"Mədəniyyət Çexiya-Azərbaycan əlaqələrində vacib rol oynamağa başlayır"

 

   Səfir Radek Matula: "Turizm ölkələrimiz arasında əməkdaşlığın ən perspektivli sahələrindən biridir"

  

   "İçərişəhərin tarixi küçələrini gəzərkən özümü sanki Praqanın köhnə məhəllələrində hiss edirəm"

  

   Vaxtilə bizimlə birgə eyni quruluşda - sosialist düşərgəsində olan Çexoslovakiya 1992-ci ildə iki respublikaya - Çexiya və Slovakiyaya bölündü. Bu gün Şərqi Avropanın inkişaf etmiş ölkəsi, Avropa Birliyinin üzvü olan Çexiya Respublikası iki vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Çexiyanın ölkəmizdə səfirliyi bir ilə yaxındır ki, fəaliyyət göstərir. Səfir Radek Matula ilə söhbətimizdə iki ölkə arasında münasibətlərin tarixi və bu günündən, mədəniyyət sahəsində əməkdaşlıq imkanlarından danışdıq.

  

   - Cənab Matula, ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiz?

   - Azərbaycanla Çexiya arasında əlaqələr müvəffəqiyyətlə inkişaf edir. Müntəzəm şəkildə siyasi dialoqlar keçirilir ki, münasibətlərin atmosferi onların gələcəkdə inkişafı və genişlənməsi üçün əlverişli zəmin yaradır. Bununla belə, əməkdaşlığın inkişafı, humanitar sahədə əlaqələr, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və s. sahələrdə daha çox işləmək lazımdır. Mühüm olanı budur ki, hər iki tərəf bu əlaqələri inkişaf etdirməyə hazırdır. Bu baxımdan hesab edirəm ki, əlaqələrimizin geniş perspektivləri var.

   - Vaxtilə Azərbaycan və Çexiya sosialist sisteminə daxil olub. Yəqin bu səbəbdən ölkələrimiz və insanlarımız arasında oxşarlıqlar tapmaq mümkündür...

   - Əlbəttə. Əvvəla, keçmiş sosializm həyatının ayrı-ayrı aspektləri, vacib islahatların reallaşdırılması haqqında danışarkən biz bir-birimizi daha yaxşı başa düşürük. Çünki bizim oxşar keçmişimiz olub. Qeyd etmək istərdim ki, Çexiya Azərbaycanla keçid dövrünün islahatlar təcrübəsini bölüşməyə hazırdır. Ünsiyyətə gəlincə, Çexiyada insanların çoxu rus dilini bilir. Çünki vaxtilə bizim məktəblərdə rus dili geniş tədris olunurdu. Bu baxımdan bizim üçün ünsiyyət problemi yoxdur. Kiməsə ingilis dili, kiməsə də rus dili rahatdır.

   - Mədəniyyət sahəsində əlaqələrimizi necə qiymətləndirirsiniz? Bu münasibətləri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?

   - Ölkələrimiz arasında mədəniyyət sahəsində olan əlaqələrin kifayət qədər zəngin tarixi var. Mədəni əməkdaşlıq Çexiya-Azərbaycan əlaqələrində həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə daha vacib rol oynamağa başlayır. Mən əminəm ki, irəlidəki dövrdə azərbaycanlıların Çexiya incəsənəti - musiqi, teatr, kinematoqrafiya, ədəbi yaradıcılıq və s. ilə daha yaxından tanış olmaq imkanları olacaq, Çexiyada da Azərbaycanın mədəniyyət layihələri gerçəkləşəcək. Təbii ki, bunun üçün mədəniyyət sahəsində əlaqələrimizin müqavilə-hüquq bazası da təmin olunmalıdır.

   Qeyd edim ki, Çexiya bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirmək istəyir. Çexiya səfirliyi və şəxsən mən əlimizdən gələni edirik ki, mədəniyyət və incəsənət bizim münasibətlərimizdə vacib yeri tutsun. Mən bu məsələdə kompleks yanaşmaya ümid edirəm. Bu ideya yeni deyil, məğzi isə çox sadədir: sahibkarları, iş adamlarını və mədəniyyət xadimlərini daha çox birləşdirmək, mədəniyyət üçün mesenatlar tapmaq. Biznesmenlər üçün isə bu həm də öz işgüzar tərəfdaşları ilə mədəni tədbirlərdə görüşmək imkanları deməkdir.

   - Mədəniyyətin hansı sahələrində əməkdaşlıq üçün daha geniş imkanlar görürsünüz?

   - Artıq teatr, kinematoqrafiya, musiqi sahəsində bizim təcrübə və əldə etdiyimiz nəticələr var. Lakin mənim fikrimcə, bu əməkdaşlığı mədəniyyətin qalan başqa sahələrində də inkişaf etdirmək mümkündür.

   - Səfir təyinatından öncə Azərbaycana gəlmişdinizmi?

   - Azərbaycan mənim üçün yeni ölkə deyil. Ötən əsrin 90-cı illərində buraya 4-5 dəfə gəlmişəm. Həmin illərdə mən Çexiyanın Moskvadakı səfirliyində işləyirdim və postsovet məkanında Azərbaycanla münasibətlərə cavabdeh idim. 90-cı illərin ikinci yarısını və indiki dövrü müqayisə etsək, Azərbaycan haqqında təəssüratlarım tamamilə fərqlidir. Ölkə qısa müddətdə irəliyə belə böyük sıçrayış edib. Bakı müqayisəyəgəlməz dərəcədə dəyişib. Amma hər şey dəyişməyib. İnsanlar olduğu kimi qalıb: mehriban, qonaqpərvər.

   - Cənab Matula, hələ sovet dövründə Azərbaycan əhalisi Çexiya haqqında müəyyən məlumatlara malik idi. Gediş-gəliş də az deyildi. Bu baxımdan siz özünüz Azərbaycanın tarixi, mədəniyyəti haqqında nələri bilirdiniz və burada işlədiyiniz müddətdə təəssüratınız necə zənginləşib?

   - Azərbaycan tarixi və mədəniyyəti o qədər zəngindir ki, qorxuram mənim onunla ətraflı tanışlığım üçün vaxtım və qüvvəm çatmasın. Təbii ki, Bakıda diplomatik missiyaya başlamazdan öncə də ölkəniz haqqında müəyyən məlumatım vardı. Bundan başqa Azərbaycanda həyat və iş mənə hər gün yeni məqamlar görməyə, tanış olmağa və bununla da Azərbaycan haqqında olan bilgilərimi zənginləşdirməyə imkan verir. Ölkənizin tarixi, mədəniyyəti haqqında da daha çox öyrənməyə çalışıram.

   - Yəqin boş vaxtınızda imkan tapıb Bakıda gəzməli, görməli yerlərə baş çəkə bilirsiniz?

   - Xanımımla birlikdə müxtəlif mədəni tədbirlərə, caz və Azərbaycan milli musiqisini dinləməyə, həmçinin digər konsert proqramlarına gedirik. Bakıda qısa müddətdə olmağımıza baxmayaraq bir neçə opera tamaşasına baxmağa, bir neçə muzeyi ziyarət etməyə imkanımız olub. Təəssüratımız çox zəngindir. Vaxtım olanda İçərişəhərə gedirəm. Bizim Praqa ilə Bakının bir oxşarlığı da hər iki şəhərin qədim küçələri ilə bağlıdır. Bizdə də belə qədim şəhər var. Ona görə də İçərişəhərin tarixi küçələrini gəzərkən özümü Çexiyada, Praqanın köhnə məhəllələrində hiss edirəm. Bilirəm ki, İçərişəhər UNESCO-nun mədəni irs siyahısına salınıb.

   Çexiyaya gəldikdə isə deyə bilərəm ki, Praqada, eləcə də başqa şəhərlərimizdə UNESCO-nun mədəni irs siyahısına düşən abidələr var. Ölkəmizdə tarixi abidələrin sayı həddindən artıq çoxdur və Çexiyaya gələn əcnəbilər bunları görmək imkanı əldə edirlər. Ümumilikdə deyə bilərəm ki, xarici turistlər üçün Praqada gəzib görməli yerlər çoxdur. Kimlərinsə muzeyləri, kimlərinsə də qalaları ziyarət etməkdən xoşu gəlir. Bizim yalnız dənizimiz yoxdur.

   - Yəqin Azərbaycanda yaşadığınız müddət sizə insanlar arasında oxşar və fərqli xüsusiyyətləri seçmək imkanı da verib. İnsanlarımız sizdə hansı təəssüratı yaradıb?

   - Səmimi şəkildə deyə bilərəm ki, mən və xanımım Azərbaycanda özümüzü çox yaxşı hiss edirik. Qeyd etdiyim kimi, sizin ölkənizdəki insanlar çox qonaqpərvər, sülhsevər və mehribandırlar. Azərbaycanda olduğumuz qısa müddətdə ölkənizdə çoxlu dostlar qazanmışıq. Onlar bizi çox gözəl qarşılayırlar. Eyni məqamlar mənim işimə və iş əlaqələrimə də aiddir. Ümumilikdə Azərbaycandakı həyat və iş bizim xoşumuza gəlir.

   - Azərbaycanlılara hələ sovet dövründən Çexiyanın gözəl turizm məkanları, xüsusilə də məşhur kurort şəhəri Karlovı Varı yaxşı tanışdır. Bu baxımdan hazırda ölkələrimiz arasında turizm əlaqələri ilə bağlı nə deyə bilərsiniz?

   - Turizm ölkələrimiz arasında getdikcə inkişaf edən və əməkdaşlığın ən perspektivli sahələrindən biridir. Çexiya Avropada azərbaycanlılar üçün cəlbedici turizm istiqamətlərindən birini təmsil edir. Azərbaycandan çox sayda insanlar Çexiyanın müxtəlif məşhur və görməli yerləri, kurortları, regionları, çex mədəniyyəti ilə tanış olmaq imkanları əldə edirlər. Azərbaycan turistlərinə Praqa və digər şəhərlərin görməli yerləri, rəngarəng mədəniyyəti kifayət qədər tanışdır. Çexiyada yaxşı istirahət üçün maraqlı, mədəni və milli baxımdan bol təəssüratlı olan bir çox yerlər tapmaq olar. Ölkəmiz Azərbaycan turistlərini çox məmnuniyyətlə qəbul edir və gələcəkdə onların sayının daha da çox olacağına ümid edirik. Eyni zamanda Çexiyadan da Azərbaycana çoxlu turistlər gələcəyinə inanırıq. Biz bundan sonra da, bizə münasibətdə dost diqqəti göstərib, turizm sahəsində Çexiya-Azərbaycan əməkdaşlığının inkişafına kömək edən və böyük minnətdarlığımızı qazanan Mədəniyyət və Turizm Nazirliyi ilə bu sahədə daha çox əməkdaşlıq etməyə hazırıq.

   - Azərbaycanda olduğunuz müddətdə regionlarımıza necə, səyahət edə bilmisinizmi?

   - Bakıya ötən ilin dekabrında gəlmişəm və birinci 3-4 ayda Bakıdan kənara çıxmamışam. Amma apreldən iyula qədər xanımımla (hərdən səfirlikdəki həmkarlarımla) çox yerləri görmək imkanı əldə etdik. Quba, Tovuz, Şamaxı, Şəki, İsmayıllı, Qobustan və əlbəttə ki, Bakının gözəl yerləri, xüsusilə də ətraf yerlərə daha çox səyahət etmişik. Ölkənizin şimalı çox gözəldir, ümumiyyətlə, təbiət və dağlar məni heyran edib. Şəki xanlarının sarayını, Lahıcı heyranlıqla gəzdik. Şamaxı və Quba isə mənə daha çox Çexiyanın təbiətini xatırlatdı.

   Bundan başqa mən Azərbaycan toylarında da iştirak etmişəm və böyük təəssürat qazanmışam. Hətta rayonlardan birində kiçik toy mərasimində də oldum. Hər şey gözəl idi. Elə gözəl ssenari üzrə toy gedirdi ki, mən sadəcə heyran olmuşdum. Onu da deyim ki, Çexiyada 50 nəfərlik toy artıq çox böyük toy məclisi hesab olunur. Burada isə toy məclisində qat-qat çox adam olur.

   - Cənab səfir, Azərbaycan milli mətbəxi ilə aranız necədir?

   - Bakıya hələ ilk dəfə 1995-ci ildə gəldiyimdə Azərbaycan milli mətbəxini bəyənmişdim. Sizin mətbəxinizdə elə bir yemək yoxdur ki, mən onu yeməkdən imtina edim. Bakıda çoxlu gözəl restoranlar var. Bir sözlə, mən və xanımım Azərbaycan mətbəxindən çox razıyıq.

 

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2010.- 29 oktyabr.- S. 5.