İslam Konfransı Təşkilatına üzv ölkələrdə qeyri-maddi
irsin qorunması və təbliği
Gəncədə bu
mövzuda keçirilən beynəlxalq elmi konfransın birinci günü qeyri-maddi irsin turizmdə rolu
araşdırılıb
Oktyabrın 21-də
Gəncə şəhərindəki “Ramada
Plaza Ganja’”
mehmanxanasında Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə «İslam Konfransı Təşkilatına
üzv ölkələrdə qeyri-maddi irsin qorunması
və təbliği» mövzusunda beynəlxalq
elmi konfrans öz işinə başlayıb.
Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Bəhreyn, Malayziya, Özbəkistan və İranın nümayəndələrinin, İSESCO təmsilçilərinin toplaşdığı konfransda Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin xarici turizm sektorunun müdiri Səbinə Zadayeva, sektorun aparıcı məsləhətçisi Kəmalə Həsənova, Azərbaycan Turizm İnstitutunun, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, «İqbal» İctimai Təşkilatının, “Millennium Turizm Congress” turizm şirkətinin nümayəndələri iştirak ediblər.
“Diyarşünaslıq turları”, “Folklor turları”, “Sənətkarlıq turları” və “İslam ölkələrinin birgə qeyri-maddi irs turizm marşrutlarının yaradılması perspektivləri” adlı 4 sessiyadan ibarət tədbir “Quran” ayələrinin oxunması ilə açılıb. Azərbaycanın turizm potensialını əks etdirən çarxın nümayişindən sonra Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Səbinə Zadayeva qonaqları salamlayıb və «Qeyri-maddi irs və turizm» mövzusunda çıxış edib. O, İslam Konfransı Təşkilatı çərçivəsində mədəni və turizm əlaqələrimizin inkişafından danışaraq, Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqət çəkib.
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova Mədəniyyət və Turizm Nazirliyinin layihəsinə əsasən Gəncənin 2010-cu ildə «Əfsanələr paytaxtı» elan edilməsi, şəhərin qədim və zəngin tarixə, yüksək turizm potensialına malik olması barədə tədbir iştirakçılarına məlumat verib. İSESCO-nun səlahiyyətli nümayəndəsi Abbas Sədri çıxış edərək İslam ölkələrinin qeyri-maddi irsi ilə bağlı fikirlərini bölüşüb.
Mədəniyyət və Turizm Nazirliyi xarici turizm sektorunun aparıcı məsləhətçisi Kəmalə Həsənovanın Azərbaycanda qeyri-maddi irs sahəsində həyata keçirilən layihələrlə bağlı məlumatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin baş məsləhətçisi Nadir Mehdiyevin «Azərbaycan xalçası milli adət-ənənələr aspektində», Azərbaycan Turizm İnstitutunun müəlliməsi Nigar Sadıxlının «Ordubadda keçirilən Novruz şənliyi və onun turizmin inkişafına təsiri», ATİ-nin turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalovun «Göyçayda nar bayramı: problemlər və perspektivlər» mövzusunda çıxışları dinlənilib.
Azərbaycan tərəfinin təqdimatlarından sonra isə söz qonaqlara verilib. Malayziyanın İnformasiya, Əlaqə və Mədəniyyət Nazirliyinin qeyri-maddi irsin qorunması departamentinin müdiri Lukaina Abdul Mecid «Malayziyada qeyri-maddi irsin qorunması və təbliği», Suriya Mədəniyyət Nazirliyinin qeyri-maddi irs departamentinin müdiri İmad Əbu Fəxri «Suriyada milli irsin elementləri», Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Bülent Araslı «Nəzər muncuğu», Misir Ərəb Respulikasının Eyn Şəms Universitetinin professoru Safsari Əhməd əl-Qaturi «Ərəb xəttatlığı və onun qeyri-maddi irsin qorunmasındakı rolu», Bəhreyn Mədəniyyət Nazirliyinin qeyri-maddi irsin qorunması departamentinin müdiri Salman Əhməd əl-Mahari «Mirvari sənayesi üzrə təqdimat», Birləşmiş Ərəb Əmirliyinin Mədəniyyət, Gənclər və Ümumi İnkişaf Nazirliyinin beynəlxalq mədəni əməkdaşlıq departamentinin müşaviri Avad Əli Saleh məruzə ilə çıxış ediblər.
Günün sonunda Mədəniyyət və Turizm Nazirliyi adından qonaqların şərəfinə ziyafət verilib.
Konfrans bu gün (22 oktyabr) İKT-yə üzv ölkələrdə qeyri-maddi irsin qorunması və təbliğinə dair əsas fikirlərin müzakirəsi ilə davam etdiriləcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 22 oktyabr.- S. 3.