Bakı
Caz festivalı sona
yaxınlaşır
Bakıda oktyabrın 16-dan davam edən beynəlxalq caz
festivalı sona yaxınlaşır. Oktyabrın 27-də Beynəlxalq
Muğam Mərkəzində holland truba ifaçısı
Eric Vloemansın öz orijinal bəstələrindən ibarət
konserti oldu.
Bəstəkar kimi özünəməxsus
üsluba malik ifaçı 4 dəfə Holland Edison Award,
Rotterdam şəhərinin Elly Ameling Prize, Boy Edgar Award və
çox nüfuzlu Şimal dənizi Caz Festivalında Bird Award
ilə mükafatlandırılıb.
E. Vloemans Rotterdam Musiqi
Akademiyasında təhsil alıb, burada klassik musiqinin əsaslarını
öyrənib. Hazırda “Fugimundi” triousu və Eric Vloeimans
Gatecrash ansamblları ilə işləyir və akustik kamera
musiqisindən müasir caz, himnlər, dünya musiqisinə qədər
geniş repertuara malikdir. Truba
ifaçılığını xüsusi elektron effektlərlə
zənginləşdirir.
Həmin gün Beynəlxalq
Muğam Mərkəzində Azərbaycanın
çağdaş caz pianoçusu və bəstəkarı
Emil İbrahimin də konserti keçirildi. Caz, klassik, latın
musiqisi və muğamı sintez edən Emil İbrahimin
kompozisiyaları müasir elektron musiqisi ilə də əhatə
olunub. O, balladalardan tutmuş post-bop ustadlarının əsərlərinə
qədər musiqini ifa edir.
Emil İbrahimin konsertinin ardınca
gənc Litva saksafonçusu və caz ifaçısı
Kestutis Vaiginisin konserti başladı. Litva Musiqi və Teatr
Akademiyasında təhsil alan Vaiginis Şimali Niderland
konservatoriyasında, Amsterdam Musiqi Kollecində və Manhetten
Caz məktəbində (Nyu-York) təcrübə keçib.
Bir sıra beynəlxalq müsabiqələrin qalibidir. 2008-ci
ildə o, Litvada gənclərdən ibarət “Müstəqil
Artistlər Ansamblı” adlı big-band yaradıb. Kaunas caz,
Vilnüs caz, Birstonas və Nida caz festivallarının daimi
iştirakçısıdır.
Oktyabrın 28-də Heydər Əliyev Sarayında dünya şöhrətli Yaponiya pianoçusu Keiko Matsuinin konserti keçirildi. Əsasən caz-pop və fyujn üslubunda ifaçı kimi tanınmış Keiko Matsui Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlamış, orijinal bəstəkar və özünəməxsus vokalçı kimi də uğur qazanmışdır.
Onun “A Drop of water” adlı ilk müstəqil albomu ABŞ-da buraxılandan sonra Amerika leyblləri yaponiyalı pianoçu xanımla ciddi maraqlanmağa başladı.
1999-cu ildə Keiko “Oasis Awards” yarışmasının qalibi olmuş, onun “Light Above the Trees” klipi isə ən yaxşı video kimi mükafata layiq görülüb. Onun bəzi kompozisiyaları lirik mahnılar kimi, digərləri kinofilmlərə etüdlər kimi səslənir.
Keikonun daimi konsert qrupuna görkəmli saksafonçu Michael Ghegan, basist Mel Brown və ənənəvi yapon fleytaçısı Kazu Matsui daxildir.
Yeganə
Mədəniyyət.-
2010.- 29 oktyabr.- S. 7.