Azərbaycanda
Özbəkistan kinosu günləri
Son illər Azərbaycanın türkdilli ölkələrlə
mədəniyyət sahəsində əməkdaşlığı
genişlənməkdədir. Bu sahədə
yaxın tərəfdaşlarımızdan biri
də Özbəkistandır. Bu
yaxınlarda Özbəkistanda Azərbaycanın Mədəniyyət
Mərkəzinin fəaliyyətə başlaması iki ölkə arasında sıx münasibətlərin
göstəricisidir. Xatırladaq ki, bir neçə ay öncə
Özbəkistanda Azərbaycan kinosu
günləri keçirilmişdi. Kinematoqrafiya
sahəsində əlaqələrin davamı olaraq
oktyabrın 25-dən Azərbaycanda Özbəkistan kinosu günləri başlandı. Bu münasibətlə “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini, Özbəkistanın Əməkdar
mədəniyyət xadimi Cahangir
Kasımovun rəhbərlik etdiyi nümayəndə
heyəti ölkəmizə səfərə gəlib.
Mədəniyyət və turizm naziri nümayəndə
heyətini qəbul etdi
Oktyabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistanın nümayəndə heyətini qəbul etdi. Nümayəndə heyətinə Özbəkistanın Xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın Əməkdar incəsənt xadimi, kinorejissor Kamara Kamalova, gənc rejissor və aktyor Mansur Abduxalikov daxil idi. Nazir görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə etdi: «Biz sevinirik ki, uzun fasilədən sonra respublikalarımız arasında yenidən mədəni əməkdaşlıq yaranıb».
Ə.Qarayev Azərbaycanın mədəniyyət ocaqlarında gedən təmir-bərpa işləri barədə qonaqlara məlumat verərək bildirdi ki, «Nizami» kinoteatrında aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra həmin məkanda çoxsaylı beynəlxalq kino festivalları keçiriləcək. Nazir son dövrlər Azərbaycanda çəkilən filmlərdən də bəhs etdi, bu filmlərin müxtəlif beynəlxalq festival və müsabiqələrdə iştirak etdiyini bildirdi.
Qeyd etdi ki, prezident İlham Əliyev milli kinematoqrafın maddi-texniki bazasının inkişaf etdirilməsi, ixtisaslı kadrların hazırlanması, festivalların keçirilməsi ilə bağlı xüsusi Proqram təsdiq edib. Azərbaycanda kinoprokat sahəsində çatışmazlıqların olduğunu da qeyd edən nazir bu problemlərin aradan qaldırılması yönündə lazımi işlərin aparıldığını bildirdi.
Özbəkistan nümayəndə heyətinin rəhbəri Cahangir Kasımov öz növbəsində Azərbaycanda yaxşı qarşılandıqlarını və özlərini doğma evdə hiss etdiklərini bildirdi. O, Özbəkistan kinosu günləri üçün maraqlı proqram tərtib edildiyini diqqətə çatdırdı. Qonaq həmçinin Azərbaycan kinematoqrafiyası ilə yaxından tanış olduğunu, «Arşın mal alan», «Qaynana» kimi filmləri çox bəyəndiyini də vurğuladı.
Görüşdə iki ölkənin kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsinin, müştərək filmlərin yaradılmasının vacibliyi vurğulandı.
Özbəkistan kinosu
günlərinin təntənəli
açılışı
Oktyabrın 25-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Özbəkistan kinosu günlərinin açılış mərasimi keçirildi. Əvvəlcə balaca rəqqaslar Özbəkistanın milli rəqslərini ifa etdilər. Sonra Özbəkistanda keçirilmiş Azərbaycan kinosu günlərindən bəhs edən videomaterial nümayiş etdirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqlarımız arasında dərin dostluq və qardaşlıq münasibətlərindən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından danışdı: «Dilimiz, dinimiz bir, adət-ənənələrimiz oxşardır. Ölkələrimiz arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Prezident İlham Əliyev bu yaxınlarda qardaş ölkəyə səfəri zamanı faydalı görüşlər keçirdi. Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi açıldı. Bu gün isə Azərbaycanda Özbəkistan kinosu günlərinin keçirilməsi ölkələrimiz arasında səmimi dostluğun parlaq nümunəsidir».
Özbəkistanın ölkəmizdəki səfiri İmatulla Erqaşev isə bildirdi ki, xalqlarımızın səmimi dostluğu digər xalqlar üçün nümunədir: «Ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələr gündən-günə genişlənməkdədir. Azərbaycan teatr sənəti Özbəkistan teatrının formalaşmasında əhəmiyyətli rol oynayıb. Azərbaycanda Özbəkistan Kinosu Günlərinin keçirilməsi əlamətdar hadisədir. Belə tədbirlərin tez-tez keçirilməsi və iki ölkə arasında əlaqələrin genişlənməsi vacibdir».
Nümayəndə heyətinin rəhbəri, «Özbəkkino» Milli Agentliyi baş direktorunun müavini Cahangir Kasımov kino günləri çərçivəsində nümayiş ediləcək filmlər haqqında məlumat verdi. O ümidvar olduğunu bildirdi ki, bu filmlər nəinki azərbaycanlı tamaşaçılar tərəfindən bəyəniləcək, hətta Bakıda keçirilən bu tədbir uzun illər yaddaşlardan silinməyəcək.
Çıxışlardan sonra tədbir iştirakçılarına Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalovanın «Səma altında yol» bədii filmi nümayiş etdirildi.
Qeyd edək ki, Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində oktyabrın 26-da ”Azərbaycan” kinoteatrında “Ötən günlər” bədii filmi və “Şərq dürdanəsi” sənədli filmi nümayiş olundu. Həmin gün Bakının 236 nömrəli məktəbində Özbəkistan çizgi filmlərinin nümayişi keçirildi. Oktyabrın 27-də isə ”Azərbaycan” kinoteatrında “18-ci kvadrat” bədii filmi və “Registan. Səmərqənd gövhəri” sənədli filmi təqdim olunacaq.
Özbəkistanlı qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayına, Müasir İncəsənət Muzeyinə baş çəkib, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət ediblər.
Oktyabrın 27-də Özbəkistan nümayəndə heyətinin İsmayıllı şəhərinə səfəri planlaşdırılır. Səfərin sonuncu günü, oktyabrın 28-də “Qala” tarix - etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı yekun mətbuat konfransı keçiriləcək.
Mehparə
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 3.