Azərbaycanlı
vokalçılar Müslüm Maqomayev adına müsabiqədə qalib gəliblər
Cavid Səmədov beynəlxalq musiqi
yarışmasında 1-ci, Samir Cəfərov isə 2-ci yeri
tutub
Oktyabrın
23-24-də Moskvada “Krokus Siti Holl”un Müslüm Maqomayev
adına konsert zalında vokalçıların Müslüm
Maqomayev adına I Beynəlxalq müsabiqəsi keçirilib.
Müsabiqəni dahi Azərbaycan müğənnisinin ailəvi
dostu, “KROKUS” QSC-nin prezidenti Araz Ağalarovun təsis etdiyi
Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondu təşkil
edib.
Fondun prezidenti və müsabiqənin
münsiflər heyətinin sədri SSRİ-nin və Azərbaycanın
Xalq artisti Tamara Sinyavskayadır. Münsiflər heyətinin tərkibinə
SSRİ xalq artistləri - müğənni Yelena Obraztsova,
dirijor Yuri Başmet, bəstəkar Aleksey Rıbnikov,
SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Rusiyanın və Gürcüstanın Xalq artisti Tamara
Qverdtsiteli, bəstəkar Mişel Leqran daxil idilər.
Mötəbər münsiflər
heyətinin qərarı ilə müsabiqənin qalibi Azərbaycanın
gənc və istedadlı ifaçısı Cavid Səmədov
(bariton) olub. O, birinci yeri Belarus nümayəndəsi İlya
Silçukov (bariton) ilə bölüşüb.
İkinci yeri tanınmış azərbaycanlı
tenor, Əməkdar artist Samir Cəfərov tutub.
Üçüncü yerə 19
yaşlı rusiyalı Dmitri Trifonov (bariton) və Belarus
müğənnisi Oksana Volkova (metso-soprano) layiq
görülüblər.
Laureatların mükafatlandırma
mərasimi başa çatdıqdan sonra Tamara Sinyavskaya tədbirin
dahi müğənninin xatirə günü (25 oktyabr - red.) ərəfəsində
keçirilməsinə görə müsabiqənin təşkilatçısı
və Müslüm Maqomayevin dostu Araz Ağalarova təşəkkür
edib.
Araz Ağalarov beynəlxalq
münsiflər heyətinin üzvlərinə minnətdarlığını
bildirərək deyib: “Müslüm Maqomayev adına I Beynəlxalq
müsabiqədə iştirak etmək cəsarəti və məsuliyyəti
olan bütün iştirakçılara təşəkkür
etmək istəyirəm. Düşünürəm ki,
Müslüm Maqomayev adına müsabiqə həmişə
keçiriləcək”.
Qeyd edək ki, Avropa, Yaxın Şərq
və keçmiş SSRİ-dən 100-dən çox
vokalçı bu müsabiqədə iştirak etmək
arzusunu bildirmişdi. Seçici komissiya audio-video yazılar əsasında
Rusiya, Azərbaycan, Gürcüstan, Belarus və Moldovadan 14
iştirakçını müsabiqəyə buraxıb.
Müsabiqə iki turdan ibarət olub. Birinci mərhələdə
klassik və estrada janrında ifalar dinlənilib. İkinci mərhələ
tamamilə Müslüm Maqomayevin
yaradıcılığına həsr olunub. Hər bir
ifaçı Müslüm Maqomayevin repertuarından əvvəlcə
klassik, sonra isə estrada nümunəsi ifa edib.
Mükafatlandırma mərasimindən sonra gənc və
istedadlı müğənni Emin Ağalarov dahi Müslüm
Maqomayevə həsr olunmuş lirik mahnı ifa edib.
Vokalçıların müsabiqəsi beynəlxalq münsiflər
heyəti üzvlərinin möhtəşəm konserti ilə
başa çatıb.
Azərbaycan nümayəndələri
ölkəmizi, həqiqətən, yüksək səviyyədə
təmsil ediblər. Onların çıxışları
Moskva tamaşaçıları tərəfindən rəğbətlə,
sürəkli alqışlarla qarşılanıb.
Müsabiqənin qalibi Cavid Səmədov
jurnalistlərə açıqlamasında bildirib ki, bu, təkcə
onun və Samir Cəfərovun deyil, bütün Azərbaycanın
qələbəsidir: “Fəxr edirik ki, Azərbaycanı belə
yüksək səviyyədə təmsil etmişik”.
Qeyd edək ki, Cavid Səmədov
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının və Beynəlxalq Opera Akademiyasının
(İtaliya) məzunudur. O, Moskvadakı Qalina Vişnevskaya Opera
İfaçılığı Mərkəzində təcrübə
keçib. Beynəlxalq müsabiqələr laureatı Cavid Səmədov
hazırda Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyada Renata
Tebaldi və Mario Del Monako adına Beynəlxalq Opera Sənəti
Akademiyasında təhsil alır.
Azərbaycanın Əməkdar
artisti Samir Cəfərov Bakı Musiqi Akademiyasının,
Moskvadakı Qalina Vişnevskaya Opera
İfaçılığı Mərkəzinin məzunudur.
Vokalçıların beynəlxalq müsabiqələrinin
laureatı olan Samir Cəfərov hazırda Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 5.