Turizm təhsilində dərslik məsələsi
Ölkəmizdə turizm sektorunun inkişafı bu sahə
üzrə ixtisaslı kadr hazırlığının da təkmilləşməsini
zəruri edir. Bu baxımdan Azərbaycanda turizm profilli ali və
orta ixtisas təhsilli məktəblərdə hazırda rast gəlinən
çətinliklərdən biri də ana dilimizdə dərs
vəsaitlərinin yetərli səviyyədə
olmamasıdır.
Tələbələr
dərslik çatışmazlığından şikayətlənirlər
Mütəxəssislərin fikrincə,
dərslik məsələsi Azərbaycan turizm təhsilində
ən ciddi problemlərdən biridir. Turizm İnstitutunun
Turizmin təşkili və idarə edilməsi
kafedrasının müdiri Bahadur Bilalov deyir ki, hazırda tələbələr
az sayda dərsliklərdən istifadə edə bilirlər:
«Turizm İnstitutu fəaliyyətə başladığı
gündən tədris prosesinin dərslik və dərs vəsaiti
ilə təmin olunması yönündə işlərini
davam etdirir. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin təşəbbüsü ilə ATİ-nin
kitabxanasına xeyli sayda dərs vəsaiti təqdim olunub.
Bunların içərisində turizmlə bağlı
müxtəlif ölkələrdə nəşr edilmiş
kitablar var. Təbii ki, gələcəyin turizm işçiləri
mütləq xarici dil bilməlidirlər və turizmlə
bağlı ixtisaslarına uyğun materiallardan istifadə etməlidirlər».
Amma müsahibimiz etiraf edir ki, bu gün Azərbaycan dilində tədris materialı azdır və tələbələr də bundan əziyyət çəkirlər: «İnstitutun rəhbərliyi mövcud dərsliklərin Azərbaycan dilində tələbələrə çatdırılması yönündə müxtəlif planlar üzərində işləyir. Dəfələrlə elmi şurada bu məsələ müzakirə edilib. Rektor Cəfər Cəfərovun tapşırığı ilə kafedralarda işçi qrupları yaradılıb. Məqsəd kitabxanada olan dərs vəsaitlərinin ən vaciblərinin seçilib dilimizə tərcümə olunmasıdır».
İnstitut rəhbərliyi bu məsələdə bir çox çətinliklərlə qarşılaşır. Belə ki, dərsliklərin Azərbaycan dilinə tərcümə olunması üçün mütləq onların müəlliflərinin razılığı olmalıdır. Buna nail olmaq isə elə də asan başa gəlmir. Bundan əlavə, ATİ-nin kafedralarında Azərbaycan dilində dərs vəsaitlərinin hazırlanması istiqamətində işlər görülür.
Qeyd edək ki, B.Bilalovun özünün müəllifliyi ilə turizmin tarixinə aid dərs vəsaiti hazırlanıb tələbələrin istifadəsinə verilib: «Kafedranın müəllimi Vüqar Dərgahovun «Turizm ehtiyatları» kitabı dərs vəsaiti kimi işıq üzü görüb. Eyni zamanda turizmin əsasları fənn proqramına uyğun olaraq, müəllimlər arasında keçirilən bölgü əsasında yeni bir dərs vəsaiti hazırlanır. Bu vəsaitin növbəti tədris ilində birinci kurs tələbələrinin ixtiyarına verilməsi nəzərdə tutulur. Bütün bunlardan əlavə, biz çalışırıq ki, mümkün qədər əlimizdə olan imkanlardan istifadə edib tələbələrə bu problemin həllində yardımçı olaq».
Yerli müəlliflərin
yazdığı vəsaitlərə daha
çox ehtiyac var
Azərbaycan Hotel Kompleksləri Assosiasiyasının İdarə Heyətinin üzvü, Turizm İnstitutunun müəllimi Müzəffər Ağakərimov da turizm sahəsinə dair bir neçə kitabın müəllifidir. M.Ağakərimov bizimlə söhbətində dərslik probleminin həll edilməsi üçün bir neçə tövsiyəsi olduğunu dedi: «İndi istifadə edilən dərs vəsaitlərinin, turizmin müxtəlif istiqamətləri üzrə qəzetlərdə, jurnallarda çap edilmiş məqalələrin müəllifləri bir yerə toplaşıb bu məsələni birlikdə müzakirə etməli, problemin həlli yollarını aramalıdırlar. Hazırda Həbibə Sultanova, Samir Babazadə, Bahadur Bilalov, Səyavuş Yeqanlının müəllifi olduğu dərsliklərdən Turizm İnstitutunda, Bakı Dövlət Universiteti, Qərb Universiteti və digər turizm profilli fakültələri olan ali təhsil müəssisələrində vəsait kimi istifadə edilir. Amma bunlar çox azdır. Mənim təklifim odur ki, bu müəllifləri maddi baxımdan həvəsləndirmək üçün müxtəlif qeyri-hökumət təşkilatları layihələr çərçivəsində vəsaitlər ayırsınlar. Turizmin müxtəlif qolları və hotelçilik üzrə daha geniş və keyfiyyətli dərs vəsaitləri yazılmalıdır. Çünki dərslik yazmaq həm çətin, həm də məsuliyyətli bir işdir. Hər bir müəllif öz yazdığı fikrə görə cavabdehlik daşıyır. Yazılan dərs vəsaitləri ali təhsil ocaqlarının elmi şuralarında müzakirə edilməli və oradan keçməlidir. Mən turizmə dair üç kitabın müəllifiyəm. Bunlar «Mehmanxana təsərrüfatı», «Ekskursiya və ekskursiya bələdçisi» və «Hotel» kitablarıdır. Bu vəsaitlərin hər üçü Bakı Dövlət Universitetinin coğrafiya kafedrasının elmi şurasında müzakirə edildikdən sonra dərs vəsaiti kimi tövsiyə olundu».
Xarici müəlliflərin vəsaitlərinin dilimizə tərcümə edilməsi məsələsinə isə M.Ağakərimovun münasibəti fərqlidir: «Xarici dildə olan dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi lazımdır. Amma burda bir neçə məqamı da xüsusilə nəzərə almaq lazımdır. Birincisi, bu ədəbiyyatlarda turizm sahəsinə aid elə terminlər var ki, onların dəqiq tərcüməsini vermək mümkün deyil. Bizim öz müəlliflərimizin yazdığı vəsaitlər Azərbaycanda turizmin inkişafına daha çox kömək edər. Çünki hər ölkənin öz coğrafiyası, öz təbiəti və xarakterik turizm potensialı var. Öz müəlliflərimizin yazdığı kitablarda regionlarımız haqqında, onlarda turizmi necə qurmaq, necə inkişaf etdirmək, Azərbaycanın müxtəlif şəhərlərində infrastrukturu necə qurmağın yolları haqqında fikirlər öz əksini tapır. Yəni bu kitablar sırf ölkəmizin turizm imkanlarını əks etdirəcək».
ATİ-nin kitabxana fondu 5 mini keçib
ATİ-nin
rektoru Cəfər Cəfərovun dediyinə
görə, ixtisas ədəbiyyatı
baxımından Turizm İnstitutunun
kitabxanası ölkədə birincidir.
Digər fənlər üzrə isə tələbələr
başqa kitabxanalara
müraciət edə bilərlər: «Bizim
kitabxana fondumuz
artıq beş mini keçib. Bunların da xeyli hissəsi
ixtisasa aiddir. Rus, ingilis, alman dillərində olan kitablarımız da var. Dövlət Dillər Universiteti məktəbləri
istisna olmaqla, heç bir ali təhsil
ocağında bizim institutdakı qədər
xarici dilə dərs saatı ayrılmır. Bir tələbə təhsil müddətində
3000 saatdan çox dərs keçir. Bunun 1000 saata yaxını dil dərsləridir.
Biz çalışırıq
ki, tələbələr
xarici dildə olan ədəbiyyatlardan istifadə etməyə meyilli olsunlar. Çünki turizm sektorunda
çalışan hər
bir insan xarici dil bilməlidir.
Bəzən elmi şuranın
iclaslarında belə
bir haqlı sualla qarşılaşıram
ki, menecment ixtisası üzrə oxuyan tələbənin vaxtını ixtisasdan çox dil dərslərinə sərf
etməsi nə qədər doğrudur?
Amma hələlik buna məcburuq. Çünki dili bilmədən
turizm biznesində işləmək qeyri-mümkündür».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 3
sentyabr.- S. 9.