İncinin tacı
Qədim
tarixə, zəngin mədəni irsə malik Naxçıvan
torpağı öz təbii gözəlliyi ilə fərqlənir.
Tanrı bu bölgəyə bir-birindən gözəl, ecazkar
təbiət mənzərələri bəxş edib. Bu qədim
yurdun torpaqlarını qarış-qarış gəzdikcə
hər obada, hər dağ cığırında bir sehrli aləm
görmək olur. Ordubad rayonu bu aləm içində
maraqlı bir səhifə yaradır. Özünəməxsus
iqlimi, flora və faunası ilə diqqəti çəkən
Ordubad torpağında əsrarəngiz təbiət abidələri
var. Onlardan biri də rayonun Pəzməri kəndi
yaxınlığındakı eyniadlı şəlalədir.
Təbii gözəlliklərinə
görə, Azərbaycan incisi sayılan Ordubadın tacı məhz
Pəzməri şəlaləsidir. Şəlalə Zəngəzur
silsiləsinin Ordubad rayonu ərazisində yerləşən
Ayıçınqılı aşırımından 3707 metr
hündürlükdən başlayan eyniadlı Pəzməri
çayının üzərində yerləşən təbiət
abidəsidir. Yuxarı axarlarda kanyonvari dar, kaskadlı dərələrdən
keçən, əsasən, bulaq və qar suları ilə
qidalanan və Pəzməri çayının qolu olan
Ayıçınqılı çayının Vənəndçaya
töküldüyü yerin yaxınlığında, dəniz
səviyyəsində 2161 metr hündürlükdə gur
şəlalə yaradır. Pəzməri şəlaləsi
su sərfi, axının sürəti, enerji ehtiyatı ilə
fərqlənir. Azərbaycanda ən böyük şəlalələrdən
biridir. Karbonatlı süxurlar üzərində şəlalənin
nisbi hündürlüyü təxminən 30 metrdir. Bu ilin əvvəlində
baş verən dağ uçqunu nəticəsində şəlalənin
bir hissəsi daş və qaya parçaları ilə dolub və
onun hündürlüyü qismən azalıb.
Pəzməri kəndindən 4-5
kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini
görmək üçün Naxçıvanın
bütün bölgələrindən buraya çoxlu turistlər
gəlir. Hərçənd şəlalənin yanına enmək
heç də asan deyil və hər adama nəsib olmur. Şəlaləyə
iki yerdən həm dağların zirvəsi ilə həm də
dərələrlə yol gedir. Şəlaləyə dərələrlə
gedən yol bu təbiət abidəsinin üzərində yerləşdiyi
Pəzməri çayının axarıyla yanaşıdır.
Dağların zirvəsi ilə gedən yolu isə ya atla, ya
da UAZ markalı avtomobillə getmək mümkündür. Amma
bununla belə yenə də şəlalə ilə möhtəşəm
görüşə çatmaq üçün mütləq
piyada yol getmək lazımdır.
Onu da qeyd edək ki, Pəzməri
şəlaləsi həm də Qaplan şəlaləsi
adı ilə tanınır. Bu isə onunla bağlıdır
ki, Pəzməri çayının bir neçə qolu var və
bu qollar birləşərək şəlalənin
özünün töküldüyü çayı əmələ
gətirir. Həmin qollardan ən bolsulu olanı isə Qaplan
çayı adı ilə tanınır. Bu da həmin ərazidə
qaplanın çox olması ilə əlaqələndirilir.
Çünki bu dağlar heyvanat aləmi ilə məşhurdur.
Zəngin təbiət burda ən müxtəlif heyvan növlərinin
yaşamasına imkan verir. Burada dağ keçisi, ayı,
canavar, porsuq və sair heyvanlara, o cümlədən müxtəlif
meşə quşlarına rast gəlmək olar. Amma ərazidə
qaplanın çox olması ilə bağlı buradakı
çay və şəlalə zaman-zaman bu dağ
yırtıcısının adı ilə
adlandırılıb.
Pəzməri şəlaləsi zəngin
enerji ehtiyatına malikdir. Şəlalənin orta illik su sərfi
1,34 m3/saniyədir. Yayın əvvəllərində su
sərfi 25 m3/ saniyəni
ötə bilir.
Keçmişdə şəlalənin kinetik enerjisindən istifadə etmək məqsədilə burada su dəyirmanı qurulub və dən üyüdülüb.
Pəzməri kəndinin yuxarı
hissəsində olan dəyirmanın qalıqları
da indiyə qədər qalır.
Hazırkı dövrdə isə
bu şəlalədən
və onun üzərində olduğu
çayın suyundan suvarmada və içməli suya olan tələbatın ödənilməsində istifadə
edilir.
Onu da qeyd edək ki, Pəzməri
çayının üzərindəki
eyniadlı böyük
şəlalədən başqa
bir neçə xırda şəlalə də mövcuddur. Bu şəlalələr ərazidə olduqca gözəl bir mənzərə yaratmaqla
yanaşı, həm də burada turizm potensialının olmasından xəbər verir. Təkcə muxtar respublika
sakinləri deyil, eləcə də vaxtaşırı, xüsusilə
də ilin yaz və yay
aylarında digər bölgələrdən də
əhalinin məhz bu şəlalələr kompleksini görmək üçün buraya gəlməsi diqqətçəkən
məqamlardan biridir.
Gələcəkdə bu ərazidə
turist bazalarının
yaradılması və
ekskursiyaların, turist
gəzintilərinin təşkil
olunması həm bu təbiət abidələrinin daha da məşhurlaşmasına,
həm də daha geniş ərazidə tanınmasına
kömək edə bilər.
Məmməd Babayev,
Naxçıvan
Mədəniyyət.-
2010.- 1 sentyabr.- S. 8.