Kitabxanalar və kitabxanaçılar üçün müsabiqə

 

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi keçiriləcək. “İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi haqqında əsasnamələr Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunub. 

 

  “İlin kitabxanası” baxış-müsabiqəsinin keçirilməsində məqsəd şəhərin, rayonun, kəndin həyatında kitabxanaların rolunun artırılması, Azərbaycanın kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi, kitabxanaçı peşəsinə və bütövlükdə kitabxanaların fəaliyyətinə ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətinin cəlb edilməsidir. Baxış-müsabiqədə şəhər (rayon) mərkəzi kitabxanası, uşaq kitabxanası, kənd kitabxana filialı nominasiyaları mövcuddur.

   “İlin kitabxanaçısı” respublika müsabiqəsi ictimai şüurda kitabxanaların mədəniyyət və təhsil sisteminin ayrılmaz tərkib hissəsi olması haqqında təsəvvür formalaşdırılması, kitabxana işçilərinin öz imkanlarını reallaşdırması, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün şərait yaradılması, habelə kitabxanaçı peşəsinin nüfuzunun artması məqsədi ilə keçirilir. Müsabiqələrin qalibləri nazirliyin fəxri fərmanı, pul mükafatları ilə təltif ediləcək, habelə kitabxana-informasiya sahəsində keçirilən beynəlxalq “Krım” və “Anapa” konfranslarında iştirak etmək imkanı əldə edəcəklər.

   Qeyd edək ki, kitabxanalar və kitabxanaçılar üçün ilk müsabiqə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə keçirilir.

 

 

   Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 4.