Vasif Adıgözəlovun
“Çanaqqala-1915” monumental oratoriyası təqdim olundu
Əbülfəs Qarayev: “Vasif Adıgözəlov xalq musiqisindən bəhrələnərək öz
zəngin təxəyyülünün
məhsulu olan orijinal əsərlər yaradıb”
Xalq artisti Vasif Adıgözəlovun
75 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 28-də Dövlət
Filarmoniyasında bəstəkarın
“Çanaqqala-1915” oratoriyası səsləndirilib. Filarmoniyanın foyesində sənətkarın
həyat və yaradıcılığına həsr
edilmiş fotosərgi
nümayiş etdirilib.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev unudulmaz bəstəkarın mənalı
ömür yolu və zəngin yaradıcılığına nəzər
salıb. Nazir qeyd
edib ki, sevimli müəllimi Qara Qarayevdən müasir bəstəkarlıq
texnikasının incəliklərini
mənimsəyən Vasif
Adıgözəlov xalq
musiqisi qaynaqlarından
bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu
olan orijinal əsərlər yaradıb.
Bəstəkar
iki operanın - “Ölülər” və “Natəvan”, 6 musiqili komediyanın - o cümlədən
“Nənəmin şahlıq
quşu”, “Hacı Qara” (R.Mustafayev ilə birgə), “Boşanaq, evlənərik”,
“Aldın payını,
çağır dayını”
və s., həmçinin
“Odlar yurdu”, “Qarabağ şikəstəsi”,
“Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının,
3 simfoniyanın, “Segah”
muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika
mübarizə edir” və s. simfonik poemaların, 6 instrumental konsertin,
bir çox kamera-instrumental əsərin,
mahnı və romansların müəllifidir.
Sənətkarın zəngin yaradıcılığı
və geniş ictimai-pedaqoji fəaliyyəti
dövlətimiz tərəfindən
daim yüksək qiymətləndirilib. V.Adıgözəlov
Xalq artisti fəxri adına,
Dövlət mükafatına,
müstəqil dövlətimizin
iki ali mükafatına
- “Şöhrət” və
“İstiqlal” ordenlərinə
layiq görülüb.
Bəstəkarın “Çanaqqala-1915” oratoriyası
monumental əsər kimi
Türkiyə xalqının
həyatında əlamətdar
bir hadisə kimi yüksək dəyərləndirilib.
Gecədə dirijor, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun
və Azərbaycan Dövlət xor kapellasının bədii
rəhbəri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi
ilə Ü.Hacıbəyli
adına Dövlət
Simfonik Orkestrinin ifasında səsləndirilən
“Çanaqqala-1915” oratoriyası maraqla qarşılanıb.
Tədbirdə Baş nazirin
müavini Elçin Əfəndiyev, Türkiyənin
Azərbaycandakı səfiri
Hulusi Kılıç
və digər rəsmi şəxslər
iştirak ediblər.
Mədəniyyət.-
2010.- 29 oktyabr.- S. 2.