Milli Kitabxanada “Oxucu günü”
Ötən həftə (22 oktyabr) M.F.Axundzadə
adına Milli Kitabxanada “Oxucu günü” kecirildi.
Tədbirin məqsədini
açıqlayan kitabxananın direktoru Kərim Tahirov Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən respublikada kitabxana işinin
yenidən qurulması, avadanlıqların təzələnməsi,
kitabxananın veb-saytının yaradılması və digər
sahələrdə həyata keçirilən yeniliklərdən
danışdı. Qeyd etdi ki, “Oxucu günü”nün məqsədi
oxucuların rəyi əsasında kitabxananın fəaliyyətinin
təkmilləşdirilməsi, xidmətdə
çatışmazlıqların aşkara
çıxarılıb aradan qaldırılması,
bütövlükdə onun fəaliyyətinə ictimaiyyətin
münasibətini öyrənməkdir: “Bundan sonra belə tədbirləri
mütəmadi olaraq ən azı iki ayda bir dəfə
keçirəcəyik. Məqsədimiz oxuculara xidmətin səviyyəsini
yüksəltmək, onların təklif, irad və rəylərini
öyrənməkdir. Bu məqsədlə kitabxananın
birinci mərtəbəsinə xüsusi qutu qoyulacaq. Oxucular təklif
və rəylərini yazıb ora qoya biləcəklər.
Kitabxana əməkdaşlarının oxuculara göstərdiyi
xidmətin nə dərəcədə yüksək olması
həmin məktublar vasitəsilə bilinəcək.
Çalışacağıq ki, mövcud problemləri
günün tələbləri səviyyəsində həll
edək”.
Tədbirdə oxucular
çıxış edərək kitabxanada kataloqların
yenilənməsi, səsli disklərin çoxaldılması,
kitab fondunun zənginləşdirilməsi, xarici ölkələrlə
əlaqələrin genişləndirilməsi, yeni jurnal və
elmi topluların alınması və s. barədə təkliflər
irəli sürdülər.
Təkliflərə münasibət
bildirən direktor K.Tahirov bildirdi ki, gələn ildən xarici
ölkələrdə çap olunan bir neçə
dövrü nəşrlərin, o cümlədən Rusiyadan
“Voprosı istorii”, “Nauka i jizn”, “Voprosı filosofii” və digər
jurnalların alınması nəzərdə tutulub.
Tədbirdə kitabxananın
ayrı-ayrı şöbələrinin əməkdaşları
oxucuların suallarını cavablandırdılar .
Savalan
Fərəcov
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 13.