Beynəlxalq
təlim başa çatdı
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Muzey Mərkəzində keçirilən «Mədəniyyət
və mədəni dəyərlərin təbliğində
kütləvi informasiya vasitələrinin rolu» adlı iki
günlük beynəlxalq təlim oktyabrın 27-də başa
çatdı.
Təlimin ikinci günü ekspertlərin
məruzələri dinlənildi. Rumıniyanın «Mədəniyyət»
milli radiosunun nümayəndəsi Dorin Bitfoin
çalışdığı radionun təcrübəsindən
danışdı: «1989-cu ildə ölkəmizdə baş
verən siyasi dəyişiklikdən sonra radio verilişlərinə
senzura qoyulmuşdu. Lakin sonrakı illərdə bu senzura aradan
qaldırıldı və radionun layihələrində müəyyən
yeniliklər edildi. Artıq qarşıda duran əsas vəzifə
keyfiyyətli verilişlərin təşkili və radio
verilişlərimiz vasitəsi ilə əhalinin mədəni
biliklərini artırmaq idi».
Ekspert mədəni proyektləri təkmilləşdirmək
məqsədilə alternativ variantların
axtarılmasını da diqqətə çatdırdı.
Son 15 ildə Rumıniyada radionun
çox böyük inkişaf yolu keçdiyini deyən qonaq
müxtəlif mədəniyyət proqramlarından da bəhs
etdi. O, eyni zamanda Rumıniyada radionun mədəniyyət
verilişlərinin dinləyicinin bələdçisi rolunu
oynadığını da vurğuladı. «Biz həm də
beynəlxalq radionun uyğun olduğu standartları, inkişaf
istiqamətlərini, müasir radionun tətbiq etdiyi yenilikləri
öyrənirik» deyə, ekspert bildirdi.
Dorin Bitfoin öz məruzəsində
Azərbaycanda keçirilən «Mədəniyyətin təbliğində
kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq
təlimin əhəmiyyətindən də bəhs etdi: «Mənim
üçün Bakıda olduğum bu iki gündə Azərbaycanın
mədəniyyət atmosferini öyrənmək çox
maraqlı idi. İstərdim ki, qarşılıqlı fikir
mübadiləsi şəraitində keçən bu tədbir
davamlı olsun».
Rusiyanın «Kultura» (“Mədəniyyət”)
qəzetinin əməkdaşı, müasir incəsənət,
ədəbiyyat, kino və rok musiqisinə həsr etdiyi elmi-tənqidi
məqalələri ilə tanınan İrina Kulik öz məruzəsində
müasir incəsənət və onun problemlərindən
danışdı: «Müasir incəsənətin də
şou-biznes kimi müxtəlif sahələri var. Lakin fərq
ondadır ki, şou gəlir gətirdiyi halda, müasir incəsənət
heç bir gəlir gətirmir. İndi bir çox ölkələrdə
müasir incəsənət muzeyləri fəaliyyət
göstərir. Lakin insanlar başa düşməlidirlər
ki, bu muzeyləri təkcə öz ölkəsinin incəsənət
nümunələri ilə məhdudlaşdırmamalıdır.
Onlar həm də beynəlxalq standartlara uyğun
olmalıdır».
İ.Kulik müasir incəsənət
sahəsində jurnalistlərin rolunu da diqqətə
çatdırdı: «Jurnalistlər həm nəzəri, həm
də praktiki baxımdan müasir incəsənətin bir
çox sahələrini bilməli və yeri gəldikdə
onlara tənqidi yanaşmağı bacarmalıdır».
Tədbirin sonunda mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva «Mədəniyyətin
və mənəvi dəyərlərin təbliğində
kütləvi informasiya vasitələrinin rolu» adlı beynəlxalq
təlimdə iştirak edən jurnalistlərə sertifikatlar
təqdim etdi.
Nazir müavini belə bir tədbirin
gələcəkdə də davam etdirilməsinin vacibliyini
vurğuladı.
Mehparə
Mədəniyyət.-
2010.- 29 oktyabr.- S. 4.