“The
Times” qəzetində Azərbaycan
barədə hesabat dərc edilib
Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinin
21 oktyabr tarixli sayında Azərbaycan haqqında xüsusi
hesabat dərc edilib. Ölkəmizin Birləşmiş
Krallıqdakı səfirliyindən bildiriblər ki, Upper Reach
media agentliyinin qəzetin sifarişi əsasında
hazırladığı hesabat Azərbaycanın beynəlxalq əlaqələri,
iqtisadiyyatı, mədəniyyəti, turizm sahəsinin
inkişafına həsr edilmiş ayrı-ayrı materiallardan
ibarətdir.
Materiallarda Azərbaycan və
Böyük Britaniya arasında iqtisadi əlaqələrin
dinamik inkişaf etdiyi, xarici sərmayədarlar
üçün yaradılmış münbit şərait
sayəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin,
o cümlədən 100-dən artıq Britaniya şirkətinin
fəaliyyət göstərdiyi vurğulanır. Qlobal iqtisadi
böhranın təsirlərinə baxmayaraq, Azərbaycanın
ümumi daxili məhsulun artım tempinə görə
dünyada ilk yerlərdən birini tutduğu, biznes mühitinin
yaxşılaşdırılması sahəsində
görülən tədbirlər nəticəsində
2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət
Hesabatında 18 pillə irəlilədiyi qeyd edilir.
Hesabatda, həmçinin ölkə
iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına
baxmayaraq, əsas prioritetin qeyri-neft sektorunun inkişafı elan
edildiyi, turizm, kənd təsərrüfatı, informasiya
texnologiyaları, maliyyə-bank sektorlarının geniş
potensiala malik olduğu diqqətə
çatdırılır. İqtisadiyyatın şaxələndirilməsinin
davam etdirilməsinə yardım məqsədi ilə təsis
edilmiş Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
kimi qurumların fəaliyyətinə toxunulur.
Hesabatda Azərbaycanın geniş
turizm potensialına malik olmasından, son zamanlar artan turist
axınından və turizmin inkişafı istiqamətində
həyata keçirilən tədbirlərdən, mədəniyyətlərarası
dialoqun genişləndirilməsi istiqamətində “Bakı
prosesi”ndən bəhs olunur, müxtəlif sivilizasiyaların
qovuşduğu məkanda yerləşən Azərbaycanın
bu dialoq prosesində özünəməxsus rol
oynadığı bildirilir.
“The Times” Azərbaycan
iqtisadiyyatının tikinti, telekommunikasiya, hotelçilik kimi
sahələrində fəaliyyət göstərən
tanınmış yerli şirkətlər haqqında da
söz açır.
Mədəniyyət.-
2010.- 27 oktyabr.- S. 9.