Memar ömrü
Əcəmi
Naxçıvani: “Biz gedərik - bizdən xatirə qalar”
XI-XII əsrlər Azərbaycanda mədəniyyətin
intibah dövrü kimi xarakterizə edilir. Nizami Gəncəvi,
Qətran Təbrizi, Bəhmənyar, Xətib Təbrizi, Xəqani
Şirvani, Ömər Kafiəddin, Məhsəti Gəncəvi
kimi böyük sənətkarlar bu dövrdə
yaşayıb-yaradıblar.
Tariximizin bu mühüm mərhələsinin
sənət və mədəniyyət intibahından
danışarkən Şərqin görkəmli memarı Əcəmi
Əbubəkr oğlu Naxçıvanini yada salmamaq
mümkün deyil.
“Mühəndislər mühəndisi”
XII əsrdə Azərbaycan Atabəylər
dövlətinin paytaxtı olan Naxçıvan şəhərinin
əhəmiyyətinin artması ilə əlaqədar olaraq
burada sənətkarlıq və inşaat xeyli genişlənmişdi.
Yerli ənənələr burada Azərbaycan
memarlığı ilə birləşərək özünə
xas bir siması olan memarlıq məktəbi yaradırdı.
Qısa müddətdə naxçıvanlı sənətkarlar
nəinki qarşılarında duran memarlıq-inşaat
problemlərini müvəffəqiyyətlə həll edə
bildilər, hətta o dövrdə Azərbaycan
memarlığının zirvəsini təşkil edən əsərlər
yaratmağa nail oldular.
Bu sənətkarların məşhuru
isə Əcəmi Naxçıvani idi. XIII əsr mənbələrində
onun "Şeyx-ül-mühəndis" (mühəndislərin
başçısı) rütbəsi
daşıdığı qeyd olunur. Memar Əcəmi əsərlərində
təkcə bədii təfəkkür dərinliyi, zövq
incəliyi deyil, eləcə də geniş riyazi biliyə və
zəngin yaradıcılıq təcrübəsinə əsaslanan
mühəndislik dühası nümayiş etdirirdi.
Əcəmi
yaradıcılığında kərpic hörgüsü, kərpicdən
quraşdırılmış inşaat quruluşları,
müxtəlif biçimli kərpicin məharətlə tətbiqi
və kərpicin birrəngli yeknəsəqliyindən
uzaqlaşmaq üçün rəngi kaşı və gəc
ünsürlərinin memarlıq bəzəyinə daxil edilməsi
səciyyəvidir. Sənətkar əsərlərinin
kompozisiya və həcm quruluşunda ümumşərq
memarlığında görkəmli yer tuta bilən üsullar
yaradır və tətbiq edirdi. Onun əsərlərində
memarlıq kompozisiyaları üçün monumentallıqla bərabər,
zəriflik də diqqəti cəlb edən xüsusiyyətdir.
Onun həndəsi ornament quruluşu yaratmaq məharəti
inşaatda çox səmərəli yolla istifadə edilirdi.
Əcəmi Naxçıvani
memarlıq sənətinin başlıca problemlərindən
olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf
edilən parlaq həllini tapmış mühəndis və sənətkar
olub. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi
Avropa memarlarından bir əsr əvvəl Möminəxatun
türbəsinin sərdabəsində qurduğu tağlar
sistemində, Cümə məscidinin nəhəng günbəzində
və qoşa minarələrdə özünü göstərir.
Dünya memarlığının nadir nümunəsi
Əcəmi Əbubəkr
oğlunun dövrümüzə çatmış ən
gözəl əsəri olan Möminəxatun türbəsi bu
gün orta əsrlər Naxçıvanının əzəmətini
əks etdirir, Əcəmi memarlıq məktəbinin bir
şahidi kimi şəhərin mərkəzində yüksəlir.
Bu sənət əsərində Əcəmi qülləli
türbələrə xas olan bütün xüsusiyyətləri
özünün əvvəlki əsərlərindən də
daha aydın və parlaq ifadə edib. Tədqiqatçıların
fikrincə, onun memarlıq həllində kompozisiya fəndləri,
memarlıq forma və üsulları daha mükəmməl
inkişafa malik olmuşdur.
Türbənin sərdabəsi
planda onbucaqlıdır. Aşırımı on metrə
yaxın sərdabəni yastı kərpic günbəzlə
örtmək olmazdı. Örtülsəydi də belə
günbəzli sərdabə uca üst qüllə
üçün dayanıqlı özül yaratmazdı. Bu səbəbdən
Əcəmi alt qatın möhkəmliyinə xüsusi fikir
verib, ucaltdığı sərdabənin ortasında qalın
onüzlü dayaq qoyub. Dayağın üzləri yan tərəflərə
sivri tağbəndlərlə birləşdiyindən göbələkvari
bütöv və dayanıqlı örtük konstruksiyası
yaranıb.
Əcəmi sənətini
yaşadan memarlıq ənənələri
Yazılı mənbələr
göstərir ki, Əcəmi dövründə
Naxçıvanda 250 min nəfər əhali yaşayıb.
Şəhərdə Əcəmi Naxçıvaninin layihəsi
əsasında möhtəşəm arxitektura kompleksi
ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin
sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə,
karvansara və digər hökumət tikililəri də
inşa edilib. Həmin tikililərdən dövrümüzə
yalnız iki məqbərə gəlib çatsa da,
Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə
anonim bir müəllif tərəfindən farsca
yazılmış "Əcaib əd-dünya" adlı əsərdə
müəyyən dərəcədə təsdiq edilir. Həmin
əsərdə bu cümlələri oxumaq olar:
"Naxçıvan Azərbaycanda yüksək bir yerdə
salınıb və möhkəmləndirilib, əhalisi gur
olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı
qalalar, malikanələr qurulub. Şəhərin
yaxınlığında daşdan qalalar, qalanın içində
isə mədrəsə və məscidlər tikilib.
Qalanın içində həmçinin gözəl bir bulaq
var. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən
aparılırdı...".
Yeri gəlmişkən
Marağadakı Göy günbəzdə (1196-cı il),
Naxçıvan yaxınlığındakı Gülüstan
türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və
Salmas türbələrində (XIV əsr), türk memarı
Memar Sinanın (XVI əsr) İstanbulda ucaltdığı
türbələrdə Əcəmi sənətinin ənənələri
yaşayır.
Fəqət tarix bu böyük sənətkarın
nə doğum tarixini yadda saxlayıb, nə vəfatı
gününü. Onun harada dünyasını dəyişməsi
də heç bir yazılı mənbədə qeyd olunmur.
Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz
əsərlərindən başqa heç nə saxlamayıb.
Bəlkə də, dahi memar bunu qabaqcadan gördüyündən
öz şah əsəri — Möminəxatun türbəsi
üzərində belə yazmışdı: "Biz gedəriyik.
Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya
qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar".
Hazırladı:
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2010.- 29 oktyabr.- S. 8.