Cansız kuklalarla canlı ünsiyyət

 

   Səmimiyyət və şirinlik, səhnə cazibədarlığı və yapışıqlı məlahət hər aktyora nəsib olmur. Bu keyfiyyətlər bədii kamillik, ifadəli obrazlılıq üçün güclü zəmin yaradır və mənim fikrimcə, aktyorun uğurunun yarısını bəri başdan təmin edir. Ənənə göstərir ki, xüsusilə komediya aktyorlarında bu məziyyətlərin olması daha çox əhəmiyyət daşıyır. Azərbaycanda bu baxımdan Mirzəğa Əliyev, Əbülhəsən Anaplı, Mustafa Mərdanov, Möhsün Sənani, Nəsibə Zeynalova, Əliağa Ağayev, Münəvvər Kələntərli... kimi sənətkarlar zəngin yaradıcılıq irsi yaradıblar. Çağdaş dövrümüzdə bu sənətkar xoşbəxtliyi yaşlı nəsildən Səyavuş Aslana, orta nəslin yaş pillələrini aşan Yaşar Nuriyevə nəsib olub.

  

   Mən Yaşarı sırf komediya aktyoru saymıram və hələ təxminən 32 il əvvəl Anarın «Şəhərin yay günləri» pyesinin tamaşası (quruluşçu rejissor Tofiq Kazımov) barədə resenziya yazanda aktyorun Namiq rolunu sırf lirik-psixoloji səhnə surəti adlandırmışam. Sonralar Yaşar Nuriyev teatrda və televiziya tamaşalarında bu səpkidə xeyli rol ifa etdi. İfa etməklə də psixoloji aktyor kimi özünün potensial yaradıcılıq imkanlarının yeni məziyyətləri ilə tamaşaçıların və sənətşünasların diqqətini çəkdi, ehtiramını qazandı. Amma həqiqət bundan ibarətdir ki, Yaşar milyonların rəğbətinə ilk növbədə komediya aktyoru kimi nail olub və artıq ustad sənətkar kimi yeni təkamül prosesi keçir.

   Yaşar Nuriyev belə bir vaxtda milli teatr tariximizdə yeni sənət nailiyyəti qazanıb və bu estetikada ilkin olub. Dövlət Kukla Teatrında hazırlanan Üzeyir bəy Hacıbəylinin «O olmasın, bu olsun» («Məşədi İbad») tamaşasında kuklalarla canlı oynayıb. Özü də Məşədi İbad kimi mürəkkəb bir operetta personajında. Əvvəllər bu teatrda müəyyən tamaşalarda canlı aktyorlar kukla-obrazlarla çıxış ediblər. Lakin tamaşada əvvəldən axıra kimi canlı oynamaq cəsarətini özündə ilk dəfə Yaşar Nuriyev tapdı.

   Tamaşaçılar bilirlər ki, Yaşar Nuriyev Akademik Dövlət Milli Dram Teatrının aktyorudur. Kukla teatrının tamaşasında dəvətlə oynayıb və ondan başqa əsərin digər personajlarının oyunları kukla-marionetkalar vasitəsilə təqdim edilir. Məşədi İbad rolunda Yaşarın dublyoru teatrın təcrübəli aktyoru Mənsur Mənsurovdur. Digər kukla-obrazları Rəhman Rəhmanov (Rüstəm bəy), Səriyyə Mənsurova və Samirə Nəcəfova (Gülnaz xanım), Tofiq Dadaşov və Natiq Həziyev (Sərvər), Hökümə Əbdürrəhimova və Elmira Hüseynova (Sənəm), Aslan Fətullayev (Hambal. Bu aktyor da açıq oyuna üstünlük verib), Elşad Rəhimzadə (Qoçu Əsgər), Elnur Abbasquliyev (Rza bəy), İqbal Əliyev (Həsənqulu bəy), Anar Davudov (Həsən bəy) canlandırırlar. Tamaşanın quruluşçu rejissoru, istedadlı gənc Elşad Rəhimzadə «O olmasın, bu olsun» tamaşasında kukla, marionetka, hoqqa, kölgə, pantomim teatr elementlərindən ahəngdarlıqla istifadə etməklə bitkin estetik konsepsiyaya əsaslanan forma orijinallığı yarada bilib. Bu formanı Lətifə Quluzadənin səhnə tərtibatı nə qədər doğruldursa, Yaşar Nuriyevin coşqun, ehtiraslı, emosional oyunu bir o qədər təravətləndirir. Mən burada kukla ustası Tatyana Melnikovanın səliqəli və zövqlü işini də qeyd edirəm.

   «O olmasın, bu olsun» tamaşası təbii ki, teatrın nailiyyətidir. Ancaq mənim üçün bu tamaşa daha çox Yaşar Nuriyevin yeni sənət estetikasında uğurla nəticələnən riskli sınağıdır. Xoş təəssürat oyadan bir də odur ki, tamaşanın bütün yaradıcı heyəti Yaşarın oyunundan zövq ala-ala aktyorun səhnə sərbəstliyinə həssaslıqla hər cür imkan yaradırdılar.

   Təcrübəli sənətkar bu imkanlardan ustalıqla bəhrələnib, amma onun uğurunun əsas səbəbləri çoxdur və mən onlardan bir neçəsini xüsusi vurğulamaq istəyərdim.

   Məşədi İbad milli komediya sənətimizin koloritli, orijinal təsir doğuran bədii surətlərindəndir. Yaşar Nuriyev təpədən-dırnağa koloritli aktyordur və biz yeni tamaşada bunun daha füsunkar çalarlarını gördük. Aktyorun Məşədi İbadı orijinallığı ilə seçilir.

   Məşədi İbad operetta personajıdır və deməli onu ifa edən aktyorda vokal keyfiyyətləri də olmalıdır. Yaşar Nuriyev Azərbaycan televiziya məkanında ilk dəfə aşıq obrazının komik tipini yaradıb və uzun illər müxtəlif tamaşalarda öz məharətini dönə-dönə təsdiqləyib. Yaşarın şirin, məlahətli, ürəyəyatımlı səsi də var və aktyor bunu bəzi dramatik tamaşalardan əlavə, Opera və Balet Teatrının «Arşın mal alan» operettasındakı Soltan bəy rolunda heyrətamiz ustalıqla göstərib. Soltan bəyin mürəkkəb duet-ariyalarını bəstəkar Üzeyir bəy Hacıbəylinin yazdığı tonallıqda oxuyub. «O olmasın, bu olsun» tamaşasında onun yaradıcılığının bu cəhəti yeni çalarla nəzərə çarpır.

   Tamaşadakı digər tiplərlə (Qoçu Əsgər, Rza bəy, Həsən bəy, Həsənqulu bəy) müqayisədə Məşədi İbadın müsbət insani keyfiyyətləri daha çoxdur. Yaşar Nuriyev bunu həssaslıqla duymaqla, Məşədi İbadı ənənəvi şəkildə yox, yeni estetik çalarlarla və daha maraqlı sosial-məişət kontekstində göstərir.

   Dərindən-dərinə təhlil etsək görərik ki, Üzeyir bəyin Məşədi İbadı bədii personaj kimi birrəngli obraz deyil. Yaşar Nuriyev öz ifasında rəng əlvanlığına xüsusi diqqət yetirib və ona görə də aktyorun təqdim etdiyi Məşədi İbad əbləh yox, hər addımbaşı aldadılan zavallıdır. Sözsüz ki, aktyor onun hər müşkülü pulla həll etmək istəyinə bir neçə qatdan yanaşıb və öz oyununda bunu sənətkarlıqla, satirik və ironik cizgilərlə əsaslandırıb.

   Dram və ya komediya aktyorunun zəngin ifadə vasitələri səhnədə yöndaşlarla bədii yaradıcılıq ünsiyyətində pardaqlanır, canlanır, təravətlənir və tamaşaçı diqqətinə çatır. Kukla teatrının tamaşasında Yaşar Nuriyevin bu imkanı yoxdur. Onun Məşədi İbadı kukla-marionetkalarla dialoqlara girir. Yaşar Nuriyev həm kukla, həm marionetka, həm kölgə, həm də milli karnaval estetikasının incəliklərindən həssaslıqla bəhrələndiyinə görə onun Məşədi İbadı canlı və dinamikdir.

   «O olmasın, bu olsun» tamaşasında Məşədi İbadı oynamaq aktyordan komediya istedadından əlavə, güclü dramatizm və çeviklik tələb edir. Yaşar fitrətən çevik, coşqun, enerjili aktyor olduğuna görə onun ifası bütövlükdə tamaşanın enerji tarazlığını zərifliklə tənzimləyir.

   Yaşar Nuriyev son dərəcə duzlu, xoşçöhrə, tamlı yumora malik, şirin və cazibəli aktyordur. Müəyyən səhnə prinsipləri, estetik ölçülər pozulanda bu keyfiyyətlər obrazın mürəkkəbliyini qavramaqda tamaşaçılara mane olur. Yaşar Nuriyev gülüşün, yumorun, satiranın, ironiyanın, qroteskin... estetik ölçü prinsiplərinin meyar qəliblərini müəyyənləşdirmiş aktyordur. Elə buna görə də onun ifasında Məşədi İbad yumor və satirasına görə çoxqatlıdır. Baxılan, dərk olunan və reallıqla qavranılan səhnə surətidir.

   Üzeyir bəyin Məşədi İbadı əsərin sonunda bir növ yanlış istəklərinin gülünclüyünü dərk edən və əsərin adındakı «o olmasın, bu olsun» fikrinin bədii təsdiqinə nöqtə qoyan tipdir. Yaşar Nuriyev bu keçid mərhələsi üçün tamaşa boyu məntiqli zəmin hazırlayır, obrazın inkişaf xəttindəki reallıqları yumorla cilalayır. Nəticədə Yaşar Nuriyevin səhnə təfsirində, estetik yozumunda Məşədi İbadın qulluqçu Sənəmin kəbininin ona kəsilməsini ətrafdakılardan təvəqqe etməsi gülüş doğursa da, insani cəhətdən səmimi və kövrək təsir oyadır. Bu səmimiyyət və bu kövrəklik Yaşar Nuriyevin duyğularından şirələnir.

   Teatrsevərlərin böyük əksəriyyəti bilir ki, Azərbaycanda musiqili komediya teatrı Üzeyir bəy Hacıbəylinin «Ər və arvad» (24 may 1910-cu il) əsəri ilə təşəkkül tapıb. Yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı «Ər və arvad»ı rejissor Yusif Əkbərovun yeni quruluşunda bu günlərdə tamaşaçılara təqdim edib. Tamaşada ilk dəfə Mirzəğa Əliyevin ifa etdiyi Kəblə Qubad rolunu Yaşar Nuriyev oynayır. Aktyorun bu roldakı ifası haqqında fikir söyləmək başqa bir yazının mövzusudur. Deyəcəyim isə başqa mətləbə işıq salır.

   Hər iki sənət hadisəsi adi teatr həvəskarı və Yaşarın dostu kimi məni çox sevindirir. Həm də qürur hissilə qəlbimdə yeni ümidlər doğurur.

   Ümid edirəm ki, Yaşar Nuriyev bu iki teatrın səhnəsindəki yaradıcılıq cəhdlərindən və qazandığı nailiyyətlərindən sonra təmir, texnika və texnologiya baxımından tamamilə yenidən qurulan doğma teatrın səhnəsində də təzə-təzə canlı obrazlarla heyranlarını və pərəstişkarlarını sevindirəcək... Ona da ümid edirəm ki, möhtərəm rejissorlarımız mənim bu yazımı oxuyacaqlar və əminəm ki, arzumu məhz onlar inamla reallaşdıracaqlar. Çünki heç vaxt inana bilmərəm ki, hansısa rejissor tamaşa üzərində Yaşar Nuriyevlə işləməkdən həzz və zövq almasın.

   Çox ümid edirəm və elə bu işıqlı ümidlə də yazıma nöqtə qoyuram.

 

 

   İlham Rəhimli

 

   Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 11.