Kiyevdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

 

   Oktyabrın 27-də Kiyevdəki Müasir İncəsənət Muzeyində gənc Azərbaycan rəssamı Rasim Seyidovun BMT-nin yaradılmasının 65-ci ildönümünə həsr olunmuş “RasiMIR” adlı sərgisi açılıb.

  

   Azərbaycanın Şəki şəhərində doğulmuş Rasim 17 yaşında Ukraynanın Krivoy Roq şəhərində rəssamlıq məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra Kiyevə gəlib. Burada istedadlı Azərbaycan rəssamının yaradıcılığı böyük maraq doğurub. Ukrayna Milli Rəssamlar İttifaqının üzvü olan Rasim Seyidovun Kiyevdə dəfələrlə fərdi sərgisi təşkil olunub. Onun 2009-cu ildə keçirilən sərgisi “Xocalı haqqında rekviyem” adlanırdı. Rasim fırça ustaları arasında və incəsənət aləmində yaxşı tanınır. Onun əsərləri Ukrayna muzeylərinin ekspozisiyalarına, Azərbaycanda, Rusiyada, ABŞ-da, Böyük Britaniyada və digər ölkələrdə şəxsi kolleksiyalara daxil edilib.

   R.Seyidovun indiki sərgisi dünya ölkələri bayraqları mövzusunda 10 şəkildən ibarətdir. Bu dövlətlər dünyanın ən müxtəlif guşələrində yerləşir və çox fərqlidirlər, lakin onlar sərgi salonunda birləşiblər. Burada Azərbaycan və Tailand, Ukrayna və Səudiyyə Ərəbistanı, Türkiyə və Litva bayraqları əks olunub.

   Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli sərginin açılışında çıxış edərək bildirib ki, Rasimin parlaq, özünəməxsus rəsmləri insanın daxili aləmi ilə Şərq və Qərb arasında sərhədlərin silindiyi qloballaşmış dünyada xarici məkanın vəhdətini ifadə edir. Soydaşımızın yaradıcılığı Azərbaycan və Ukrayna xalqları arasında möhkəm dostluq körpüsüdür.

   Sərginin çoxsaylı ziyarətçiləri R.Seyidovun rəsmləri ilə tanış olmaqla yanaşı, Ukraynanın Xalq artisti Qurban Abbasovun ifasında Azərbaycan və Ukrayna mahnılarını da dinləyiblər. Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” ansamblının ifasında milli rəqslər xüsusi əhval-ruhiyyə doğurub.

 

 

   Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 7.