İstedadlar yetirən məkan

 

   Hər bir sənət gözəldir. Sevdiyin və bacara biləcəyin sənətə yiyələnmək isə qat-qat gözəldir. İnsanın uşaq vaxtından yaradıcı işə meyillənməsi, istedadını praktik müstəvidə sınamaq imkanı qazanması onun gələcəkdə sənətkar kimi yetişməsində mühüm rol oynayır. Bu baxımdan balaca istedadları üzə çıxaran, onların ilk sənət yollarını işıqlandıran, gələcək peşə seçiminə istiqamətləndirən incəsənət dərnəklərinin, yaradıcılıq mərkəzlərinin fəaliyyəti xüsusi önəm kəsb edir.

  

   Belə qurumlardan biri də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzidir.

   1959-cu ildə “Pionerlər evi” kimi fəaliyyətə başlayan, müxtəlif məkanlarda yerləşən, 1994-cü ildən Uşaq Yaradıcılıq Mərkəzi adlanan sənət və tədris ocağı öz işini Nərimanov rayonunun məktəbləri ilə sıx əlaqədə qurur. Burada 22 adda dərnək fəaliyyət göstərir. Bədii qiraət, rəqs, dram, ekologiya, intellekt, debat, təsviri incəsənət, vokal instrumental ansamblı və başqa dərnəklərdə uşaqlar həm asudə vaxtlarını səmərəli keçirir, həm də ilk sənət və peşə sirlərinə yiyələnirlər.

   Mərkəzdə müxtəlif yaşda uşaqlara rast gəlmək mümkündür. Onlar öz maraqlarına uyğun olaraq dərnəklərə yazılır, dərsdən sonra seçdikləri peşələrin incəliklərinə az-çox bələd olmağa çalışırlar.

   21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinə 1992-ci ildən rəhbərlik edən Fatma Təhməzova deyir ki, rəqs dərnəyi olan günlərdə uşaq əlindən sinif otaqlarında yer olmur. Nəinki Nərimanov rayonunun ərazisindən, paytaxtın digər rayonlarından da buraya məşğul olmağa gələnlər var.

   Mərkəzdə uşaqlar üçün yaradılmış şəraitlə maraqlandıq. Direktor Fatma xanım Bakı Şəhər Təhsil İdarəsi tərəfindən mərkəzin hər cür avadanlıqla, kompyuterlərlə, musiqi alətləri ilə təmin olunduğunu bildirdi. Yaradıcılıq Mərkəzinin yaxın zamanlarda yeni binaya köçürülməsi də nəzərdə tutulur.

   Mərkəzin yetirmələri müxtəlif müsabiqələrdə qalib adını qazanıblar. Fatma xanımla söhbətimiz zamanı o bizə şagirdlərin təltif olunduqıarı diplomları, medalları, kubokları göstərdi. Kiçik yaşlı məktəblilərin əl işlərinə “Respublika baxış müsabiqəsi”ndə mərkəzin uşaqları “Yumşaq oyuncaqlar” nominasiyasında I yeri tutublar. Təsviri incəsənət üzrə Hindistanda keçirilən “Şankar” rəsm müsabiqəsində Cavid Məmmədov II yerə çıxıb. Həmin ölkədən Cavidə medal göndərilib, adı “Uşaq ensiklopediyası”na düşüb. Mərkəzin yetirmələri bu il Türkiyədə keçirilən ənənəvi 23 aprel - Beynəlxalq uşaq festivalının iştirakçısı olublar, diplom və mükafatlarla Vətənə qayıdıblar.

   Biz də öz növbəmizdə 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin kollektivinə uğurlar, nailiyyətlərinin daimi olmasını arzulayırıq.

  

 

   Sevda Yusubova

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 15.