Qarşı
sahil - məmləkət
«Sovetlər Birliyində hər şeyin yasaq edildiyi bir
zamanda Nazim Hikmət Türkiyə üçün kommunizmin,
Azərbaycan üçün isə türklüyün simvolu
idi» (Anar). Bir vaxtlar Nazim Hikməti qəbul etməyənlər
də bu gün onun şeirlərini əzbər söyləyir
və sevirlər. Çünki Nazim Hikmət ötən əsrin
ədəbi zirvələrindən biri idi.
O, 1902-ci ilin yanvarında Osmanlı imperatorluğuna daxil olan Saloniki şəhərində (indiki Yunanıstanın ərazisi - red.) anadan olub. Atası Hikmət diplomat, anası Ayişə Cəlilə incəsənətlə, xüsusilə rəssamlıqla bağlı, elmi, müasir bir qadın imiş. Nazim Hikmət ilk təhsilini İstanbulda, davamını isə Moskvada alıb. Ziddiyyətli fikirlərlə dolu qaranlıq zamanın özündə Nazim Hikmət əslində bir şimşək idi. Sadəcə, qamaşan gözlər onu olduğu kimi görə bilmirdi.
Cəmi 61 il yaşamış bu böyük insan kəşməkəşli
bir ömrün sahibi olub. Ona 28 il
həbs cəzası kəsilib. Ömrünün
qızıl çağlarının 13 ilini
həbsxanada yatıb. İnandığı ideyaların
ucbatından sevgili Münəvvərindən,
ciyərparası Mehmetindən, bütövlükdə
Türkiyəsindən ayrı düşüb.
Əgər buna yaşamaq
demək mümkünsə, bu illərdə
həmişə təqib və təzyiqlərə məruz
qalıb. Ölkəsinə və millətinə bütün varlığı ilə
bağlı olan bu böyük insan, əsl vətəndaş
idi. Bir övlad kimi
həsrətini ürəyində daşıdığı İstanbulu şeirləri ilə oxşaya-oxşaya qalmışdı. O, elə
bir qatarın sərnişini idi ki, geriyə yol dönmürdü. Olumla ölüm
arasında çırpına-çırpına qalan Nazim Hikmət faciəsini
özü daha
yaxşı bilirdi. Demək olar ki, bütün
şeirlərində bu vurnuxan
yolların yolçusu olduğunu,
nigarançılığını elə qəribə bildirirdi ki...
Qovaqlarını öyməkdən
quru-quruya sevməkdən
nə çıxar, ey məmləkətim?!
Bu qəm dolu sualların qılınc tiyəsinin önündə bir nida gəlirdi: «Bu kədər öldürəcək məni!» Çünki Nazim apardığı dialoqun hər iki tərəfində özü tək dayanmışdı:
Nədir bu cəza-qədər?!
Belə bir kədər, beləsi gülüm,
bir
mənə məlum...
Nazimin şeirlərində narahat döyüntülü
ürəyinin səsi
illərin bu başında da apaydın eşidilir.
«Ölmək istəmirəm,
Şimala aparmayın məni!» Nə idi bu?
Peşmançılıq, yoxsa
ünvanına yetişməyən, odlara,
ahlara tuş olub pörşələnən haray? «Mən məni bir daha ələ
keçirsəm» - deyən Nazim Hikmət
yəqin röyalarının ən gözəlini gerçəkləşdirmək
istəyirdi. Çünki o,
əsl xoşbəxtliyi doğma torpaqda, vətəndə olmaqda
görürdü. Bəzən bunun üçün o, ruhuna şeirləri ilə
bir layla çalırdı:
Qara dəniz axır durmadan,
dəli həsrət. Dəli həsrət.
Oğlum, səni istəyirəm,
eşidirsənmi,
Mehmet, Mehmet?
Sağlığında da,
ölümündən sonra da Nazimə münasibət ziddiyyətli olub. Amma onu
duyanlar yaxşı bilirlər ki, kommunist ideyalarına inanan Nazim
aldanıldığını sonradan
gözəlcə anlamışdı. Görün,
o nə yazırdı:
Üflənən
bir şam kimi söndü,
yepyekə işıqlar...
Buzlu Baltik dənizinin kənarında
bir pəncərə örtüldü.
Açıldı bir pəncərə...
Petronun pəncərəsiydi
örtülən,
açılan Leninin pəncərəsi.
Əlavə şərhə ehtiyac yoxdur. Çünki bu pəncərələr eyni evə məxsusdur. Yəni imperiya dəyişmədi.
Nazim
Hikmət komsomolun da
şəninə şeir yazıb. Leninin ölümünə də inanmayıb.
Bu, onun günahı deyildi. Sadəcə, dünyada
bir gurultuya,
quruluşları yerindən tərpədən, milyonları öz arxasınca aparan sovet ideologiyasının təsiri bu azman türk
oğlunun da
qollarında qandala dönmüşdü.
Şair düşdüyü
tilsimdən çıxa bilmirdi. Bircə
köksündəki ürəyi əvvəlki kimi
millət üçün döyünürdü.
Ümid ağacının Leninin
ölkəsində ucalacağına nə qədər inansa da, onun
üçün məmləkətlər
içində bir şirin
məmləkət Türkiyə idi. «Qarşı sahil məmləkət...»
deyərək bütün şeirlərində
üzünü Vətəninə
tutardı. Nazim Hikmətin müxtəlif
ölkələrdə və nəşriyyatlarda çap olunmuş
kitablarını oxuduqca onun
duyumuna və addımına, həsrətinə
və məhəbbətinə, tərənnümünə və
xiffətinə, könüllü
olaraq ömrünü
alovlara tapşırmağına heyrətlənməyə
bilmirəm. Bioqrafiyası ilə şeirləri arasındakı
məsafənin oxşar və fərqli cəhətlərinin
son anda bir axara yönəlməsi
məni dəhşətə gətirir. Bu
səbəbdən də elə bilirəm ki,
Nazim Hikmət bu yolu özü qəsdən
seçib. Bilə-bilə. Hər şeyi gözləri ilə görmək, əsl
həqiqətləri öyrənmək üçün
dünyanı dolaşan Nazim,
görün, nə yazırdı:
Yer üzünə toxum kimi
səpmişəm ölülərimi,
Kimi Odessada yatar, kimi
İstanbulda, Praqada.
Ən sevdiyim məmləkət
yer üzüdür,
sıram
gəlincə yer üzüylə
örtün
üzərimi.
Əslində Nazim Hikmət
günəş kimi zamanın və vaxtın fövqündə
dayanaraq itkilərə,
tapıntılara, sevgi
və nifrətlərə,
ən başlıcası,
ayrılıqlara şeirləri
ilə meydan oxuyurdu.
Mən bir ceviz ağacıyam,
Gülhanə parkında,
Nə sən bunun farkındasan,
nə
də polis farkında.
Bu həm
də Nazim Hikmətin sözlərlə,
misralarla möhürlənmiş
mənəvi pasportu idi. Yəni cismim uzaqdadır,
özüm, ruhum Türkiyədə, onun adi parklarındadır.
Nazim Hikmət Azərbaycanla, Azərbaycan poeziyası ilə bağlı sənətkar olub. Yurdumuzda onu dərin məhəbbətlə seviblər.
Əsərləri əsasında Azərbaycanın
tanınmış rejissorları
«Bir məhəlləli
iki nəfər», «Yaşamaq gözəldir, qardaşım» filmlərini
çəkiblər. Dramları müxtəlif
teatrlarda tamaşaya qoyulub. Kitabları çap edilib.
Görkəmli bəstəkarımız Arif Məlikov Nazim Hikmətin sağlığında onun
əsəri əsasında
«Məhəbbət əfsanəsi»
baletini yazıb, şeirlərinə neçə-neçə
romans bəstələyib.
Dünyanın bir çox
opera və balet teatrlarında «Məhəbbət
əfsanəsi» tamaşaçıların
alqışlarını qazanıb.
Nazim Hikmət Azərbaycanın
görkəmli şair-yazıçılarından
Səməd Vurğun,
Mehdi Hüseyn, Rəsul Rza, Abdulla Şaiq, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov və başqaları ilə dostluq edib.
Şair Nəriman Həsənzadə
söyləyir: «Onun mənim həyatımda rolu böyük olub. Bu səbəbdən
də oğluma onun adını vermişəm. Nazim təkcə
qüdrətli şair
yox, həm də böyük ürək sahibi idi».
Səməd Vurğunun həyat
yoldaşı Xavər
xanım Nazimin Bakıya gəlməsini belə xatırlayırdı.
Vurğunun ölümü ona
bərk təsir eləmişdi. Nazim Xavər xanımı qucaqlayaraq deyib: «Qəmlənmə canım,
Səməd xalqının
içində öldü,
mən kafirlərin içində öləcəyəm».
Bu sözləri məhz «mən məni bir daha
ələ keçirsəm»
söyləyən Nazim
Hikmət deyirdi.
O, təkcə özünün
yox, çoxlarının
tora düşdüyünü,
aldadıldığını hayqırmağa məqam axtarırdı. Ən uca kürsü
isə onun poeziya aləmi idi. Hər şey yazılırdı.
Sonra zaman bütün müəmmalara
güzgü tutacaq:
İnsanlarım, ah. Mənim
insanlarım,
yalanla
bəsləyirlər sizi.
«Xəzər dənizi» adlı şeirində də Nazim Hikmət çox ustalıqla bəyan edirdi: «Ucsuz-bucaqsız, dəlisov,
duzlu bir sudur Xəzər! Xəzərdə dost gəzər,
e...y, düşmən gəzər!..»
Nazim Hikmət ruhən, qəlbən həmişə Azərbaycana yaxın olub. O, çəkdiyi yanğıları sanki Bakıya gəlişi ilə söndürməyə çalışırdı. Bu böyük şair haqqında maraqlı kitablar çap etdirən yazıçı-jurnalist Aqşin Babayev öz tədqiqatlarında Nazim Hikməti həmişə olduğu kimi oxuculara çatdırmağa çalışıb. O bildirir ki, Nazim Hikmətin Türkiyədən sonra ikinci sevdiyi ölkə Azərbaycan, xüsusilə də Bakı olub. Bu da səbəbsiz deyildi. Doğma məmləkəti zamanın hansı məqamındasa öz övladına laqeyd qaldığı illərdə məhz Azərbaycan, Bakı Nazim Hikməti öz doğması kimi bağrına basıb, onu sevib, qiymətləndirib. Nazimin Bakıya hər gəlişi böyük hadisəyə çevrilərmiş. Azərbaycanın görkəmli sənətkarları onunla bir yerdə olmaqdan, bir süfrə başında əyləşməkdən zövq alarmışlar. Məlumdur ki, çəkdiyi mənəvi əzablar, zindan həyatı, eləcə də bir çox dərdlər Nazimə ağır xəstəliklər gətirmişdi. O, zahirən boy-buxunlu və yaraşıqlı kişi olub. Üz-gözündə elə bir işıq var imiş ki, heç kəs onun xəstə olduğuna inanmazmış. Aybəniz Vəkilova danışırdı: «Mehdi əmimgildə (Mehdi Hüseyn nəzərdə tutulur - F.X.) qonaqlıq idi, süfrə açılmışdı. Nazim Hikmət birdən dilləndi: «Allah, Allah, yeyəcək var yeyəməm, içəcək var içəməm, gözəllər var sevəməm. Al canımı, İlahi».
Bu söhbəti də mənə heykəltəraş Münəvvər Rzayeva danışıb. O, 1954-cü ildə Moskvada təhsil alanda Nazim Hikmət ona həqiqətən atalıq edib. Münəvvər xanım Nazim Hikmətin sağlığında onun portretini işləmək səadətinə nail olub. Bakıya sonuncu gəlişində şair Münəvvər xanıma bir xahişini yetirib: «Münəvvər, qızım, bilirəm, mən öləndən sonra abidəmi işləyəcəksən. İki arzum var. Onun birini sən yerinə yetir, abidəmin üstündə uzaqda qalmış bir qadın surəti, mənimsə gözlərimi işlə. Yalnız iki gözlərimi. Elə canlı, elə diri ki, bilinsin mənəm baxan. Ona görə ki, ölmək yox, yaşamaq istəyirəm. Mən vətənimdə ölməliyəm».
İçində
bir yurd həsrəti
püskürən bu böyük
insan sanki əbədi
gedişin qəfil olacağını duyubmuş. Bəlkə də gələcək
onu qınamasın deyə, o dövr üçün
çətin və ağlagəlməz olan
vəsiyyətini edirdi: «Anadoluda bir kənd qəbiristanlığında
basdırın məni». Ürəyi soyumurdu,
yenə yazırdı: «Anadolu yaylasında
basdırılmağımı istəyirəm». O ağır
günə, o kəsiləcək nəfəsə
isə hələ 7-8 illik bir
məsafə var idi. Nazim Hikmət darıxırdı, sac üstünə düşmüş
buğda kimi qovrulurdu. Özünə yeni-yeni
adlar tapırdı: «Mən nəmli,
ilıq bir cənub gecəsiyəm». Amma nə səhər
açılırdı, nə Vətənə yollar görünürdü.
Saçlarımın ağında,
ürəyimin infarktında,
alnımın qırışlarındasan,
məmləkətim!
Elə bu sözlərlə də tamamlandı həyatı. 1963-cü il iyunun 3-də Moskvada dünyasını dəyişdi. Cismi yad ölkədə... «Ruhum bir irmakdır, gülüm, akar yukarıda, dağların arasında». Beləcə qurtuldu bu qəriblikdən. Nazim gedəli dünya da dəyişdi...
Flora Xəlilzadə
Mədəniyyət.-
2010.- 3 sentyabr.- S. 13.