Antik və orta əsr Azərbaycan
şəhərləri: tarix və
memarlıq
Mədəniyyət
və Turizm Nazirliyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Şəmkir Rayon
İcra Hakimiyyəti və Regionların İnkişafı
İctimai Birliyinin birgə layihəsinə əsasən
oktyabrın 27-də Şəmkirdə „“Antik və orta əsr
Azərbaycan şəhərləri: arxeoloji irsi, tarixi və
memarlığı” mövzusunda elmi konfrans işə
başlayıb.
Konfransı giriş sözü ilə
açan AMEA-nın prezidenti akademik Mahmud Kərimov qədim və
orta əsrlər tarixində Azərbaycan şəhərlərinin
mühüm istehsal, mədəni, intellektual
potensialının cəmləşdiyi və mütərəqqi
inkişafını təmin edən mərkəzlər
olduğunu diqqətə çatdırıb,
xalqımızın zəngin mədəni irsinin, tarixinin
üzə çıxarılmasında, təbliğində
bu şəhərlərin arxeoloji irsinin, tarixinin və
memarlığının dərindən
araşdırılmasının aktuallığını qeyd
edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin
başçısı Nazim Veysov, Mədəniyyət və
Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri
Rizvan Bayramov, Memarlıq və İnşaat Universitetinin rektoru
Gülcöhrə Məmmədova, akademik Teymur Bünyadov,
Regionların İnkişafı İctimai Birliyinin sədri
Seymur Quliyev çıxış edərək Azərbaycan
tarixinin daha dərindən öyrənilməsində bu tədbirin
əhəmiyyətindən danışıblar.
Sonra konfransın plenar iclasında
AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı “Şəmkir
orta əsr ərəb mənbələrində”, AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri
doktoru Maisə Rəhimova “Azərbaycanın antik və orta əsr
şəhərlərinin arxeoloji tədqiqinin nəticələri
və perspektivləri”, Mədəniyyət və Turizm
Nazirliyinin şöbə müdiri Rizvan Bayramov “Azərbaycanın
tarixi yaşayış məkanları və onların
qorunmasına dair”, tarixçı-alim Şahin Fərzəliyev
“Şəki XIII əsrin sonu, XIV əsrin əvvəllərində”,
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Yaqub Mahmudov “Azərbaycan qədim şəhərlər
diyarıdır”, tarix elmləri doktorları Ömər Davudov
(Dağıstan) “Dağıstanın Alban dövrü
yaşayış yerləri”, Quram Marxulia (Gürcüstan) “Azərbaycan
şəhəri İrəvan və ya tarixi “Erevats”, “Ereuni”,
“Erivan”, “Yerevan” Azərbaycana məxsusdur, yoxsa ermənilərə?”
mövzularında məruzələrlə
çıxış ediblər.
Konfrans iştirakçıları
orta əsr Şəmkir şəhərinin yerində arxeoloji
qazıntılar aparılan əraziyə də baş çəkərək
burada üzə çıxarılan şəhər
qalıqları ilə yaxından tanış olublar.
Oktyabrın 28-də konfrans öz
işini Şəmkir və Gədəbəydə arxeologiya,
tarix və memarlıq bölmələri üzrə davam
etdirib.
Mədəniyyət.-
2010.- 29 oktyabr.- S. 8.