Beynəlxalq Aşıq Festivalı ozan sənətinin təntənəsinə çevrildi

 

    Türk dünyasının və bütövlükdə Şərqin möhtəşəm aşıq-ozan sənəti Avropanın ən böyük salonlarını belə ayağa qaldırır. Bu misilsiz xalq sənətinin dirçəldilməsi, inkişafı üçün son illər ölkəmizdə görülən işlərin nəticəsidir ki, bu gün UNESCO-nun «Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı»nda Azərbaycan aşıq sənətinin də adı var. Oktyabrın 22-dən 27-dək ölkəmizdə keçirilən I Beynəlxalq Aşıq Festivalı da bu sənətin unikal milli sərvət kimi dünyaya bir daha təqdim edilməsinə xidmət edirdi.

 

  

   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirdə 8 türkdilli ölkənin - Azərbaycan, İran, Türkiyə, Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Azərbaycanın 10-a yaxın bölgəsinin tanınmış aşıq-folklor ansamblları çıxış edirdi.

   Festivalın Bakıda Heydər Əliyev Sarayında baş tutan təntənəli açılış mərasimindən sonra iştirakçılar oktyabrın 23-dən Qazax-Tovuz-Gədəbəy-Şəmkir-Gəncə marşrutu üzrə Azərbaycanın bölgələrində konsert proqramı ilə çıxış etdilər.

   Oktyabrın 23-də Yevlax şəhərində keçirilən ilk konsert proqramından sonra iştirakçılar iki qrupa bölündülər. Türkiyə, Özbəkistan, Qırğızıstan, İranın «Dalğa» qrupu və Naxçıvan aşıqlarından ibarət heyət TovuzQazax, Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), İranın «Dədə Qorqud», Qazaxıstan və Şirvan aşıqlarının da daxil olduğu digər qrup isə Şəmkir və Gədəbəy rayonlarına yollandılar.

  

   Gədəbəy - aşıq sənətinin beşiyi

  

   Gədəbəyi Azərbaycan aşıq sənətinin beşiyi adlandıranlar doğrudan da yanılmayıblar. Rayon Mədəniyyət Evində boş yer qalmamışdı. Gədəbəy camaatı elliklə saz-söz sənətinin işığına toplaşmışdı. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Kamran Rzayev açdı və festivalın təşkilatçılarına təşəkkür etdi: “Azərbaycan böyük aşıq məktəblərindən biri Gədəbəydədir. Bu rayonun 1-ci Beynəlxalq Aşıq Festivalının keçirildiyi məkanlar sırasına daxil edilməsi və Azərbaycanda analoqu olmayan aşıq musiqi məktəbinin Gədəbəydə tikilməsi bir daha dediklərimi sübut edir».

   Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirdi ki, sazı bütün insanlar tərcüməsiz başa düşür: «Ruhumuzu, dilimizi, dinimizi, təfəkkürümüzü saflaşdıran ana sazımızın sorağı ilə bu gün İrandan, Türkiyədən, Dağıstandan, Orta Asiya respublikalarından, Azərbaycanın saz-söz yurdu olan digər bölgələrindən bu sənəti yaşadanlar buraya toplaşıb. Saz türk dünyasının ruhunun şah damarıdır. Mənim xalqım, millətim ona görə xoşbəxtdir ki, kökünün, soyunun, keçmişinin, tarixinin sahibidir, Dədəmiz Dədə Qorqudun sənətini yaşadır. Bu tədbiri də təşkil etməkdə əsas məqsədimiz saz sənətini inkişaf etdirməklə bərabər, onu daha da uca zirvələrə yüksəltməkdir».

   Səhnəyə ilk çıxan İran aşıqları oldu. Aşıq Şahbazinin rəhbərlik etdiyi «Dədə Qorqud» qrupunun ifası rayon sakinlərinin ardı-arası kəsilməyən alqışları ilə qarşılandı. Aşıq Qüdrətin, Yədullanın, Talıbın, Yusifin şaqraq səsi ozan sənətinin beşiyini silkələdi. Dağıstandan gələn ləzgi aşıq sənətinin təmsilçiləri aşıq Aydın Məhəmmədov, Rasim İbrahimov, Səid Əsgərxanov, Rübabə Qurbanovanın, Qazaxıstan aşıqları Altay AmanzolMels Qasımbayevin ifası tamaşaçıları valeh etdi. Şirvan aşıqları Aşıq Yanvar, İslam, Rzaoğlu, Ağamurad Şirvanlı, Abbas Musaxanoğlu, öz ifası ilə həmişə diqqət mərkəzində olmağı bacaran, bütün ömrünü saza-sözə həsr edən ağsaqqal Borçalı aşıqları Məhəmməd Sadaxlı, Aslan Kosalı, Ziyəddin Keşəli, Aşıq İsfəndiyar Rüstəmovun rəhbərliyi ilə Gədəbəy aşıqlar qrupunun ifası isə uzun müddət bu diyarın sakinlərinin yaddaşında qalacaq bir iz buraxdı.

  

   Şəmkir aşıqları hər kəsi heyran etdi

  

   Oktyabrın 25-də festival çərçivəsində növbəti konsert Qazax və Şəmkir rayonlarında baş tutdu. Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Əsgər Ələsgərovun müşayiəti ilə rayonun mərkəzi parkında istiqlal şairi Əhməd Cavadın xatirəsinə ucaldılmış abidəni, tarix-diyarşünaslıq muzeyini, bölgənin vaxtilə ən tanınmış aşıqlarından olan Aşıq Teymurun heykəlini ziyarət edən qonaqlar öz heyranlıqlarını gizlətmirdilər. Bir neçə hissədən ibarət olan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində 6 minə yaxın eksponat var. Muzeyin direktoru Cavanşir Pirverdiyevin dediyinə görə, burada tarixi 1, 2, 3-cü minilliklərə təsadüf edən eksponatlar var.

   Şəmkir rayon Mədəniyyət Evinin konsert zalı ağzına qədər dolu idi. Hətta rayon sakinlərindən ayaqüstə qalanlar da vardı. Saz sənətinə olan maraq, sevgi bu insanlarda o qədər böyük idi ki, 3 saatlıq konsert proqramının sonuna qədər onlar ifaçıları sonsuz alqışlarla müşayiət etdilər. Xalq şairi Zəlimxan Yaqubun çıxışından sonra səhnəni İran, Dağıstan, Qazaxıstan, Qırğızıstan, Borçalı, Şirvan və Şəmkir aşıqları növbə ilə paylaşdılar.

  

   Əfsanələr paytaxtında möhtəşəm final

  

   Festivalın final konserti oktyabrın 26-da Gəncədə keçirildi. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxov tədbiri açıq elan edərək, Azərbaycan xalqının özünəməxsus mədəniyyətinin, adət-ənənələrinin olduğunu bildirdi: «Qonaqlarımızı əfsanələr paytaxtında görməkdən böyük məmnunluq hissi duyuruq».

   Sonra Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub çıxış etdi: “Biz üç gün ərzində Qazax, Tovuz, Gədəbəy və Şəmkirdə baş tutan aşıq sənəti təntənəsinin finalını Gəncədə keçiririk. Müstəqil dövlətimizin qayğısının nəticəsidir ki, bütün türk dünyasını birləşdirən belə bir möhtəşəm festival Azərbaycanda reallaşdırıldı. Musiqiyə, sözə, sənətə qiymət verilən ölkənin millətinin başı həmişə uca olur».

   Final konsertində 7 türkdilli xarici ölkə ilə bərabər, Azərbaycanın 10-a yaxın bölgəsinin aşıqları da iştirak edirdi. Aşıq-ozan sənətinin nümayəndələrinin çıxışı bütün konsert boyu tamaşaçıların alqışları ilə müşayiət olundu.

   Proqramın sonunda Kəlbəcər aşıqlarının ifası xüsusilə böyük maraqla qarşılandı.

   Konsertdən sonra festival iştirakçılarının şərəfinə ziyafət verildi. Xarici ölkələrdən gələn aşıq-ozanlar Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olundu.

   Beləliklə, I Beynəlxalq Aşıq Festivalı saz-söz sənətinin təntənəsinə çevrildi. Festival çərçivəsində keçirilən konsert proqramlarında dünyanın 7 ölkəsindən 40-dan çox, Azərbaycanın müxtəlif bölgələrindən isə 100-dən artıq ozan-aşıq çıxış etdi. Bu festival bir daha sübut etdi ki, Azərbaycan dövləti xalqımızın milli-mədəni dəyərlərinin qorunmasına, yaşamasına və inkişafına çox böyük diqqət göstərir.

   Sonda bir məqamı da qeyd etmək istərdik ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu festivalın ənənəvi şəkildə hər iki ildən bir keçirilməsi qərara alınıb.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 9.