Əshabi-Kəhf
- müqəddəs məkan
Naxçıvan Muxtar Respublikasının ziyarətgahlarından
danışarkən ilk öncə yada “Əshabi-Kəhf ziyarətgahı”
dini-mədəni abidə kompleksi düşür.
Dünyanın müqəddəs yerlərindən sayılan «Əshabi-Kəhf»ə
inam olduqca güclüdür. Ziyarətgah tarixilik, dini
inancların zənginliyi baxımından bu gün də diqqəti
cəlb edir. «Əshabi-Kəhf» Naxçıvan şəhərinin
şərq tərəfində, keçmiş Haçaparaq kəndi
yaxınlığında yerləşir. Girişi güneydən
başlanan mağara quzey istiqamətdə, dağın
içərisinə doğru uzanıb gedir. Dünyanın bir
çox müsəlman ölkələrində, qonşu
İranda, Türkiyədə “Əshabi-Kəhf” ziyarətgahları
mövcud olsa da, “Qurani-Kərim”də adı keçən
mağaranın məhz Naxçıvanda yerləşən “Əshabi-Kəhf”
olduğu sübut olunub. Mağaranın müqəddəsliyi
xalq arasında yayılmış və bir sıra qaynaqlarda əksini
tapmış rəvayətlə bağlıdır.
Rəvayət,
yoxsa həqiqət
“Əshabi-Kəhf” ziyarətgahı
haqqında rəvayəti Naxçıvanda uşaqdan
tutmuş böyüyə qədər hamı bilir. Rəvayətə
görə, Allahdan üz çevirib bütlərə
tapınan Dağ Yunis adlı hökmdarın zülmünə
dözə bilməyən vəzir Təmirxan tək olan Allaha
inanan bir neçə dostu ilə zülmdən qurtarmaq
üçün şəhərdən qaçır.
Yolda hökmdarın
çobanına rast gəlirlər. Vəziyyəti öyrənən
çoban da zülmdən cana gəldiyini və ümidini bir
olan Allaha bağladığını bildirərək, onlara
qoşulur. Bu vaxt çobanın iti də ardınca gəlir.
İtin səs salıb onların yerini bildirəcəyindən
qorxuya düşürlər. Çoban iti heç bir vasitə
ilə qova bilmir, vurub ayağının birini
sındırır. Bir azdan baxırlar ki, it yenə gəlir.
Çoban onun ikinci ayağını sındırdıqda it
insan kimi dil açıb zülmdən
qaçdığını bildirir və ölür.
Çoban onu mağaranın girəcəyindən bir az
aralı, hazırda «Qitmir» adlanan yerdə basdırır. Bundan
sonra onlar qaçıb, yaxınlıqdakı mağaraya
sığınırlar. Onları dərin yuxu aparır.
Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti
öyrənmək və çörək almaq məqsədilə
vəziri şəhərə göndərirlər.
Şəhərə gələn vəzir
pul verib çörək almaq istəyərkən
yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandı, xəzinə
tapmısan? O isə inandırmağa çalışır
ki, pullar kimsənin deyil, onları dünən şəhərdən
çıxarkən özü ilə götürüb. Onu
başa salırlar ki, pullar üç yüz il bundan əvvəl
hökmdarlıq etmiş Dağ Yunisə aiddir. Burada bir
möcüzə olduğunu bilən vəzir başına gələnləri
danışdıqdan sonra maraqlanan insanlar mağaraya doğru
axışırlar. Vəzir yoldaşlarının bundan
qorxuya düşəcəklərini söyləyərək
onları xəbərdar etmək üçün qaçaraq
mağaraya gəlir. Baş vermiş möcüzəni
bildirir. Onların hər biri əl qaldırıb Allahdan qeyb
olmalarını diləyirlər. Allah onların səsini
eşidir, hər biri qayaya söykəndikləri kimi də yox
olur. Mağaraya daxil olanlar mağarada onların izlərini
tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir.
Xalq arasında yayılan bu rəvayət müəyyən dəyişikliklərlə
qaynaqlarda da öz əksini tapıb.
«Qurani-Kərim»də “Əshabi-Kəhf”dən bəhs
olunur
«Qurani-Kərim»in bu məsələ
ilə birbaşa bağlı olan on səkkizinci «Kəhf» surəsidir.
Qeyd etdiyimiz kimi, dünyanın bir sıra bölgələrində
«Əshabi-Kəhf» adı ilə tanınan mağaralar var ki,
onların da «Qurani-Kərim»də adı keçən
mağara olduğu iddia edilir. Bu məsələ «Qurani-Kərim»in
18-ci surə, 17-ci ayəsində belə açıqlanır:
«Baxsaydın, günəşin mağaranın sağ tərəfindən
doğub meyil etdiyini, sol tərəfdən onlara toxunmadan
batdığını, onların da mağaranın genişcə
bir yerində olduqlarını görərdin...».
Adətən mağaranın
içərisinə girəcəkdən baxarkən, yəni
girişdən sağ və sol nəzərdə tutulur, məhz
Naxçıvandakı «Əshabi-Kəhf»də içəri
girən (baxan) adamın sağı (bu nisbətdə
mağaranın sağ tərəfi) gündoğana
düşür. «Qurani-Kərim»dəki bu fikirlər
mağaranın Naxçıvanda olmasını sübut edir.
“Beləcə insanları onlardan xəbərdar etdik ki,
Allahın vədinin haqq olduğunu, qiyamətin şübhə
götürməz olduğunu bilsinlər. Bu sırada onlar
aralarında «Əshabi-Kəhf»in vəziyyətini araşdırırdılar.
Dedilər ki: «Üzərlərinə bir bina tikin. Rəbbləri
onları daha yaxşı bilir». Onların vəziyyətinə
vaqif olanlar isə: «Bizlər kəsinliklə onların yan
başlarında bir məscid tikəcəyik” - dedilər.
Naxçıvandakı «Əshabi-Kəhf»də indiki məscid
də qeyb olanların yaxınlığındadır.
Mağaranın qədimliyi ərazinin ilkin
yaşayış məntəqəsi olduğunu sübut edir
Mağaranın quruluşu, təbii
coğrafi şəraiti ilə tanışlıq buranın
ilkin yaşayış məskənlərindən biri
olmasını söyləməyə imkan verir. Mağarada
qışın soyuğundan, yayın istisindən qorunmaq
üçün hər cür şərait var. Son illərə
qədər mağaranın girəcəyindən
çıxan bulaq içməli suyu tam təmin edə
bilirdi. İndi bulaq quruyub. Mağaradakı təbii
sığınaqlar ayrı-ayrı otaqları
xatırladır. Uzun illər yandırılmış tonqalların
təsirindən divarlar xeyli qaralmışdır. Buranın təbii
girişi çox çətin keçilə bilən,
sürüşkən qayadan ibarət idi ki, bu da
mağaradakıları düşmənlərin və vəhşi
heyvanların hücumundan qoruyurdu. Ərazi bütövlükdə
qayalar və daşlardan ibarət olmasına baxmayaraq,
çoxlu ağac və kollar var.
Ziyarətgaha gələnlərin sayı ildən-ilə
artır
Bu gün “Əshabi-Kəhf ziyarətgahı”
dini-mədəni abidə kompleksi Azərbaycanda
tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə
insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda
qurbanlar kəsilir. İlin hansı dövründə olursan
ol, burada əcnəbi turistlərə rast gəlmək
mümkündür. Son illərdə “Əshabi-Kəhf”də
iki dəfə abadlıq, bərpa işləri
aparılıb, zəvvarlar üçün rahatlıq
yaradılıb, 13 km məsafədə rahat yol salınıb,
məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan
quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda
köşklər memarlıq baxımından fərqlənən
tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində
“Qonaq Evi”, “Bələdçi otağı” və hədiyyələr
mağazası da fəaliyyət göstərir. Azərbaycanın
bölgələrindən və müxtəlif müsəlman
ölkələrindən bu dini ocağa gələn zəvvarların
sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq
mərkəzinə çevrilib.
Hazırladı: Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2010.- 1 sentyabr.- S. 14.