İnsan
taleyi
Lətif
Səfərov - 90
I məqalə
“Əgər məndən
soruşsanız ki, “Siz nə etmisiniz”, cavab yalnız bir olacaq:
“Demək olar ki , heç nə”. Əgər
soruşsanız ki, “Nə etmək istəyirəm”, cavab yenə
qısa olacaq: “Çox şey”. Görəcəyim
işlər barədə çox düşünmüşəm.
Müəllimim Qriqori Mixayloviç Kozintsevin vəsiyyətini
minnətdarlıqla xatırlayıram: “Əgər
özünüzü incəsənətə həsr etməyi
qərara almışsınızsa, yatmamağı öyrənin.
Bəli, indi o dövr deyil. Yatmaqla
çox şey uduzmaq olar, hətta həyatı da. Həyat
isə necə də gözəldir, əgər hamı qədrini
bilsəydi...”
Bu sözlərin
müəllifi Azərbaycan kinematoqrafiyasının
inkişafında xüsusi xidmətləri olan sənətkar,
Əməkdar incəsənət xadimi, tanınmış
kinorejissor Lətif Bəşir oğlu Səfərovdur.
Yeddi
yaşlı “aktyor”
Lətif Səfərov 1920-ci il sentyabrın 30-da gözəl Qarabağın
dilbər guşəsi Şuşa şəhərində
anadan olub. 1925-ci ildə valideynləri
ayrılandan anası övladlarını götürüb
Ağdama, qayınatasının yanına köçür.
1927-ci ilin yayında ailə Şuşada istirahət
edərkən “Azərkino”nun ekspedisiyası şəhərə
gəlir. Təsadüfən balaca Lətiflə
rastlaşan yaradıcı qrup onu filmdə çəkməyi
qərara alır. Lətif Səfərovun
kinematoqrafla ilk tanışlığı belə olur. Bu tanışlıq Lətifi möcüzə
saydığı kino sənətinə həmişəlik
bağlayır.
Kinoya necə gəldiyini o öz
xatirələrində belə qələmə alıb: “7
yaşım var idi. “Gilan qızı” filminin bir sıra natura
obyektlərini çəkmək üçün
Şuşaya gəlmiş kinematoqrafiya işçilərini
şəhərin nağılvari mənzərəsi heyran
etmişdi... Hər şey elə bundan başlandı... Əgər onlar bu şəhərə gəlməsəydilər,
bəlkə də həyatım başqa cür qurulardı.
Əgər mən həkim olsaydım insanları müalicə
edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim...
Mənim qismətimə kinematoqraf
düşdü. Burada mən özümü
bütün ixtisaslara yiyələnmiş insan kimi hiss edirəm.
Mən bütün peşələrdən olan
adamlara xidmət edirəm. Bunu nə qədər
çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət
hiss edirəm...”
Beləliklə də, balaca Lətif
ilk dəfə rejissor Leo Murun “Gilan qızı” filmində
Gülgül, bunun ardınca “Lətif” filmində Lətif,
“Şərqə yol” sənədli filmində, “Qızıl
kol” filmində epizodik rollarda çəkilir. Maraqlıdır
ki, “Gilan qızı”nda rejissor assistenti işləyən
M.Mikayılov quruluş verməyə
hazırlaşdığı filmə baş rola Lətifi dəvət
edərkən balaca aktyorun şərəfinə əsərin
adını dəyişib “Lətif” qoyur. Balaca
aktyor da ona tapşırılan rolun öhdəsindən
bacarıqla gələrək, kinostudiya kollektivinin sevimlisinə
çevrilir.
“Lətif” filmi 30-cu
illərdə Azərbaycanda həyata keçirilən
kollektivləşməyə, sosialist kəndinin adamlarına həsr
olunub. Filmin baş qəhrəmanı
balaca Lətifin taleyi fonunda uzaq dağ kəndində kolxoz
quruculuğu prosesi əksini tapıb.
1931-ci ildə 11
yaşlı Lətif Səfərov ağır xəstəliyə
(vərəm - red.) tutulur, həkimlər ona filmlərə
çəkilməyi qadağan edirlər. Səhhətinə
görə məktəbdən də uzaqlaşmalı olur.
Lətif Bərdəyə, anasının yanına
qayıdır.
L.Səfərov yazır: “1935-ci ildə
mən Bakıya qayıtdım, axşam məktəbində təhsilimi
davam etdirdim, eyni vaxtda Bakı kinostudiyasında əvvəlcə
aktyor, sonra rejissor köməkçisi vəzifəsinə
işə düzəldim. 1936-cı ildə mən artıq
rejissor assistenti idim...”
1937-ci ildə
studiyada yenicə fəaliyyətə başlayan dublyaj
şöbəsində L.Səfərov “Çapayev”, “Biz
Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə”,
“Professor Mamlük” kimi sovet bədii filmlərinin Azərbaycan
dilində səsləndirilməsində həm rejissor köməkçisi,
həm də aktyor kimi iştirak edir. Artıq özü
üçün həyat yolunu müəyyənləşdirmiş
gənc Lətif ali kino təhsili almaq
ümidi ilə yaşayırdı. Moskvaya gedib Ümumittifaq Kinematoqrafiya
İnstitutunun kino rejissorluğu fakültəsinə daxil
olanadək “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan” sənədli
(1938), “Kəndlilər” bədii filmlərində rejissor
köməkçisi, “Yeni horizont” bədii, “İyirminci bahar”
sənədli filmlərində rejissor assistenti işləyir,
S.Mərdanov, A.Quliyev, R.Təhmasib, M.Mikayılov kimi sənətkarların
zəngin təcrübəsini öyrənirdi. Hətta
vaxt tapıb 1939-cu ildə Gəncə Pedaqoji məktəbinin
qiyabi şöbəsini fərqlənmə diplomu ilə
(ekstern) bitirir.
Uşaqlığı, elə gəncliyi
də kəşməkəşli keçən L.Səfərov,
nəhayət, arzusuna çatır, Moskvaya ali
kino təhsili almağa gedir. Burada Kinematoqrafiya
İnstitutunda təhsil almaqla yanaşı, 1947-ci ildə ilk dəfə
müstəqil şəkildə “Çağırışa
cavab” adlı kinooçerk çəkir. Özünün
yazdığı ssenari əsasında lentə
aldığı sənədli filmdə (operatorlar T.Axundov və
X.Babayev) məşhur pambıq ustası Sürəyya Kərimovanın
və onun briqadasının əmək fəaliyyətini
ekranda canlandırır. 1949-cu ildə çəkdiyi və
Ağstafa rayonundakı “İskra” kolxozunun kənd əməkçilərinə
həsr etdiyi “Yeni həyat qurucuları” sənədli
oçerki isə diplom işi kimi əla qiymətə layiq
görülür.
Görkəmli rus kinorejissoru
Q.Kozintsevin tələbəsi L.Səfərov haqqında
yazdığı xasiyyətnamədən sətirlər: “Yol.
Səfərov tədris dövründə
özünü ən yaxşı cəhətdən göstərmişdir.
Tələbəlik illərində o, Bakı
kinostudiyasında iki qısametrajlı film çəkmiş və
hər iki film “əla”qiymətlə ekranlara
buraxılmışdır. Yol. Səfərov L. istedadlı, çalışqan,
istehsalatı yaxşı bilən işçidir, gələcəkdə
müstəqil işləmək bacarığı vardır.
Bacarığına və istehsalat stajına
görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev.
7.4.1950.”
O,
böyük arzularla yaşayırdı
L.Səfərov
1950-ci ildə institutu bitirib böyük və tükənməz
arzularla, yaşayıb yaratmaq eşqi ilə doğma Bakıya
qayıdır, lakin digər həmkarları kimi kinostudiyada
film qıtlığı ilə qarşılaşır.
Həmin il studiyada üç rejissor:
İ.Xeyfis, A.Zarxi və R.Təhmasib birgə “Bakının
işıqları” bədii filmini çəkmiş, lakin bu
yeganə film də ekranlara buraxılmamışdı. Buna
baxmayaraq L.Səfərov həvəsdən düşmür və
1950-ci ildə kinooperator dostları X.Babayev və T.Axundovla
birlikdə Azərbaycanın mis və filiz yataqları ilə
zəngin Gədəbəy torpağından bəhs edən “Gədəbəyin
sərvəti”, 1951-ci ildə uşaqların həyatından
bəhs edən “Gənc leninçilər” (operator A.Nərimanbəyov)
və sərhəd qoşunlarına həsr olunmuş “Azərbaycan
sərhədçiləri” (operator A.Nərimanbəyov),
1953-cü ildə yurdumuzun bağlı-bağatlı Quba
bölgəsindən söhbət açan “Quba
bağlarında” (operator A.Nərimanbəyov) sənədli
filmlərini yaradır. “Ordenli Azərbaycan” və
“Gənc nəsil” kinojurnalları, mərkəzi xronika
studiyası (Moskva) üçün də çoxlu süjet
çəkir.
Nəhayət, bir
neçə illik fasilədən sonra Bakı
kinostudiyasında “Bəxtiyar” və “Görüş” bədii
filmləri istehsal olunub ekranlara buraxıldı.
“Problemlərlə üz-üzə”
“Bəxtiyar” bədii
filmi onun quruluşçu rejissor kimi kinoda ilk böyük
müstəqil işi idi. Lakin qəribə
də olsa, L.Səfərov bu filmi çəkməyə
hazırlaşanda ona bədii filmlər rejissoru adı hələ
də verilməmişdi. Baxmayaraq ki,
Bakı kinostudiyasının attestasiya komissiyasının qərarı
ilə hələ 1951-ci ildə ona rejissor adının verilməsi
üçün sənədlər Moskvaya təqdim
edilmiş, lakin məsələ həll edilməmişdi.
Bu məsələ hələ
öz həllini tapmamış L.Səfərovun
qarşısına daha bir çətinlik çıxdı:
filmin çəkilişi prosesində qrupun üzvlərinə
hədə-qorxu gəlirdilər ki, işi
yarımçıq qoysunlar. Bu barədə filmin ssenari müəlliflərindən
biri, yazıçı N.Rojkovun Azərbaycan mədəniyyət
nazirinə göndərdiyi məktubda ətraflı bəhs
olunur: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə
Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan
ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov,
II rejissorlar Ə.İbrahimov və T.Tağızadə, rəssamlar
C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək
olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah
ab-hava şəraiti yaradılacaq. Lakin bu
Bakı kinostudiyasında baş vermədi. Bəzən qrupun əməyini
açıq-açığına heçə endirirdilər.
Dekorasiyalar pis və qeyri-peşəkarlıqla tikilir... Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə
normal şəraitdə işləmək üçün tədbir
görməsəniz “Mahnı ilə eldən-elə” kinofilmi
(“Bəxtiyar” filminin əvvəlki adı - A.K.) olmayacaqdır.
18 iyun 1954-cü il”.
Yaradılan
bütün maneələrə baxmayaraq L.Səfərov ruhdan
düşmür, həvəslə işləyir, nəhayət,
filmi çəkib başa çatdırır. “Bəxtiyar” musiqili filmi Sovet İttifaqının
ekranlarında uğurla nümayiş etdirilir.
İki il sonra
rejissor L.Səfərov yazıçı H.Seyidbəylinin “Kənd
həkimi” povesti əsasında yazdığı ssenari üzrə
“Qızmar günəş altında” bədii filminə
quruluş verir. Film respublikamızın
çayçılıqla məşğul olan
kolxozlarından birinin quraqlıqla mübarizə aparan zəhmət
adamlarına, onların gündəlik qayğılarına, əmək
və məişətinə, əkin sahələrini
genişləndirmək, eyni zamanda suvarma işlərini qaydaya
salmaq məqsədilə su hovuzunun tikintisi üçün tədbirlər
görülməsinə həsr olunub.
Filmdə A.Gəraybəyli, L.Məmmədbəyov,
Ə.Məmmədov, F.Mustafayev, M.Şeyxzamanov, İ.Əfəndiyev,
A.Qurbanov, A.Cavadov, M.Kələntərli kimi peşəkarlarla
yanaşı qeyri-aktyorlardan Ə.Fərzəliyev,
S.Qasımova, S.Manafova, Z.Gəraybəyova da çəkilmiş
və maraqlı surətlər yaratmışlar.
Filmin ümumittifaq ekranlarına
buraxılması ilə əlaqədar bədii filmlər
üzrə Baş İdarənin (Moskva) rəis müavini
A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində
oxuyuruq: “Əmək mövzusu filmdə öz məlum həllini
tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan
bir sıra səhvlər bu əsərin ideya-bədii dəyərinə
öz təsirini göstərmişdir... Lakin bu
səhvlərə baxmayaraq, rejissor Səfərov dramaturji materialın
məhdudluğunu imkan daxilində aradan qaldıra bilmişdir.
Bütövlükdə götürdükdə, həm də
nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə
durur, rejissor Səfərovun aktyor olmayan
iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir”.
1958-ci ildə L.Səfərov
yenidən sənədli kinoya qayıdaraq “Bakı və
bakılılar” kinooçerkini yaradır. Özünün ssenarisi əsasında lentə
aldığı bu filmi qədim şəhər barədə
parlaq salnamə adlandırmaq olar. Film 1958-ci ildə
Moskvada keçirilən sovet filmlərinin ümumittifaq kinofestivalında
III dərəcəli diploma layiq görülmüşdü.
(Ardı
var)
Aydın Kazımzadə
Mədəniyyət.-
2010.- 22 oktyabr.- S. 10.