Bakı - cazın paytaxtı
“Euronews” telekanalı Bakı caz festivalı
haqqında reportaj yayımlayıb
Avropanın nüfuzlu “Euronews” kanalı oktyabrın 23-də
Bakıda keçirilən
II Beynəlxalq caz festivalı haqqında “Bakı - cazın paytaxtı” adlı geniş reportaj təqdim edib.
Reportajda Azərbaycanda cazın
tarixi, inkişafı,
müasir caz ustaları, ölkəmizdə
artıq ənənəvi
olaraq keçirilən
caz festivalları barədə ətraflı
məlumat verilib.
Qeyd olunub ki, II Beynəlxalq
caz festivalı Azərbaycan paytaxtının
bütün çalarlarını
özündə əks
etdirir.
Bildirilib ki, Bakı cazı XX əsrin 50-ci illərindən öz inkişaf dövrünə
qədəm qoyub.
Məhz bu dövrdə sonradan bütün dünyada tanınacaq Müslüm Maqomayev, Polad Bülbüloğlu, Vaqif Mustafazadə öz repertuarlarında digər musiqi janrları kimi caza da böyük
yer verməyə başlayıblar. Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva deyib ki, Bakıda caz musiqisini çox sevirlər: “Keçmiş sövet dövründə bütün
musiqiçilər Bakıya
gəlməyə can atırdılar,
çünki bura caz şəhəri idi. XXI əsrin
əvvəllərindən təşkil
etməyə başladığımız
festivalların əsas
məqsədi Bakını
regionda və dünyada cazın paytaxtına çevirməkdir”.
Reportajda müasir Azərbaycan
caz məktəbinin ən parlaq nümayəndələrinin müsahibələrinə
yer verilib. Saksofon ifaçısı
Rain Sultanov bildirib ki, caz azad
musiqidir: “Musiqiçilər
üçün Şərq
və ya Qərb musiqisini ifa etmələrinin fərqi yoxdur. Biz sadəcə musiqi
ifa edirik”.
Pianoçu İsfar Sarabski isə əsas məqsədinin Azərbaycan
musiqisini bütün dünyada məşhurlaşdırmaq
olduğunu vurğulayıb:
“Arzu edirəm ki, Azərbaycanda caz məktəbi yaradılsın və gənc caz musiqiçiləri
burada cazı öyrənə bilsinlər.
İstəyirəm ki, Azərbaycan
cazı bütün dünyada məşhur olsun”.
Azərbaycanın
ev sahibliyi
ilə keçirilən
festivalın dünyanın
tanınmış musiqiçilərinin
böyük marağına
səbəb olduğu
reportajda vurğulanıb,
bu musiqi bayramında məşhur ifaçıların iştirak
etdiyi bildirilib.
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 5.