranı bitirdikdən sonra təhsilini Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət İncəsənət Universiteti) davam etdirir. Tələbəlik illəri onun yaradıcılığına xüsusi təkan verir. Öyrəndiklərini öz sənətinə tətbiq edərək günü-gündən püxtələşir. Səxavətin səsi yalnız respublikamızın deyil, dünyanın konsert salonlarından eşidilir. O, müxtəlif xarici səfərlərdə - Fransada, Hindistanda, Türkiyədə, digər ölkələrdə musiqimizi əzmlə təbliğ etmiş, alqışlarla qarşılanmışdı.

   Səxavətin sənət dostu, Xalq artisti Zümrüd Məmmədovanın xatirələrindən:

    - Onunla çoxlu konsertlərdə birgə çıxışlarımız olub. Qastrol səfərlərimiz çox olub. Amma sonuncu İsrail səfəri mənim üçün daha da unudulmazdır. Çünki bu səfərdə Səxavətin ifası bir başqa cür idi. O, elə oxuyurdu ki, adam yaxşı mənada dəhşətə gəlirdi. Düzdür, Səxavətin ifası həmişə gözəl olub. Amma bu səfərdəki oxumalarında xüsusi bir heyranedici cəhətlər var idi. Odur ki, onu tamaşaçılar ayaqüstə alqışlayırdılar. Bu alqışlarda da sanki isə sirli bir məna var idi. Bəlkə bu son alqış son səfəri olduğuna görə belə idi

   Həmin səfərdən sonra o, son nəğməsini oxuyub əbədi bir səfərə yollandı.

   «Axtarma məni». Sonda adını sərlövhəyə çıxardığımız bu mahnının tarixi barədə söz azmaq istərdik.

   Atamla Səxavət bir ansamblda çalışırdılar. Onların sənət dostluğu ailə dostluğuna çevrildi. O, tez-tez bizə gələrdi. Onun hər gəlişini ailəmiz sevinclə qarşılayar hətta biz daim onun gəlişini səbirsizliklə gözləyirdik. Hər gəlişində mənə piano arxasına keçib bir musiqi ifa etməyi təklif edərdi. Özü gözlərini yumub qulaq asardı. Gəlişlərinin birində mən onun üçün yeni bəstələdiyim bir nəğməni ifa etdim. Mahnı sona yetən kimi o dinləndi: «, bax bu mahnını mütləq mən oxuyacağam». Belə oldu. O, həmin mahnını yeni təşkil etdiyi «Qarabağ» ansamblı ilə oxudu. İndi həmin lent yazısı Azərbaycan televiziyasında saxlanılır. Yadımdadır. Konsertdən sonra bizə telefon açıb mənimlə danışaraq dedi ki, inşallah bu mahnını bundan da yaxşı oxuyacağam. Halbuki, o, mahnını çox gözəl oxumuşdu. Sadəcə Səxavət bütün ifalarına belə təvazökar münasibət bəsləyirdi. Oxudu. O, son nəğməsini belə oxudu. Bu, sözləri Qəmər Quliyevaya aid olan «Axtarma məni» mahnısı idi.

  

   Səmada sayrışıb axan ulduzam,

   Baharda şölədən əriyən buzam.

   Ümmanda adayam, təkəm, yalqızam

   Tapa bilməzsən, axtarma məni.

   Qurtarmaz qəmindən mənim yaxam bil

   Axar su deyiləm, bir axam bil,

   Gəzmə, sən qoyduğun yerdə yoxam bil.

   Tapa bilməzsən, axtarma məni.

  

   Əziz Səxavət, səni gəzməyə ehtiyac yoxdur. Sən bizim varlığımızda, ruhumuzda əbədi yaddaşımızdasan. Ruhun şad olsun.

  

 

   Səadət Təhmirazqızı,

   Musiqişünas

 

  Mədəniyyət.- 2010.- 22 oktyabr.- S. 12.