TÜRKSOY
inkişaf yolunda
Məşhur
şair, filosof Nikolay Qumilyov ağır təqib və təzyiqlərə,
DTK-nın zindanında işgəncələrə məruz
qalsa da və sonda ölüm cəzasına məhkum edilsə
də, həqiqətin gözünün içinə şax
baxdı. “Mən hunam, türk mənşəliyəm”
dedi, “kökümü, soyumu dana bilmərəm”
söylədi. Bu etirafdan qorxan
“qırmızı imperiya” Nikolayı
bağışlamadı. 1937-ci ildə
sakitcə güllələdi. Həyat yoldaşı, məşhur
şairə Anna Axmatova (Əhmədova, daha bir türksoylu) ev dustağına çevrildi, uzun müddət
əsərlərinin çapına qadağa qoyuldu. Yeganə
övladları Lev Qumilyov ata-ana yolunun davamçısına
çevrildi: şərqşünas alim kimi tanındı,
türkologiyaya, qədim türklərin tarixinə, mənşəyinə,
dilinə dair kitablar yazdı, yüzlərlə məqalə
çap etdirdi. SSRİ hökumətindən
mükafatı isə əzablı-əziyyətli həbsxana
həyatı oldu.
Onlar milli əqidə
yolunda, məslək uğrunda mücadilə apardılar, həyatlarını
itirdilər, lakin yaratdıqları qaldı. Bu şəxsiyyətləri
ölümə sürükləyən sovet
imperiyasının da ömrü uzun sürmədi, 70 il çəkdi. Qumilyovlar, Axmatovalar
isə həmişəlik tarixdə qaldılar, əbədi
yaşamaq hüququ qazandılar. 1991-ci ildə sovet
imperiyasının dağıntıları altından yeni
müstəqil türk cümhuriyyətləri istiqlaliyyətə
qovuşdu: Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkmənistan.
XX
yüzilliyin 30-cu illərində doğma vətənindən
qovulan və məhz Türkiyənin qucaq
açdığı didərgin ruhlu şairimiz Almas İldırım “Qara dastan”ında
yazırdı:
... Qazan, Başqurd batmış,
Kırım sürülmüş
Mənim çəvik gözlü
yarım sürülmüş,
Qonum-qonşum, bütün
varım sürülmüş
Bulunurmu Sibiryada iman, hey!
Qoca türkün
düşdüyü gün yaman, hey!
Türk elləri bir-birinə
yadlanır,
Qazax, qırğız, türkmən,
özbək adlanır
Azəri türk yanır, içdən
odlanır,
Ana yurdum içdən halı duman
hey!
Qoca türkün
düşdüyü gün yaman, hey!
Mustafa Kamal
Atatürkün möhtəşəm özül üstə
qurduğu Türkiyə Cümhuriyyətindən sonra indi digər
türk xalqları da özünə qayıtmağa
başlayıblar. Rusiyanın tərkibində
müstəqil Tatarıstan və Başqırdıstan
respublikaları yaranıb. Pərən-pərən
düşmüş udmurtlar, qaqauzlar, qaraqalpaqlar, altaylar,
nanaylar, yakutlar və digər onlarla türk əsilli,
türksoylu Sibir xalqları münbit zəmində baş
qaldırıblar, azadlıq uğrunda
çarpışırlar. Əski
türkün yenilməz ruhu onları türk bayrağı
altında birləşməyə çağırır.
TÜRKSOY-un Ankarada yerləşən
əzəmətli dördqatlı binasında təşkilatın
idarə, maliyyə və hüquqi dairə başqanı
Sancar Mülazimoğlunun kabinetində şirin-şirin dərdləşir,
əsrlərin çoxcildlik kitablarını vərəqləyir,
tarixə səyahət edir, türk xalqlarının ədəbi-mədəni
əlaqələrindən dəm vururuq. Sancar bəyin fikirləri
maraq doğurmaya bilməz: “Xalqlar da coşqun sular kimi, dəryalar,
dənizlər kimidir. Tarixin müxtəlif mərhələlərində
qabarmaları, çəkilmələri olur. Uzun susqunluq
və zahiri sükutdan sonra növbə mütləq
türkündü, bu şansdan istifadə etmək, onu
fövtə verməmək gərəkdir. Süquta uğrayan
xalq həmişəlik məhvə məhkumdur. XX əsrin
sonu, yeni yüzilliyin başlanğıcı türkün yeni
intibah, tərəqqi illəridir. İndi həm də demək
olar, bu çağlar TÜRKSOY-un, necə deyərlər,
“gümüş” dövrüdür, onun dirçəliş,
yaranma, təşəkkül tarixidir”.
Türkün qədim və
böyük mədəniyyəti Orxon-Yenisey, Qobustan, Anadolu
abidələrində, “Dədə Qorqud”, “Manas”, “Koroğlu”
dastanlarında, ölməz saz-söz sənətində,
Daşkənd, Səmərqənd, Buxara, Almatı, Dərbənd,
Şamaxı, Bakı, Gəncə, Şəki, Ərdəbil,
Təbriz, İstanbul, Tarsus, Ərzurum, Trabzon, Ankara, Kərkük
kimi əski şəhərlərin simasında yaşayır.
Sadəcə, bir ortaq təşkilat, kültür-sənət
birliyi çağdaş dövrümüzdə lazım idi
ki, gündoğandan günbatanacan səpələnən eyni
soylu, eyni köklü xalqı yeri gələndə bir araya gətirsin.
Və ötən əsrin sonlarında TÜRKSOY-un əsası
qoyuldu.
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin
Qafarlının söylədiklərindən:
- TÜRKSOY-un ərsəyə gəlməsi,
bir kültür təşkilatı kimi formalaşması
üç böyük şəxsiyyətin - ümummilli
lider Heydər Əliyevin, hörmətli Süleyman Dəmirəlin
və Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin adları ilə
bağlıdır. Sonra digər türkdilli müstəqil
dövlət başçıları təşəbbüsə
qoşuldular. Onu da deyim ki, TÜRKSOY-un ilk başqanı Polad
Bülbüloğlu təşkilatın formalaşmasında,
fəaliyyətində çox işlər görüb.
Qısa müddətdə Ankarada Fərit Rəcai Ərtoğrul
caddəsi, 8 ünvanında yaraşıqlı, müasir
üslublu gözəl bir bina inşa olundu. İndi bura hər
bir türk övladı üçün ocaqdır, pirdir,
camedir, müqəddəs məbəddir.
Məlumdur ki, dünyada mədəni
irsi qoruyan, mədəniyyətləri təbliğ edən
beynəlxalq təşkilat kimi UNESCO fəaliyyət göstərir.
Düzdür, onun xəritəsi daha genişdir və imkanları
daha böyükdür. Ancaq bəzən türk
dünyasının elə dahi sənətkarı, fədaisi
var ki, UNESCO-nun diqqətindən kənarda qalır. Bu mənada
TÜRKSOY-a ehtiyac var idi.
Məsələn, heç
uzağa getməyək: Əhməd Zəki Vəlidi
Toğanı götürək. Bu insan vətənindən dəfələrlə
dərbədər düşdü, başqırd dili, ədəbiyyatı,
mədəniyyəti uğrunda mübarizədə sovet məxfi
təşkilatları tərəfindən izlənildi,
haqqı tapdalandı, amma əqidəsindən dönmədi. Əhməd
Zəki böyük türk oğlu kimi həm
Başqırdıstanda, həm də Türkiyədə eyni məhəbbətlə
sevilir. TÜRKSOY 2010-u Əhməd Zəki ili elan etdi, bu
münasibətlə mütəfəkkir ziyalının 100
illik yubiley tədbirləri Ufada, Almatıda, İstanbulda,
Ankarada, Bakıda, Kazanda keçirildi. Hətta Tarsus şəhərinin
bələdiyyə başqanı Bürhanettin Kocamas təşəbbüs
qaldırdı, şəhərin mərkəzi küçələrinin
birində Əhməd Zəkinin anım lövhəsi vuruldu.
Bu tədbirlər türkün yaddaşını özünə
qaytarır.
TÜRKSOY-un müasir dəbli
binasının birinci qatındayam. Bura elə bil türk
dünyasının mədəniyyət xəritəsidir. Hər
tərəf tanınmış türk rəssamlarının,
fırça ustalarının tabloları ilə bəzədilib.
Burada dünyanın bütün rəngləri, rəng
çalarları birləşib: qırmızıya çalan
laləli düzənlik üfüqlərəcən
uzanır. Yamyaşıl dağlar, xınalı qayalıqlar,
gömgöy ormanlar, bənizi saralmış çəmənlikdən
görünüşü çəhrayı otlar,
burulğanlı dəli-dolu çaylar, şəffaf su
hövzələri, göllər dünyamızın
varlığının həyat əlamətləridir.
Otaqların da hamısı sanki bu böyük mənzərənin
kiçik modelləridir, hər yerdə sənət əsərləri,
ölməz tablolar asılıb.
Bir haşiyə çıxım,
nədənsə birdən-birə yadıma Baykal gölü
(Bəy gölü, Böyük göl), onun dörd tərəfindəki
təkrarsız, bənzərsiz mənzərələr
düşdü. Baykal - ulu Tanrının ən böyük rəsm
əsəri, ən iri canlı su abidəsidir. Əgər
bütün dünyada şirin su hövzələri qurusa, Bəy
gölü öz möcüzəli suyu ilə bəşəriyyəti
sərasər 9 il susuzluqdan saxlaya bilər. İndi türkə
bu göldən yalnız ad yadigar qalıb, dadı özgənindi,
yadındı...
Keşikçi sıra dağlar,
Yay-qış sırsıra
bağlar
Damızdırır buzunu Baykala,
Küknar, şam meşələri
Sürtür üzünü
Baykala.
Baykal da qədim türkün
şah əsəri idi. Və gölə hər tərəfdən
tökülən bütün çayların adları qədim
türk sözləri, azca təhrif olunmuş əski türk
toponimləridir. Baykala tökülən ən iri, gur sulu
çay Kutulik adlanır. Həmin söz əski İtilin
(İdil), müasir Volqanın təhrif olunmuş
variantıdır. Qədim türk dilində “Böyük su”
anlamını verir. Nə yaxşı, yaddaşdan silinməyib.
Müasir türk yaddaşının möhkəmliyi naminə
vaxtında bütün yaratdıqlarına yiyə
çıxmalıdır. Yoxsa kimin əlinə nə
keçdi, saxta tarix yaradıb, özününküləşdirir.
İstər torpaq olsun, istər göl olsun, istərsə də
çay...
* * *
Hər rübdə bir dəfə
nəşr olunmaqla ildə dörd sayı işıq
üzü görən “TÜRKSOY” dərgisinin müxtəlif
nömrələri qarşımdadır. Türk
xalqlarının mədəni inteqrasiyasında, bu mədəniyyətlərin
bir-birinə nüfuz etməsində jurnalın xidmətləri
misilsizdir. Əvvəla, jurnalda materiallar əsasən
Osmanlı türkcəsində dərc olunsa da, bir qisminin rus
dilində tərcüməsi də verilir. Bu
başadüşüləndir. Axı Rusiyada yaşayan
tatarlar, başqırdlar, udmurtlar və digər azsaylı
xalqlar Türkiyə türkcəsini mənimsəməkdə
hələ çətinlik çəkirlər. İkinci tərəfdən,
başqa türkdilli dövlətlərin dillərində də
orijinal məqalələr, reportajlar, resenziyalar, oçerklər,
xəbərlər dərgidə yer alır. TÜRKSOY-un Quzey
Kıbrıs təmsilçisi Gülər Fədainin sözləri
ilə desək, “Dərgi bu gün hər bir türkün ana
kitabıdır”.
TÜRKSOY-da müxtəlif
ziyalı şəxslərlə söhbətlərimdən
belə nəticəyə gəldim ki, dərginin maliyyə
problemi var və aylıq müntəzəm surətdə
çıxmamasının səbəbi elə bununla
bağlıdır. Bəlkə də bu, əhəmiyyətini
kifayət qədər başa düşmədiyimiz bir məsələyə
biganəliyimizdən irəli gəlir. Yoxsa buna para tapmağa
nə var ki? Dərgi - yazılı tarixdir. Bu tarixə ortaq
olmaq üçün hamı çiynini yükün
altına verməyi bacarmalıdır.
“TÜRKSOY” jurnalı bizi bir-birimizə
daha yaxşı tanıdan qırılmaz tellərlə
bağlayan elə bir mənbədir ki, yüzümüz,
minimiz o işin qulpundan yapışsaq öhdəsindən gələ
bilmərik. Jurnalın müxtəlif saylarını vərəqlədim:
başqırd mətbəxi barədə, tatar rəqsləri
haqqında məlumat aldım, qaqauz, qırğız, özbək,
türkmən poeziyasından nümunələr oxudum. Eyni
zamanda Məhəmməd Füzulinin, Əlişir Nəvainin,
Qaracaoğlanın, Dadaloğlunun
yaradıcılığından bəhs edən tədqiqat
xarakterli rəylərə, lisenziyalara rast gəldim. Belə dərginin
fəaliyyəti hər cəhətdən dəstəklənməlidir.
TÜRKSOY-un baş katibinin
(Düsen Kaseinov) yardımçısı Firat Purtaşın
sözləri yadıma düşdü: “Əgər, Dədə
Qorqud, “Manas”, “Koroğlu” hamımızındırsa, Mövlanə
Rumi, Yunis Əmrə, Nəsimi, Füzuli, Nəvai,
Qaracaoğlan, Məhdimqulu, Abay hər biri türkündürsə,
ortada milli düşüncə eyni yerdən qaynaqlanırsa, fərqi
yalnız düşmənlərimiz görə bilər.
Türk yeni əsrdə bu fürsəti heç kəsə
verməməlidir - bizim birliyimiz, inkişafımız, təşəkkülümüz,
sabahımız naminə”.
Əlbəttə, hər işdə,
hər sahədə, nöqsan tapmaq olar. TÜRKSOY da təşkilat
kimi hələ “gümüş” dövrünü
yaşayır. Qarşıda isə “qızıl illər”,
“qızıl” var!
Ağacəfər
Həsənli,
Ankara-Bakı
Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 15.