Bu
dünyada mən də yaşamışam
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının quruluşçu
rejissoru, Xalq artisti, professor Ağakişi Kazımovun 75
yaşı tamam olur
Bir
azdan pərdələr açılacaq, zal işığa qərq
olacaq, zamanın fonunda əsrin dörddəüçünü
yola salmış Ağakişi Kazımov görünəcək.
Ömrünün 55 ilini teatra həsr edən, 100-dən
çox əsərə səhnə ömrü verən
Ağakişi Kazımov bu dəfə səhnədə öz
həyatını danışacaq. Səhv etmirəmsə, bu
cür tamaşalara monotamaşa deyilir.
O
film mənim dünyamı dəyişdi
- Həmişə məndən
soruşurlar ki, sənətə
bağlılığının özülü nə vaxt
qoyulub? Bu sualı eşidəndə uşaqlıq illərimə
qayıdıram. 6-7 yaşım olardı, Ağcabədinin
rayon mərkəzində yaşayırdıq. Qəsəbənin
qurtaracağında qohumumuz yaşayırdı, bir gün
onlara getmişdik. Müharibə illəri idi, çox
adamların evi xaraba qalmışdı. Dedilər ki, o boş
evlərin birində uşaqlar tamaşa göstərirlər.
İndiki kimi yadımdadır, çiy kərpicdən
tikilmiş ikimərtəbəli ev idi. İçəri
keçdik, gördüm 5-6 uşaq bir tərəfdə əyləşib.
Mən də keçib onların yanında oturdum. Divardakı
rəf yerləri boş idi, uşaqlar nə isə
danışırdılar, ora-bura qaçırdılar,
bir-birini vurub yıxırdılar. Bu mənim ilk
gördüyüm tamaşa idi. Yaman xoşuma gəlmişdi...
Gördüyü ilk tamaşa
heç vaxt onun hafizəsindən silinmədi. Böyük
teatrların böyük səhnələrində quruluş
verdiyi işıqlı, rəngli tamaşalar belə qorxu,
aclıq, səfalət içində yaşayan müharibə
uşaqlarının əylənmək və əslində
yaşadıqları dövrün mənzərəsini yaratmaq
səhnəsini ona unutdura bilmədi. Günlərin birində
isə möcüzə ilə qarşılaşdı...
- 12 yaşım olardı, “Hind sərdabəsi”
adlı ingilis filminə baxdım və deyəsən, ilk dəfə
möcüzə ilə qarşılaşdım. Film hindlilərin
həyatından bəhs edirdi. O filmdə qız ingilis zabitinə
vurulur, amma həyatı faciə ilə bitir. Onun ölüm səhnəsini
indiyə kimi unuda bilməmişəm. O film mənim
dünyamı dəyişdi, məni kinoya bağladı.
Evimizlə kinoteatr arasında 200
metr məsafə olardı, ya olmazdı. Hər gün
qaçıb kinoya gedirdim. Hər dəfə də buna
görə danlanırdım.
Amma heç bir qadağa onu kinodan ayıra
bilmədi. Müharibə yenicə qurtarmışdı,
Almaniyadan qənimət kimi gətirilən dünya kinosunun
incilərinə baxdıqca, baxmaq istəyirdi. Günlərin
birində kino qədər olmasa da, maraqlı bir məşğuliyyət
də tapıldı...
- Rayonumuzda Saleh Səfərov
adlı bir şəxs vardı, klubda dram dərnəyi
açıb ilk dəfə “Aydın” əsərini
tamaşaya qoydu. Mənə də kazinoda
lakey rolunu verdilər. Atam dərnəyə
getməyimi istəmirdi. Dedim ki, əgər icazə verməsən,
evdən çıxıb gedəcəyəm. Axır
ki, atam razı oldu. Amma bir dəfə də
olsun, o, tamaşalara gəlib baxmadı. “Aydın”,
“O olmasın, bu olsun” tamaşalarını oynadıq, ancaq tək
o iki tamaşa mənim taleyimi teatra bağlamadı. Şəhərdən gələn bir oğlan elə
hey Ələsgər Ələkbərovun oynadığı
Aydın, Vaqif rollarından, Sidqi Ruhulladan, Mərziyyə
Davudovadan danışırdı. Mən də
kinonu sevir, teatrı sehrli bir aləm kimi görürdüm.
Uşaqlığın
son yayı
- Tofiq, Xanməmməd, İsi və
mən dost idik. Dördümüz də bir məktəbdə
oxuyurduq.
İllər
keçdi, Tofiq həkim, Xanməmməd mühəndis,
İsi Məlikzadə yazıçı, mən isə
rejissor oldum. Onuncu sinifdə oxuyanda Moskva
Kinematoqrafiya İnstitutuna məktub yazıb xahiş etdim ki, qəbul
qaydalarını mənə göndərsinlər. Göndərdilər. Məktəbi
bitirən kimi dostlarım Bakıya yola düşdülər.
Atam imkansız adam idi, xırda-xuruş pul
toplayıb məni də Bakıya yola saldı, mən isə
buradan birbaşa Moskvaya yollandım...
Məşhur
kinorejissor olmaq arzusu ilk görüşdəcə puç
olur, onun kinoya olan isti münasibətinin
qarşısını soyuq cavab həmişəlik kəsir.
- Elə birinci söhbətimiz
zamanı mənə dedilər ki, səndən kinorejissor
olmaz. Mən də Bakıya qayıdanda fikirləşdim
ki, yaxşı olmayacaq, axı dostlarıma demişəm,
Moskvaya oxumağa gedirəm. Bu fikirlərlə
Rostovda qatardan düşdüm. Soraqlayıb
sənədlərimi Rostov Dağ-Mədən İnstitutuna
verdim, qəbul oldum. İndiyə kimi yadımdadır,
1952-ci il sentyabrın 20-si idi, bizi
şaxtaya apardılar. Şaxtaya düşəndə dedim, mən hara gəlmişəm? Müəllim
yolda təəssüratımızı soruşanda dedim, xoşuma gəlmədi. Səhəri
gün sənədlərimi alıb, Bakıya yola
düşdüm...
İnsan nə zaman
ki, taleyini özü yazmaq istəyir, Tanrı onu cəzalandırır.
Əliboş dostlarının yanına
qayıdanda artıq onlar tələbə adını
daşıyırdılar. Nə etmək olar, qismətdən
artıq kim yeyib ki...
- Bakıya gələn kimi Azərbaycan
Dövlət Teatr İnstitutuna yollanıb rektorun qəbuluna
girdim. Başıma gələnləri qısaca
ona danışdım. Dedi, düzdü, vaxt keçib,
amma boş yerlər var. Elə söhbət edirdik ki, bir də
gördüm bir kişi gəldi. Bu da Rza Təhmasib imiş. Rektor dedi ki, Rza, apar
bir bu oğlanı yoxla, gör nəyi var, nəyi yoxdur?
Etüd göstərdim, şeirlər dedim, geri qayıdanda
dedi, yaramır, üzündə şırım var. Rektor dedi
ki, Rza bir də yoxla, bacarıqlı cavana oxşayır. O da
dedi ki, yaxşı, sabah gəlsin.
Dərsə
başladığı ilk günlərdən Akademik Dram
Teatrının səhnəsində - “Xanlar”, “Şərqin səhəri”,
“Fərhad və Şirin”in ilk variantında, “Namus”, “Otello”
tamaşalarında kütləvi səhnələrdə
çıxış edir. Bir zaman adını
eşitdiyi nəhəng aktyorlarla bir səhnədə olmaq
xoşbəxtliyini ən unudulmaz günləri kimi
xatırlayır. Sənətinə qibtə etdiyi sənətkarlar
çox olsa da, bir sənətkar onun üçün əvəzsizdir...
Böyük sənətkarın xeyir-duası
- Adil İsgəndərov həm
böyük şəxsiyyət, həm böyük rejissor
idi. Məncə, hələ ona bərabər
teatr rəhbəri dünyaya gəlməyib. Mən
açıq deyirəm, heç kim də inciməsin.
1954-cü ildə III kursda oxuyurduq, Adil İsgəndərovun
qəzetdə müsahibəsi çıxmışdı.
O demişdi ki, qarşıdakı iki ildə Azərbaycan
Dövlət Teatr İnstitutunu qurtaranlardan Mahmud Allahverdiyev,
Ağakişi Kazımov və Şirin Abdullayevi teatra
götürmək fikrim var. Elə də oldu. 1955-ci
ilin fevralında əmrimi verib, məni teatra işə
götürdülər. Düz 55 ildir...
Bu illərdə o, dram
teatrının səhnəsində böyük həvəslə
“Almaz”, “Cavanşir”, “Şirvan gözəli”
tamaşalarında rollar yaradır.
- Mən bir yerdə görsəm ki,
perspektivdə mənim işimin heç bir işıqlı tərəfi
yoxdur, o yerdən milyon da alsam, çıxıb gedirəm. Bu mənim xasiyyətimin ikinci tərəfidir. Fikirləşdim ki, bu gedişlə Ələsgər
Ələkbərovun, Mustafa Mərdanovun yerini tuta bilməyəcəyəm,
heç Məmmədəli Vəlixanlını, Əjdər
Sultanovu demirəm. Qərara gəldim ki,
rejissor olacağam.
Bir gün rejissor Əliheydər
Ələkbərov məni yanına çağırdı.
O zaman o, İlyas Əfəndiyevin “Qəribə oğlan”
pyesini hazırlayırdı, dekorasiyalar sifariş
verilmişdi. Dedi, səninlə vacib söhbətim var. Əlavə
etdi ki, “Qəribə oğlan” tamaşasını başlamaq
istəyirdim, rolu bölməmişəm. İlyas
müəllim də məsləhət görür ki, bu
tamaşanı sən hazırlayasan.
O, böyük müvəffəqiyyətlə
“Qəribə oğlan” tamaşasını hazırlayır və
bu, Azərbaycan teatrında ilk musiqili dram tamaşası kimi
yadda qalır.
Rejissor olmaq arzusu
günü-gündən daha da artır. Günlərin
birində sənədlərini Leninqrad Dövlət Teatr,
Musiqi və Kinematoqrafiya İnstitutuna verir. Böyük sınaqlardan və çətinliklərdən
keçərək rejissorluq sənətinin sirlərinə
yiyələnir. Tatarıstan Dövlət
Akademik Dram Teatrında diplomqabağı tamaşalarını
- M.Baycıyevin “Duel” dramını və C. Cabbarlının
“Aydın” əsərini hazırlayır. Diplom
işi müvəffəqiyyətlə qəbul olunur. Təhsilini başa vurub Vətənə dönəndən
sonra onu Sumqayıt Dövlət Dram Teatrına direktor təyin
edirlər. Bir müddətdən sonra isə
bu teatrda baş rejissor işləyir. Gürcü
yazıçısı Georgi Xuqayevin “Arvadımın əri”
tamaşasını hazırlayır. Tamaşa
500-600 dəfə anşlaqla keçir. Nəcəf bəy
Vəzirovun “Müsibəti-Fəxrəddin”, Əfqanın
“Gülməyən adam”, Sabit Rəhmanın “Toy”
komediyalarını da bu səhnədə uğurla tamaşaya
qoyur.
Çətin
günlər arxada qalmışdı, sənət
uğurları bir-birini əvəzləyirdi. Müxtəlif səpkili tamaşalara quruluş verən
rejissorun sənət axtarışları isə davam edirdi.
N.Dumbadzenin “Darıxma, ana!” əsərinə Akademik Dram
Teatrının səhnəsində quruluş verəndən
sonra, bütün teatrların qapıları onun üzünə
açılır və Ağakişi Kazımov Azərbaycan
teatr tarixində yaddaqalan tamaşalara imza atır...
Hər
tamaşadan sonra ağlayan rejissor
Səhnədə
böyük rejissor həyatının anlarını yada
salır, xatırlayır, qulağına ardı-arası kəsilməyən
alqış səsləri gəlir. Bunlar sənətinə
və ömrünə düşən alqışlardır.
Ömrünün 75-ci payızında
öz-özü ilə söhbət edir. Sakit, təmkinli,
səmimi...
- Teatr sizin üçün nədir?
- Ömrüm, həyatım,
işim. Əgər öləndə həyatda bir az yaşamışam deyərəmsə, o da
teatra aiddir.
- Nə vaxt həyəcanlanırsınız,
pərdələr açılıb tamaşa başlayanda,
yoxsa tamaşa qurtarıb pərdələr bağlananda?
- Tamaşa hazır olub ilk dəfə
başlayanda çox narahat oluram ki, görəsən, necə
qarşılanacaq, necə qəbul olunacaq. Amma ilk
tamaşanı təhvil verəndən sonra, heç kim görmür, mən evə
ağlaya-ağlaya gedirəm. Hər tamaşadan sonra... Fikirləşirəm ki, tamaşa özü yeriyir,
daha mən kimə lazımam? Özümü kimsəsiz
və yetim kimi hiss edirəm...
- 75 yaşınız tamam olanda
hansı hissləri keçirdiniz?
- Bu yaşa
çatacağımı heç gözləmirdim...
- Həyatda istədiklərinizə
nail olmusunuzmu?
- Həyatda istədiklərimə
o qədər də nail ola bilməmişəm.
Ancaq sənətdə Tatarıstan Dövlət Akademik Dram
Teatrındakı “Aydın”, Gənc Tamaşaçılar
Teatrındakı “Söhrab və Rüstəm”, Akademik Milli
Dram Teatrındakı “Darıxma, ana!”, “Qəribə oğlan”,
“Büllur sarayda”, “Özümüzü kəsən
qılınc”, Köln-Düseldorf Almaniya Türk Dövlət
Teatrında Bəxtiyar Vahabzadənin “İkinci səs” və
Ü.Hacıbəylinin “Arşın mal alan”, Aşqabadda Nəcəf
bəy Vəzirovun “Yağışdan çıxdıq,
yağmura düşdük”, bir də Azərbaycan Dövlət
Opera və Balet Teatrında Şəfiqə Axundovanın “Gəlin
qayası” operası - 10 tamaşam bəs edər, deyim ki,
rejissoram. Mən vaxtın çox hissəsini
özümə tələbkar ola-ola uduzmuşam.
- Vaxt nədir?
- Bəzən heç nə, bəzən
ömrünün hamısını aparan amansız bir fakt.
Axırıncı xarakterik xüsusiyyətim bundan ibarətdir:
istərdim ki, öləndən sonra heç olmasa yüz nəfər
öz arzusu ilə gəlib məni yola salsın. Öz arzusu ilə, təhriklə yox. Mən
özüm can verəndə deyə bilim ki, bu dünyada mən
də yaşamışam...
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 1 sentyabr.- S. 7.