Özbəkistan
kinosu günləri başa
çatdı
Oktyabrın 28-də Mədəniyyət və Turizm
Nazirliyində Azərbaycanda Özbəkistan kinosu günlərinin
başa çatması ilə əlaqədar mətbuat
konfransı keçirildi.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin
müdiri Cahangir Məmmədov, şöbənin filmlərin
təbliği və qeydə alınması sektorunun müdiri
Yusif Şeyxov, “Özbəkkino” Milli Agentliyinin baş
direktorunun müavini Cahangir Kasımov, Özbəkistanın
Xalq artisti, aktyor Ulmas Əlixodjayev, kinorejissor Kamara Kamalova,
rejissor və aktyor Mansur Abduxalikov iştirak edirdi.
Özbəkistan kinosu günlərinin
uğurla keçdiyini bildirən Cahangir Məmmədov bunu iki
ölkə arasında əməkdaşlığın ilkin mərhələsi
kimi yüksək qiymətləndirdi.
“Özbəkkino” Milli Agentliyinin baş
direktorunun müavini Cahangir Kasımov səfərdən məmnun
qaldıqlarını dilə gətirdi: “Bildiyiniz kimi, bu ilin
aprelində Özbəkistanda Azərbaycanın kino günləri
keçirilmişdi. Cavab olaraq biz də Azərbaycanda kino
günlərimizin keçirilməsinə dəvət
aldıq. Təəssüratlarımız çox zəngindir.
Burada olduğumuz müddətdə bir çox mədəniyyət
obyektləri ilə tanış olduq. Möhtəşəm
teatr binalarınız var. Ən əsası isə
insanlarınız çox mehribandır. Belə
yaradıcı görüşlərin və əməkdaşlıqların
gələcəkdə də davam etməsini arzu edirəm”.
Yusif Şeyxov Özbəkistan və Azərbaycan kinematoqrafçıları arasında belə görüşlərin gələcəkdə də keçiriləcəyini dedi: “Bundan əlavə hər iki ölkənin kino idarələri əlaqələri genişləndirmək haqqında müzakirələr aparır. Konkret layihələr də var. Gənc özbək rejissoru və aktyoru Mansur Abduxalikov öz yeni film layihəsini bizə təqdim edib. Bununla bağlı müzakirələr aparırıq”.
Tədbir Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, hər iki ölkədə filmlərin nümayişinə, müxtəlif janrda ekran əsərlərinin müştərək istehsalına və digər məsələlərə dair protokolun imzalanması ilə yekunlaşdı. İlkin razılaşmaya görə, iki ölkənin kinematoqrafçıları Özbəkistanda yaşamış məşhur azərbaycanlı şair, ədəbiyyatşünas alim Maqsud Şeyxzadə haqqında sənədli film çəkəcəklər.
Xatırladaq ki, oktyabrın 25-dən 28-dək davam edən Özbəkistan kinosu günləri çərçivəsində “Ötən günlər”, “18-ci kvadrat” bədii, “Şərq dürdanəsi”, “Registan. Səmərqənd gövhəri” sənədli filmləri nümayiş olunub, “Özbəkistan çizgi filmləri günü” təşkil olunub.
Mətbuat konfransının sonunda qonaqlara xatirə olaraq Azərbaycan filmləri hədiyyə olundu.
Yeganə
Mədəniyyət.-
2010.- 29 oktyabr.- S. 10