82
yaşlı Gənclər Kitabxanası
82 il
əvvəl Azərbaycan paytaxtında kiçik
bir kitabxana fəaliyyətə
başladı. Bu, sovet
hakimiyyəti qurulduqdan respublikada
yaranmış ilk kitabxanalardan
biri idi. 1928-ci ildə
fəaliyyətə başlayan kitabxana ilk illər çox çətinliklərlə üzləşsə
də, fəaliyyətini dayandırmadı, oxucuları,
xüsusən də gəncləri öz ətrafına
yığmağı bacardı. Beləcə C.Cabbarlı
adına Respublika Gənclər
Kitabxanası kimi tanınan, sevilən mədəniyyət
ocağına çevrildi...
Kiçik fonddan böyük kitabxanaya
Qiraətxana kimi fəaliyyətə başlayan kitabxana ilk illər fondunun məhdudluğu üzündən evlərə kitab vermək imkanına belə malik deyildi. Kitabxana yaradılarkən o zaman xalqın az hissəsi savadlı olduğundan insanların, xüsusilə də qadınların, qızların kitabxanaya gəlişi təsadüfi xarakter daşıyırdı. Zəngin kitab fondu yaratmaq, geniş oxucu kütləsini cəlb etmək 30-cu illərdə mədəniyyət ocağının qarşısında duran əsas hədəf idi. 1957-ci ildə kitabxana üçün daha əlverişli bina verilməsi ilə mədəniyyət müəssisəsinin imkanları genişləndi.
Kitabxananın fəal oxucusu, C.Cabbarlının yaxın dostu, Azərbaycan kinematoqrafiyasının pionerlərindən olan Məmməd Əlili xatirələrində yazır: «1957-ci il mənim üçün ən əziz ildir. Yeni binaya köçdükdən sonra kitabxana sanki yenidən yaranmış, daha da gözəlləşmişdi. Böyük dramaturqumuz C.Cabbarlının adını daşıyan kitabxana mənəvi sənət mülkünə çevrilmişdi».
Sonrakı illərdə kitabxana yalnız oxucu cəlb etməklə kifayətlənmir, paytaxtın bir çox məktəbləri, idarə və təşkilatlarla sıx əlaqələr yaradılırdı. Respublika Gənclər Kitabxanasına çevrildikdən sonra onun fəaliyyət dairəsi daha da genişləndi. 80-ci illərdə aparılan mədəni-kütləvi işlərin əsas məqsədi gənclərin elmi dünyagörüşünün formalaşması istiqamətində siyasi, fəlsəfi, iqtisadi, bədii ədəbiyyatı təbliğ etməkdən ibarət idi. Bu gün isə kitabxananın fondu daha da zənginləşdirilib, 8 şöbə yaradılıb, kitabların sayı 120 mini ötüb.
İctimai Hüquqi İnformasiya Mərkəzi
kitabxananın imkanlarını artırıb
Bu gün C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın tanınmış mədəniyyət müəssisələrindəndir. Kitabxananın direktoru Tahir Sadıqov deyir ki, son illər bu sahənin inkişafına diqqət xüsusilə artıb, ölkənin digər kitabxanaları kimi, Respublika Gənclər Kitabxanasında da bir sıra yeniliklər əldə edilib.
Kitabxana sisteminin inkişafında beynəlxalq əlaqələrin qurulmasının vacibliyini qeyd edən T. Sadıqov bu gün kitabxanada İctimai Hüquqi İnformasiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirdi. “2006-cı ildə qəbul olunan “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və köməkliyi ilə UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Rusiya komitəsi ilə razılıq əldə olundu və Azərbaycanda ilk dəfə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində İctimai Hüquqi İnformasiya Mərkəzi yaradıldı. Mərkəz 2007-ci ilin fevralından uğurla fəaliyyət göstərir. Mərkəzə edilən müraciətlər əsasında bu və ya digər təşkilata lazım olan informasiya elektron poçtla ünvanlara göndərilir”.
İctimai Hüquqi İnformasiya Mərkəzində çar Rusiyasından bugünkü dövrə qədər Rusiya Federasiyasının hüquqi bazasında istənilən sənədlə tanış olmaq mümkündür. Bu xidmət hər gün yeni məlumatlarla yenilənir. Hüquqi informasiya bazasından istifadə pulsuzdur. Mütəmadi olaraq hüquqi bazanın təşkilatçıları ilə əlaqələr yaradılır, Azərbaycanda yerləşən 35 məntəqənin nümayəndələrinin iştirakı ilə telekörpü qurulur.
T.Sadıqov deyir ki, onların Azərbaycanla yanaşı müxtəlif ölkələrdə belə istifadə bazaları var. “Onların dediyinə görə, Azərbaycan məlumatlardan istifadə, regionlar üzrə yüklənmə səviyyəsinə görə birincidir. Mən düşünürəm ki, sırf kitabxana nəzdində biz yaxın gələcəkdə hüquqi bazamızı yaradarıqsa, bu sahədə problem olmayacaq. Çünki artıq bu yöndə böyük təcrübə var. Mədəniyyət və Turizm Nazirliyinin bu addımı yüksək qiymətləndirilməlidir. Hüquq təşkilatları, hüquq sahəsinə dair elmi işlərlə məşğul olanlar da Mərkəzin fəaliyyətindən razılıq edirlər. Çünki bu imkanlardan istifadə etməklə Rusiyanın kitabxanalarına, arxivlərinə getməyə ehtiyac qalmır”.
Respublika Gənclər Kitabxanası həm də regionlarda fəaliyyət göstərən kitabxanaların metodiki mərkəzi rolunu oynayır. Hazırda kitabxananın fondu əsasən elmi kataloqa daxil edilib. Bu iş “İRBİS-64” avtomatlaşdırılmış kitabxana-informasiya sistemi ilə həyata keçirilir. Elektron kataloqda hər bir kitabın analitik təhlili verilir. Elektron kitabxananın, virtual kitabxananın yaradılması istiqamətində işlər isə davam etdirilir.
Beynəlxalq əlaqələr
genişlənir
Tahir Sadıqovun sözlərinə görə, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan sonra bu sahədə dinamik inkişaf hiss edilməkdədir. Azərbaycan kitabxanaçıları hər il müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edir. “Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən kitabxanamız da beynəlxalq kitabxana tədbirlərində fəal təmsil olunur. Əməkdaşlarımız Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərində keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.
Həmin tədbirlərdə xarici ölkələrin nümayəndələri də qeyd edirlər ki, Azərbaycanda kitabxana işinə diqqət böyükdür. Çünki az sayda ölkə tapılar ki, kitabxana-informasiya sahəsinin inkişafı üçün ayrıca dövlət proqramı qəbul edilsin”.
Yeri gəlmişkən, kitabxana bu yaxınlarda daha bir beynəlxalq tədbirdə iştirak etməyə hazırlaşır. Rusiya Federasiyasının Soçi şəhərində “Kitabxanalardan gələcəyə” adlı X beynəlxalq konfransda C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasından da nümayəndə iştirak edəcək. Konfransın təşkilində məqsəd kitabxanalarda sağlam həyat tərzi, idmana aid ədəbiyyatların təbliğidir. Dünyanın müxtəlif bölgələrindən kitabxana işçilərinin iştirak edəcəyi tədbirdə qarşılıqlı təcrübə mübadilələri aparılacaq.
Respublika Gənclər Kitabxanası fondun daha da zənginləşdirilməsi üçün Rusiyanın “Premyera” nəşriyyatı ilə də müqavilə bağlayıb. Razılaşmaya əsasən, Rusiyada nəşr olunan müxtəlif lüğətlər, ensiklopediyalar, informasiya texnologiyalarından bəhs edən kitablar alınaraq kitabxanaya gətirilir. Hazırda isə kitabxananın qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq kitabxanalararası əlaqələrin daha geniş səviyyədə qurulmasına nail olmaq, dünya informasiya məkanında kitabxananın fəaliyyətini tanıtmaqdır.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2010.-3 sentyabr.-
S. 15.