I Beynəlxalq Aşıq Festivalı ruhumuzu oxşadı

 

  Oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Aşıq Festivalı başlandı. Səkkiz ölkənin (Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Rusiya Federasiyası (Dağıstan Respublikası), Qazaxıstan, Özbəkistan, Qırğızıstan) təmsil olunduğu I Beynəlxalq Aşıq Festivalının rəsmi açılış mərasimi Heydər Əliyev Sarayında gerçəkləşdi.

  

   Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq festivala təşrif buyurmuş saz-söz ustalarını, bütün iştirakçıları salamladı. Aşıq sənətinin Azərbaycan mədəniyyətinin ən qədim köklərə malik qollarından biri olduğunu vurğulayan nazir ümidvar olduğunu bildirdi ki, I Beynəlxalq Aşıq Festivalı Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasına mühüm töhfə verəcək.

   Nazir Azərbaycan aşıq sənətinin zəngin inkişaf yolu keçdiyini, bu sənətin dünya mədəni irsi xəzinəsinə daxil olduğunu bildirdi: “Heydər Əliyev Fondunun təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilib, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutub. I Beynəlxalq Aşıq Festivalının keçirilməsi də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə gerçəkləşir. Aşıq sənəti nə qədər sadə, xəlqi olsa da, özündə olduqca zəngin və mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. Aşıq sadəcə ifaçı deyil, o, həm də bəstəkardır, havalar qoşur, o həm də şairdir, kamil poeziya nümunələri yaradır. Aşıq eyni zamanda salnaməçidir, şahidi olduğu həyat hadisələrini eldən elə daşıyır. Nağıl, dastan, atalar sözü, bayatılarımızın yaşadılmasında və yayılmasında aşıqların xidməti əvəzsizdir. Təsadüfi deyil ki, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli bu sənəti çox yüksək qiymətləndirir, müasir musiqinin yüksəlişində başlıca mənbələrdən biri olaraq aşıq sənətini, saz musiqisini götürürdü”.

   Nazir ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənətinin ustad el şairləri yetirdiyini nəzərə çatdırdı: “Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Hüseyn Şəmkirlinin, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar gözəl sənət nümunələridir. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərib”.

   Nazir çıxışında bir məqamı xüsusi vurğuladı ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə görə Azərbaycan mədəniyyəti dövlət tərəfindən ən yüksək səviyyədə dəstəklənir: “Bu nəcib ənənə möhtərəm prezident İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl nümunəsini göstərir. Aşıq sənətinə də həmişə dövlət qayğısı olub, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülüb. Bundan sonra da biz Azərbaycan aşıq sənətinin daha uca zirvələrə yüksəlməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu misilsiz xalq sənətinin yeni şəraitdə dirçəldilməsi, inkişaf etdirilməsi və unikal milli sərvət olaraq dünyada tanıdılması üçün görülən işlərdən biri də I Beynəlxalq Aşıq Festivalıdır”.

   Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub türk dünyasının, Şərqin şəksiz və şəriksiz müqəddəs alətindən - dünyanın 72 dilində tərcüməsiz danışan, dilimizi, ruhumuzu, təfəkkürümüzü zaman-zaman diri və duru saxlayan sazımızın işığına uzaqdan-yaxından gələn qonaqları özünəməxsus tərzdə salamladı: “Əgər bu gün ozan-aşıq sənəti ilə bağlı dövlətimizin qayğısı, diqqəti ilə, millətimizin sevgisi və məhəbbəti üst-üstə düşürsə və ozan aşıq sənəti UNESCO-nun baş kitabında qeyd olunursa, Avropa salonlarını Azərbaycan sazı ayağa qaldırırsa, belə bir müqəddəs alətin varlığı ilə bağlı bu cür tədbirlərə qanad vermək, qol vermək, genişləndirmək dünya ilə bir eləmək lazımdır. Xalqımızın bu ölməz sənətinin dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırıb. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu festival bütün türk dünyasını əhatə edir”.

  

   * * *

 

   Daha sonra Azərbaycan aşıq sənətini özündə əks etdirən videomaterial nümayiş etdirildi və festivalda iştirak edən ölkələrin təmsilçiləri səhnəyə dəvət olundular.

   Festivalın ilk iştirakçısı isə Türkiyədən gələn qonaqlar oldu. Yakup Temel, Bayram Düşünür, Ali Riza Ezgi, Murat Tanrıverdi, Mahmud Karadaş, Mürsəl Sinan, Aytən Çinar, İlkin Manya, Maksut Qoca, Timur Yılmazın ifasında səslənən olduqca ruhlu qədim türkü alqışlarla qarşılandı.

   İrandan təşrif buyurmuş sənətkarlar Köçərli Şahbazi, Əbülfəz Quluzadə, Yusif Hüseynzadə, Yadulla Əvəzpur , Əbutaleb Əslaniye , İmamverdi Qolməhəmmedqayabaş, Qudretullah Xedri, Ayaz Şoçayi, Ehtiram Gözəli, Fəraramərz Gözəli, Biyouk Akbarpourzaudabadi, Məhəmməd Nabati, Fərrux Mehdipur, Məhbub Xəlili yüksək sənətkarlıq nümayiş etdirərək festivalın ən yaddaqalan çıxışlarından birinə nail oldular. Qırğızıstandan gəlmiş Əli Tutkuçev, Əzəmət Balgonbayev türk dünyasının geniş çöllərinin, qədim ellərinin musiqisini səsləndirdilər.

    Gürcüstandan ulu sazın səsinə səs verən Mamed Məmmədov, Aslan Kosalı (Mirzəyev), Məhəmməd Sadaxlı, Ziyəddin Keşəli (Əliyev), Osman Əhmədoğlu ifaları ilə alqışlandılar. Qazaxstanlı qonaqlar Altay Amanzol, Mels Qasımbayev türkün ruhunu yaşadan gözəl sənət nümunələri səsləndirdilər.

   Dağıstandan Rübabə Qurbanovanın, Əlimurad Əlimuradovun, Aydın Məhəmmədovun, Rasim İbrahimovun, Səid Əskərxanovun çıxışları da yaddaqalan oldu. Özbəkistandan gələn Tanelbay Qaliyevin çıxışı alqışlandı.

   Gecədə yaxın uzaq ellərdən gəlmiş qonaqlarla yanaşı, Azərbaycan aşıq sənətinin yaşadılmasında və inkişafında öz ənənəsi ilə seçilən və sevilən Gədəbəy, Göyçə, Şirvan, Qazax, Tovuz, Naxçıvan bölgələrinin aşıqları, Borçalı mahalının saz-söz sənətkarları, Kəlbəcər aşıqları, Aşıq Pəri Məclisinin xanımlarının çıxışları rəngarəngliyi, yüksək sənətkarlığı ilə yadda qaldı.

   Gecənin ən yaddaqalan çıxışlarından biri isə Azərbaycan aşıq sənətinin gənc və istedadlı nümayəndələrinin saz havalarının sultanı sayılan “Ruhani” havasının yeni formada təqdimatı oldu.

   Qəlbə ruh verən aşıq musiqisi bütün gözəlliyi və təkrarsızlığı ilə festivalın açılış mərasimində nümayiş olundu. Min illər yol gələn aşıq sənətinin ölməz və əbədiyaşar bir sənət olduğunu gecənin son ifaçıları bir daha təsdiqlədilər. Aşıq Nemət Qasımov bu dəfə səhnəyə öz yetirmələri - aşıq sənətinin sirlərini öyrənən tələbələri ilə çıxdı.

   Mərasim tədbirdə iştirak edən bütün aşıqların birgə ifa etdiyi “Müxəmməs” havası ilə başa çatdı.

   

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 8.