Vasif Adıgözəlovun 75 illik
yubileyinə həsr olunmuş musiqi festivalı
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi Bəstəkarlar
İttifaqı ilə birgə görkəmli bəstəkar,
Xalq artisti, mərhum Vasif Adıgözəlovun 75 illiyinə həsr
olunmuş musiqi festivalı keçirir.
Bu münasibətlə oktyabrın
27-də Bəstəkarlar İttifaqının Üzeyir
Hacıbəyli adına konsert salonunda bəstəkarın
kamera-instrumental və kamera-vokal əsərləri gənc
istedadların ifasında səsləndirilib.
İttifaqın sədri, Xalq
artisti, professor Firəngiz Əlizadə unudulmaz bəstəkarın
mənalı ömür yolu və zəngin
yaradıcılığı haqqında ətraflı məlumat
verib. Bildirilib ki, Vasif Adıgözəlov milli musiqi mədəniyyətimizə
bir-birindən dəyərli sənət nümunələri bəxş
edib.
Onun mahnılardan tutmuş irihəcmli
simfonik əsərlərədək müxtəlif musiqi
janrlarını əhatə edən
yaradıcılığı yüksək peşəkarlıq
səviyyəsi və musiqi dilinin orijinallığı ilə
diqqəti cəlb edərək geniş dinləyici kütləsinin
rəğbətini qazanıb.
Azərbaycan muğamlarının
mahir bilicisi, görkəmli xanəndə Zülfü
Adıgözəlovun ailəsində doğulub boya-başa
çatan Vasif Adıgözəlovun xalq musiqisi mühitində
tərbiyə olunması onun
yaradıcılığının milli zəmində
formalaşmasına bilavasitə təsir göstərib. Bəstəkar
iki operanın - “Ölülər” və “Natəvan”, 6 musiqili
komediyanın - o cümlədən “Nənəmin
şahlıq quşu”, “Hacı Qara” (R.Mustafayev ilə birgə),
“Boşanaq, evlənərik”, “Aldın payını,
çağır dayını” və s, həmçinin “Odlar
yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm
karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının,
“Mərhələlər”, “Afrika mübarizə edir” və s.
simfonik poemaların, 6 instrumental konsertin, bir çox
kamera-instrumental əsərlərin, mahnı və
romansların, dram tamaşalarına və kinofilmlərə
yazılmış musiqilərin müəllifidir.
Gecədə bəstəkarın
“Piano üçün 3 prelüd”, “Violino və piano
üçün skertso”, xalq bayatıları əsasında
yazılmış “Ninni”, “Şuşam laylay”, “Xoşum gəlir”
və digər musiqi əsərləri ifa edilib.
Qeyd edək ki, oktyabrın 31-dək
davam edəcək festival proqramına Azərbaycan Dövlət
Filarmoniyasında dirijor, Əməkdar incəsənət
xadimi Yalçın Adıgözəlovun və Dövlət
Xor Kapellasının bədii rəhbəri, Xalq artisti
Gülbacı İmanovanın rəhbərliyi ilə
Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin
ifasında “Çanaqqala-1915” oratoriyasının
nümayişi, eləcə də Vasif Adıgözəlovun
yaradıcılığının müxtəlif sahələrinə
həsr olunmuş məruzələrdən ibarət
konfransın keçirilməsi daxildir. Həmçinin
Dövlət Musiqili Komediya Teatrında “Aldın payını,
çağır dayını” tamaşasının
nümayişi festival proqramına daxildir.
Mədəniyyət.- 2010.- 29
oktyabr.- S. 7.