“Sənətkarlıq
paytaxtı”nda “Milli nəfəs alətləri
bayramı”
Mədəniyyət
və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə oktyabrın
19-da Şəki Dövlət
Dram Teatrında məşhur
el sənətkarı Ələfsər
Şəkilinin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Milli nəfəs alətləri
bayramı” keçirilib.
Şəhər rəhbərliyi, incəsənət həvəskarları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bayram tədbirini giriş sözü ilə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov açaraq, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına uyğun olaraq 2010-cu ildə Şəkinin “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunduğunu nəzərə çatdırıb. Qeyd edib ki, bu il ərzində keçirilən tədbirlər çərçivəsində təşkil edilən “Milli nəfəs alətləri bayramı”nın böyük mənəvi dəyəri var. Tədbir tarixi keçmişimizlə, milli yaşam tərzimiz və qədim musiqi sənətimizlə bağlıdır.
Milli musiqi alətlərinin məşhur ifaçıları - görkəmli tarzənlərimiz Sadıqcanın, Qurban Pirimovun, Bəhram Mansurovun, gözəl kaman ifaçısı Habil Əliyevin, ilk dəfə Azərbaycan muğamlarını və el havalarını qaboyda səsləndirən Kamil Cəlilovun Azərbaycan musiqi sənətinin inkişafında müstəsna xidmətlər göstərdiyini diqqətə çatdıran natiq, belə mahir və misilsiz sənət ustalarından birinin də məhz Ələfsər Şəkili olduğunu bildirib. “Milli nəfəs alətləri bayramı”nın keçirilməsi məşhur el sənətkarının xatirəsinin yad edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov “Milli nəfəs alətləri bayramı”nın Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu şəhər Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı, həm də milli nəfəs alətləri sənətinin zəngin ənənələrinin formalaşdığı və qorunub saxlandığı bir yerdir.
Tədbirdə çıxış edən Şəki ziyalıları, musiqisevərlər mahir el sənətkarı Ələfsər Şəkilinin yaradıcılığından danışıb, ifaçılıq sənətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Bayram tədbirində sənətkarın yetirmələri Baxşəli Abdurahmanov, Əyyub Məmmədov, Salyan, Şamaxı və Şabran rayonları mədəniyyət və turizm şöbələrinin “Cəngi”, “Şirvan” və “Çıraqqala” folklor kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. “Natiq ritm qrupu”nun çıxışı isə tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb. Onu da qeyd edək ki, qrupun zurna və balaban ifaçısı Ələfsər Rəhimov məşhur el sənətkarı Ələfsər Şəkilinin nəvəsidir.
Bayram tədbirinin sonunda şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı ifaçılara fəxri fərman və xatirə hədiyyələri təqdim edib.
Mədəniyyət.- 2010.-
22 oktyabr.- S. 8.