Ağsuda qədim tariximizə dair
maraqlı faktlar aşkarlanıb
Azərbaycanın
qədim tarixinin, mədəniyyətinin tədqiq edilməsi,
dünyaya çatdırılması düşmən qüvvələrə
qarşı informasiya mübarizəmizdə ən tutarlı təbliğat
vasitələrindən biridir.
Bu baxımdan arxeoloji
qazıntılar zamanı aşkarlanan faktların, müxtəlif
əşyaların, maddi-mədəni nümunələrin dəyəri
olduqca böyükdür. Elə bu istiqamətdə
çalışan mütəxəssislərin, tarixçi,
etnoqraf və arxeoloqların üzərinə də
böyük məsuliyyət düşür. AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının
bu yaxınlarda Ağsu rayonunda apardıqları
qazıntılar da tariximizə dair çox dəyərli
faktları üzə çıxarıb.
Arxeoloji ekspedisiyanın rəhbəri
Qafar Cəbiyev, ekspedisiya üzvləri Fariz Xəlilov, Elmira
Abbasova və başqalarının iştirak etdiyi arxeoloji
qazıntı işlərini biz də müşahidə etmək
imkanı əldə etdik.
Qazıntı işləri Ağsu
şəhərinin yaxınlığında 40 hektar ərazini
əhatə edir. Buradan tapılmış nümunələr
göstərir ki, bu ərazi hələ orta əsrlərdə
yaxınlıqdakı Ağsu şəhərinin mərkəzi
olub. Qazıntılar zamanı aşkar edilmiş kanalizasiya
sistemləri bu ərazidə vaxtilə inkişaf etmiş
şəhər mədəniyyəti olduğunu göstərir.
Arxeoloji qazıntılar zamanı aşkara
çıxarılmış təndirlər, saxsı qablar,
digər məişət əşyaları buradakı təsərrüfat
məişətindən xəbər verir.
Burada aşkar edilmiş qədim
hamam isə xüsusi maraq kəsb edir və fərqli
memarlıq üslubuna malikdir. Hamam bir-biri ilə arakəsmə
qapıları olan divarlarla əhatə olunub.
Tapılmış tikinti qalıqları əsasən çay
daşlarından hörülüb. Çay daşlarından
istifadə, aşkar olunan tikililərdə ayrı-ayrı
binaları birləşdirən yollarda və küçələrdə
də özünü göstərir. Bu isə orta əsrlərdə
inşaat işlərinin çoxunun çay daşları ilə
aparıldığına dəlalət edir. Bundan başqa,
burada aşkar olunmuş dulusçuluq məmulatları və
onların əsasən də çoxluq təşkil etməsi
onu deməyə əsas verir ki, orta əsrlərdə Ağsu
şəhərində dulusçuluq sənəti geniş
yayılıb.
Qeyd edək ki, əldə
olunmuş nümunələr Ağsu Tarix
Diyarşünaslıq muzeyinə təqdim edilib. Muzeyin
direktoru Sevda Dəmirova bizə burada qorunub saxlanılan qədim
əşyalar haqda məlumat verdi. Muzeyin zalları ilə
tanış olduq. Sərgilənən tarixi eksponatlar insanı
bir anlıq əsrlər öncəyə aparır. Üzəri
rəngli boyalarla çəkilmiş, orta əsr miniatür sənətini
xatırladan saxsı lövhə, rəngli şirəli qablar
diqqəti daha çox cəlb edir.
Qeyd edək ki, ərazidə
qazıntı işləri hələ başa
çatmayıb. Çox güman ki, sonrakı
qazıntılarda Azərbaycan tarixinin orta əsrlər
dövrünə aid olan daha maraqlı faktlar üzə
çıxacaq. Həmin faktlarla xalqımızın qədim
mədəniyyətə malik olduğunu bir daha sübuta yetəcək.
Biz də bu işdə arxeoloqlarımıza uğurlar
arzulayırıq.
Eldar İbrahimoğlu
Mədəniyyət.-
2010.- 3 sentyabr.- S. 12.