“Sənətə
olan sevgim elə 30-35 il öncəki kimidir...”
Təvəkkül Əliyev:
“Lənkəran teatrından,
buradakı dostlarımdan,
tamaşaçılarımdan ayrı özümü heç cür təsəvvür edə bilmirəm”
Əməkdar artist Təvəkkül Əliyevin 60 yaşı tamam oldu. Dəyərli oxucu, bu sənətçinin adını
oxuyunca yəqin ki, paytaxt teatrlarında
baxdığın tamaşaları
göz önünə
gətirəcək, afişalarda
oxuduğun adları bir də yada
salmağa çalışacaqsan.
İcazə ver, bu məsələdə sənə
yardımçı olum.
Söhbət açacağım aktyor Bakıda yox, Lənkəranda çalışır. Yaradıcılığını
Nəcəf bəy Vəzirov adına
Lənkəran Dövlət
Dram Teatrı ilə bağlayıb. İlk dəfə peşəkar
səhnəyə 1973-cü ildə məhz bu teatrda qədəm
qoyub və bu günə kimi də doğma
kollektivə sadiq qalıb. Ötən bu illər ərzində 100-dən çox
rol oynayıb. Özü də necə rollar...
Aydın (C. Cabbarlı, “Aydın), İldırım Bəyazid
(H. Cavid, “Topal Teymur”), Anton Antonıç
(N. Qoqol, “Müfəttiş”),
Aleksey (V.Vişnevski, “Nikbin
faciə”), Ezop (Fiqereydo, “Ezop), Nəcəf bəy (Ə.Haqverdiyev, “Dağılan
tifaq”), Şeyx Nəsrullah (C.Məmmədquluzadə,
“Ölülər”), Zaur
(Anar, “Təhminə və Zaur”) Mahmud (Elçin, “Mahmud və Məryəm”), Əmir Teymur (T. Zülfüqarov,
“Kəklikli qəfəs”),
Azər (M. İbrahimov,
“Yaxşı adam”)...
- Təvəkkül
bəy, bəlkə söhbətə 1973-cü ildə
baş verən hadisədən başlayaq.
Həmin il
uzun fasilədən sonra Lənkəran teatrı fəaliyyətini
bərpa etdi. Lənkərana gəldiyiniz
ilk gün yəqin ki, yadınızdadır...
- Əlbəttə,
yadımdadır. 1973-cü
ilin sentyabr ayı idi. İncəsənət İnstitutunu bitirən
kimi təyinatımızı
Lənkərana vermişdilər.
Hamımız böyük bir
enerji ilə bura gəlmişdik. Necə deyərlər, tarix yazmağa hazırlaşırdıq.
Teatr üçün ayrılmış
binada təmir işləri gedirdi. Bakıdan birgə gəldiyim tələbə yoldaşlarımdan
başqa Lənkəranda
heç kimi tanımırdım. Lakin heç
bir çətinlik, şəraitsizlik gözümüzdə
deyildi. Nəhayət, həmin tarixi
gün yetişdi.
Dekabrın 6-da ilk dəfə tamaşaçılar qarşısına
çıxdıq. Mirzə
İbrahimovun “Yaxşı
adam”ında Azər rolunu oynadım. Çox maraqlı, unudulmaz anlar idi...
- O gündən
Təvəkkül Əliyev
oldu lənkəranlı.
Bakıya dönmək,
paytaxt teatrlarında çalışmaq, daha populyar olmaq şansınızdan imtinanız
onu göstərir ki, taleyinizdən razısız...
- Niyə narazı olum ki? Həm şəxsi, həm
də sənət baxımından taleyimdən
razıyam. Bir vaxtlar
qapısını döyməyə
kimsəni tanımadığım
bu şəhər indi mənə olduqca doğmadır.
30 ildən çoxdur
ki, bu doğma
mühitin əhatəsindəyəm.
Bu səhnədəki fəaliyyətimə
görə Əməkdar
artist fəxri adına layiq görülmüşəm, 100-dən çox obraz yaratmışam. İndi Lənkəran teatrından,
buradakı dostlarımdan,
tamaşaçılarımdan ayrı özümü heç cür təsəvvür edə bilmirəm.
- Lənkəran
teatrına, yaradıcılığınıza
bələd olan adam kimi
bilirəm ki, həmişə qəhrəman
obrazlarını yaratmısınız,
baş rollar oynamısınız. Arzusunda
olduğunuz rol var, yoxsa...
- Demək olar ki, arzuladığım
bütün rolları
oynamaq mənə nəsib olub. Aktyor üçün bundan böyük nə xoşbəxtlik ola bilər?
Təsəvvür elə ki, mən əksər sənət həmkarlarımdan
fərqli olaraq, Otello rolunu oynamaq
arzusunda olmamışam.
İslam
Həsənov teatrımıza
direktor təyin olunanda təklif etdi ki, bu
əsərə müraciət
edək və Otellonu mən oynayım. Amma mən razı
olmadım. Kral Liri
oynamaq istəyərdim.
Məni tanıyan insanlar bilirlər ki, heç vaxt rol üstündə dava-dalaş salmamışam
və yaxud roldan imtina etməmişəm.
Hər bir rola məsuliyyətlə
yanaşmışam. Aktyorun öz
işinə məsuliyyətlə
yanaşmasından çox
şey asılıdır.
İnsan
yaşa dolduqca məsuliyyət hissi daha da artır.
İndi mənim hansısa rolu zəif oynamağa haqqım yoxdur.
- Maraqlıdır,
rol bölgüsü barədə hansı əmr sizi daha
çox təəccübləndirib?
- İki
dəfə belə hal keçirmişəm.
Mərhum rejissorumuz Hacırza
Əliyev “Müfəttiş”də
Anton Antonıç rolunu
mənə həvalə
edəndə və
Baba Rzayev “Ölülər”də
Şeyx Nəsrullah obrazını mənə
tapşıranda. Bu iki obrazda aktyor
kimi fərqli cəhətlərimi üzə
çıxara bildim.
Yadımdadır, Şeyx Nəsrullahın
işlətdiyi ərəb
sözlərini dəqiq
mənimsəmək üçün
bir ay molla yanına getdim.
- Paytaxtdan kənarda çalışan
aktyorlar nadir hallarda kinorejissorların yadına
düşürlər. Sizə bir
neçə filmdə
çəkilmək nəsib
olub. Bəlkə
bir az
da kinodakı işiniz barədə danışaq...
- Hələ birinci kursda oxuyanda böyük sənətkarımız Nəsibə
Zeynalovaya həsr olunmuş “Aktrisanın təbəssümü” sənədli
filmində çəkilmişəm.
“Azadlıq şirin
şeydir” filmində
(“Mosfilm” və Litva kinostudiyasının birgə istehsalı, 1972 -
red.) Rodion Naxapetov kimi
o zamanın tanınmış
aktyorları ilə yanaşı çəkilməyim
heç vaxt yadımdan çıxmaz.
Üçüncü kursda oxuyanda
“Mosfilm”də çəkilən
“Körpülər” filmində
Qitsu roluna dəvət aldım.
Sınaq
çəkilişlərini uğurla keçdim.
Bir gün mənə “Mosfilm”dən teleqram gəldi. Rola təsdiq olunduğumu
bildirir, yaxın günlərdə Moskvada olmağımı istəyirdilər.
İnstitutdan icazə almaq
üçün rektor
Rahib Hüseynovun yanına getdim. Rəhmətlik Rahib müəllim dedi ki, Moskvaya getsən
bir il
kursda qalacaqsan. Mən isə kursda qalmaq istəmirdim. Ona görə də çəkilişlərə getmədim.
Bilirsən, həmin rola
kimi çəkdilər?
Film ekranlara çıxanda
təsdiq olunduğum rola Mixail Boyarskinin
çəkildiyini görəndə
hansı hisslər keçirdiyimi yəqin təsəvvür edirsən...
Sonra bir neçə filmdə rol aldım. Əbdül Mahmudbəyov məni
“Şəhərli biçinçilər”
filmində çəkib.
Həmin
filmdə şəhərli
biçinçilərdən birini oynamışam.
Rövşən Almuradlının “Cavad xan” filmində
İbrahim xan roluna çəkilmişəm.
- Hər halda daha çox
filmə çəkilə
bilərdiniz...
- Təbii ki, bu illər
ərzində daha çox çəkilə
bilərdim. Bakıdan kənarda işləyən
aktyorsansa, paytaxtdakı
rejissorların yadına
az-az düşürsən,
tənqidçilərin diqqətindən
nisbətən kənarda
qalırsan. Teatrımız Gəncədə keçirilən
Milli Teatr Festivalında İslam Həsənovun quruluşunda
Fiqereydonun “Ezop” tamaşası ilə iştirak edirdik. Tanınmış tənqidçi Aydın
Talıbzadə tamaşadan
sonrakı müzakirədə
deyib ki, Ezop rolunu yaradan
Təvəkkül Əliyevin
ifasını görəndə
bayıldım. Rejissorlar,
tənqidçilər nədənsə
bizi çox gec “kəşf” edirlər...
- 60 yaşınız
tamam oldu. Sənətə tamam, yoxsa davam?
- Təbii ki, davam. Aktyor üçün 60 yaş qızıl dövrdür. Sənətə, səhnəyə olan sevgim elə 30-35 il öncəki kimidir. Bəzən tamaşa bitəndən, tamaşaçılar teatrı tərk edəndən sonra zala daxil olub baxıram. Səhnəni boş görəndə kövrəlirəm. Həmin anda hansı hisslər keçirdiyimi ifadə etmək çətindir. Çox çətin...
Etibar Cəbrayıloğlu
Mədəniyyət.- 2010.- 22 oktyabr.-
S. 5.