Kino gecikən məhəbbətimdir”

 

   Mələk Abbaszadə: “Azərbaycanın qadın milli qəhrəmanlarının, şəhid qızlarımızın obrazlarını kinoda canlandırmaq istərdim”

  

   Bu yaxınlarda “Üns” Teatrının dəvəti ilə sovet kinosunun sonuncu mogikanlarından olan görkəmli aktyor, SSRİ Xalq artisti, Rusiya Dövlət Kinematoqrafiya Universitetinin (keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu) professoru Aleksey Vladimiroviç Batalov Bakının qonağı oldu. Fərəhli haldır ki, Azərbaycanın aktyorluq sənətində onun yetirmələri də var. Bu gün onlardan biri - Əməkdar artist, S.Vurğun adına Rus Dram və “İbrus” teatrlarının aktrisası Mələk Abbaszadə ilə söhbətimizi diqqətinizə çatdırırıq.

  

   - Mələk xanım, uzun illərdən sonra müəlliminizlə görüşün təəssüratlarını bizimlə bölüşmənizi istərdik.

   - Sevinclə deməliyəm ki, bu 20 il ərzində sevimli müəllimimiz heç dəyişməyib. Yenə də əvvəlki kimi əzmli, mətin, iradəlidir. Həyatı boyu qoruduğu mənəvi kodeksi, inanılmaz dərəcədə sadəliyi, parlaq yumor hissini hələ də özündə saxlayır, ondan ətrafdakılara güc, qüvvət, müsbət enerji gəlir. Batalov bizə təkcə aktyorluğun sirlərini deyil, öz şəxsi nümunəsi ilə yüksək mənəviyyata, ziyalılığa, işgüzarlığa yiyələnməyin sirlərini də öyrədirdi. Sonra ondan əxz etdiyimiz bu keyfiyyətlər bizə yalnız səhnədə yox, həyatda da çox gərək oldu. Ustadın 83 yaşı olmasına baxmayaraq, hafizəsi əvvəlki kimi möhkəmdir. Diplom işimdə oynadığım əsərin hazırlıq prosesi ilə bağlı elə detalları yada salırdı ki... təəccübümü gizlədə bilmirdim. Onu doğma şəhərimizdə görmək mənim üçün əsl bayram oldu. Əvvəlki illərdə Moskvada olarkən dəfələrlə Batalovu görməyə getsəm də, müxtəlif səbəblərdən bu görüş baş tutmamışdı. Onu da deyim ki, oktyabrın 31-i mənim doğum günümdür və bu ərəfədə sevimli müəllimimlə Bakıda görüşməyim, hesab edirəm ki, taleyin mənə hədiyyəsidir.

   - Necə oldu ki, aktyorluq sənətini seçdiniz?

   - İncəsənəti uşaqlıqdan sevmişəm, kiçik yaşlarımdan balerina olmaq arzusunda idim. Müəyyən səbəbdən baletə gedə bilməsəm də, bu sevgim məni incəsənətdən ayrılmağa qoymadı, Xoreoqrafiya Məktəbində xalq rəqsləri şöbəsində təhsil aldım. Orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Moskvaya getmək istəyirdim, amma valideynlərim buna razı deyildilər. Atam istəyirdi ki, nənəmin adını daşıdığım kimi elə onun sənətinə də yiyələnim. Nənəm Mələk Rzayeva-Abbaszadə vaxtilə tanınan pediatr olub. Elə ata və ana tərəfdən qohumlarımızın çoxu həkim idi. Amma ata babam İslam Abbaszadə gənclik illərində kinematoqrafiya sahəsində, sonra televiziyada çalışmışdı. Görünür, incəsənətə maraq, məhəbbət mənə elə genetik kodlarla ondan keçib. İş elə gətirdi ki, orta məktəbi bitirdiyim il Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna Bakıda da qəbul imtahanları keçirildi. Mən imtahanları uğurla verib çoxdan arzusunda olduğum ali məktəbə daxil oldum. Valideynlərim yenə etiraz etsələr də, qarşıma sədd çəkmədilər. Anam Həbibə Bəhri ixtisasca rəssamdır, uzun illər “Azərbaycan qadını” jurnalında bədii redaktor olub. Atam Fuad Abbaszadə isə ixtisasca filoloq idi, eyni zamanda, turizm sahəsində işləyirdi, müasir dünyagörüşlü insan olduğundan öz istəyini mənə zorla qəbul etdirmədi. Bircə onu dedi: “Əgər hiss etsən ki, bu sahədə özünü doğrulda bilməyəcəksən, dərhal geri qayıt”. Yeri gəlmişkən, onu da deyim ki, sonralar atam mənim təkidimlə “Yaşlılar” filminə, dörd klipə çəkildi. Eyyub Yaqubovun oxuduğu “Yağış yağır” mahnısına Elxan Cəfərovun çəkdiyi klipdə çətir altında gedən yaşlı cütlük mənim valideynlərimdir (təəssüf ki, atam bu yay dünyasını dəyişdi...).

   Ali təhsili uğurla başa vurdum. Hərdən atamın tövsiyəsini xatırlayıb seçimim barədə tərəddüd etsəm də, gözəl insanlar olan yaxşı müəllimlərin əhatəsində idim. Elə Batalovun anabir qardaşı - baş müəllimimiz Boris Ardov bir dəfə belə yanlış addım atmağımın qarşısını aldı. İnstitutdan xaric olunmaq üçün yazdığım ərizəni cırıb atmasaydı, kim bilir sonrakı aqibətim necə olacaqdı. Ümumiyyətlə, bu qardaşların hər ikisi gözəl qabiliyyətləri, istedadları ilə bərabər, həm də sözün əsl mənasında yüksək səviyyəli insanlardır. İnandıqları gənc tələbələrə həmişə qayğı ilə, həssaslıqla yanaşır, onları itirmək istəmirlər.

   - Bəs ali təhsildən sonrakı fəaliyyətiniz barədə nə danışardınız?

    - 1992-ci ildə Azərbaycanda keçirilən gözəllik yarışmasında qalib gəlib Türkiyəyə dəvət aldım. Sonra Şimali Kiprdə 60-a yaxın ölkənin iştirakıyla keçirilən “Miss dünya” yarışmasında özümü sınayıb “Zəriflik gözəli” nominasiyasını qazandım. İşləmək üçün çox ölkələrdən dəvətlər gəlsə də, qardaş Türkiyəni seçdim və burada məşhur “Başak Gürsoy” və digər məşhur agentliklərdə 6 ilə yaxın fotomodel kimi çalışdım. İstanbulda olduğum müddət ərzində iki seriala çəkildim, Müammər Karaca Teatrında alman rejissor tərəfindən səhnəyə qoyulan “Gənc qız və dəniz” monotamaşada səhnəyə çıxdım.

   Vətənə döndükdən sonra isə S.Vurğun adına Dövlət Rus Dram və “İbrus” teatrlarında işləməyə başladım. On beşə yaxın tamaşada əsasən baş rollarda çıxış etmişəm. Onu da deyim ki, son zamanlar teatrımıza kənardan rejissorlar dəvət olunur. Bu, çox yaxşıdır, teatra canlanma, yeni nəfəs gətirir, aktyorların stimulu artır.

   - Tamaşaçılar sarıdan gileyli deyilsiniz ki?

   - Teatr mədəniyyət məbədidir, bura gələnlər sonda mənən zənginləşməlidirlər. Əksər tamaşaçılar nədənsə ciddi əsərlərə çox da üstünlük vermirlər. Əsasən yüngül tamaşalarrəğbətləqarşılanır. Çox vaxt bizim teatrların tamaşalarının xaricdən qastrola gətirilən səhnə əsərlərinin səviyyəsindən üstün olduğunu görürük. Amma nədənsə tamaşaçı burada professionallıq axtarmır, xarakter obrazlar onu cəlb etmir. Buna təəssüflənməyə bilmirəm.

   - Bu yaxınlardaKabusun gözü iləfilmində baş rolda çəkilmisiniz...

   - Bəli, bu mənim kinoda debütümdür. Kinoya çəkilmək çoxdankı arzum olsa da, heç cür alınmırdı. Gah mənə verilən rolu bəyənmirdim, gah da xoşuma gələn rollar qismətim olmurdu. Xarakterik, təzadlı rolları ifa etməyi çox sevirəm. Oynadığım əsərlərin hamısında məna axtarmışam. Kino mənim gecikən məhəbbətimdir, nəhayət o, cavabını tapdı. Güman edirəm ki, bu mənim ekranda sonuncu filmim olmayacaq.

    - Şəxsi həyatınızdan heç danışmadınız.

   - Ailədə iki oğlumuz - Mikayıl Cavanşir böyüyür, ikisini çox sevirik, tərbiyələri ilə ciddi məşğul oluruq. Həyat yoldaşım Fuad heç vaxt yaradıcılıq işlərimdə mənə mane olmur. Əksinə, həmişə dəstək verməyə çalışır. Premyeralarım olanda dostlarımız deyir ki, onun da mənim qədər həyəcan keçirdiyi üzündən görünür. Mənə kömək, mənəvi dayaq olduqlarına görə Fuada, anam Həbibə xanıma hədsiz minnətdaram.

    - Daha hansı rolları ifa etmək istərdiniz?

    - Fransanın Milli Qəhrəmanı Janna Darkın obrazını yaratdığım kimi istərdim ki, Azərbaycanın qadın milli qəhrəmanlarının - Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər döyüşçü qızlarımızın da obrazlarını səhnədə, ekranda canlandırım.

   - Sizi qarşıdan gələn doğum gününüz münasibətilə təbrik edib, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

   - Mən sizə minnətdaram.

  

 

   İradə Əsədova

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 12.