Bədii-mədəni düşüncənin incəsənət ənənəsi

 

    Hər bir xalqın bədii mədəniyyətinin inkişafı onun bədii təfəkkürünün, humanitar düşüncəsinin təkamül mərhələlərini əks etdirir. XX əsr mədəniyyəti demək olar ki, bu konsepsiya ilə istiqamətlənib, onun tarixi təcrübəsi və bədii ənənələri də bu baxışlarla təhlil və təyin olunub.

   Mədəniyyətin özünəməxsus bədii təfəkkürün, istedad və ilhamın imkan və səviyyəsindən bəhrələnən inkişafı və hər bir sənət sahəsinə uyğun qanunauyğunluqları var. İlahi bir vergi olan istedad, səmavi bir anlayış olan ilham xalqın tarixi taleyi, onun çoxəsrlik yaşantı təcrübəsi ilə birləşəndə əsl sənət əsəri meydana gəlir, mədəniyyət isə xalq mənəviyyatı xəzinəsi kimi formalaşaraq bədii sərvətə çevrilir.

   Mədəniyyət xalqın enerji saxlancıdır. Təsadüfi deyil ki, Azərbaycan mədəniyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev mədəniyyətin xalqın tarixi taleyindəki rolunu yüksək qiymətləndirirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən alisi mədəniyyətdir”.

   Bədii-mədəni düşüncənin təməl ənənələri antik dövrdən başlayıb, qədim yunan, Çin və Misir incəsənəti, hind mifologiyası ilə əsaslanıb. Bu düşüncənin antik ənənələri qısa zaman kəsiyində siyasi-mədəni-iqtisadi əlaqələr çərçivəsində Şərq ənənələri ilə birləşərək Şərq kontekstinin tərkib hissəsinə çevrilib. Məhz ona görədir ki, Şərq dünyasını mədəniyyətin beşiyi adlandırırlar.

   Maddi və mənəvi mədəniyyəti baxımından Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Ümumdünyəvi, sivil ənənələr hər bir xalqın bədii - mədəni düşüncəsində, tarixi taleyində, mənəvi təfəkküründə dövrün qanunauyğunluqları ilə bərqərar olub ki, bu ənənə orta daş dövründən başlayaraq, sinifli cəmiyyətin və dövlətin yaranması ilə ta XVI əsrə kimi Şərqdə və dünyada ədəbiyyat, din, fəlsəfə, tarix, astronomiya, təbiət elmləri ilə birgə inkişaf yolu keçib.

   XVI əsrdən etibarən incəsənətin bir çox sahələri sənət sahəsi kimi formalaşıb inkişaf etdi. Avropada XII əsrdən başlanan mədəniyyət sahələrinin intibahı XVI əsrə qədər və sonrakı dövrdə incəsənət sahələri kontekstində daha da çiçəkləndi, yeni bir ənənənin formalaşmasına şərait yaratdı. Mədəniyyətin ən qabaqcıl sahəsi olan incəsənətin bir çox sahələri - təsviri sənət, musiqi sənəti və s. inkişafa qədəm qoydu.

   Onu da qeyd etmək lazımdır ki, məhz təsviri incəsənətin növləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, memarlıq, dekorativ tətbiqi sənət və xalçaçılıq, miniatür sənəti ta qədimlərdən formalaşma dövrü keçib, təkmilləşmiş formada gələcək nəsillərə ötürülüb. Bu istiqamətdə incəsənətin bütün sahələrində peşəkar sənətkarlar yetişib, bir - birindən gözəl sənət nümunələri yaranıb.

   İncəsənət ənənəsinin Şərqdə geniş, əhatəli inkişafı bu sahədə ixtisaslaşmış məktəblərin formalaşmasına əsas yaradıb. Belə ki, Təbrizdə, Qəzvində, Heratda və bir sıra şəhərlərdə incəsənət xadimləri bir yerə toplaşaraq, bir ənənəyə sadiq qalaraq Şərq incəsənətini və bu əsasda bədii üslub xüsusiyyətlərini yaradıcılıqla inkişaf etdirmək məqsədilə məktəblərin yaradılmasına, ənənənin qorunub saxlanılmasına nail olublar.

   Bu proses XIX əsrin ortalarına kimi uğurla davam edib. XIX əsrdən etibarən bir qisim Şərq ölkələrində, o cümlədən Azərbaycanda mədəniyyət incəsənət nümunələrində Avropa prinsipləri özünü biruzə verib. Nəticədə bu cür ümumi prinsiplərin qarışması ilə ümumbəşəri prinsiplərə söykənən sivil ənənənə formalaşmağa başlayıb. Bu ənənə XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayaraq yeni erada özünün mövcudluğunu qoruyub saxlamaqdadır. Bədii - mədəni düşüncələrə söykənən ümumbəşəri sivil ənənə dünya xalqlarını dinindən, dilindən, bədii təfəkkürü düşüncə tərzindən asılı olmayaraq mədəniyyət baxımından birləşdirib, onların ümumi ənənələr kontekstində inkişafına hərtərəfli şərait yaradıb. Bu, inkişafın, tərəqqinin son nöqtəsi, intibahın dəyişməyən ənənəsidir.

  

 

   Orxan Göytürk

 

   Bakı Dövlət Universitetinin  magistrantı

 

    Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 15.