Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri

 

  Noyabrın 1-dək davam edəcək tədbirdə Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək

  

   Oktyabrın 26-da Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb.

   Bu münasibətlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti Mərakeşə səfərə gedib. Heyətə ölkəmizin incəsənət ustalarının böyük qrupu daxildir. Noyabrın 1-dək davam edəcək Mədəniyyət Günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və foto-sərgi təşkil ediləcək.

   Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən – xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edəcək.

   Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkili iki ölkənin hökumətləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 3 mart 2008-ci il tarixli sazişə əsasən keçirilir. Mədəniyyət Günləri Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsinə və Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə əlavə zəmin olacaq.

 

 

  Mədəniyyət.- 2010.- 27 oktyabr.- S. 2.