Dahi şəxsiyyətin istedad axtarışı

 

   Üzeyir Hacıbəylinin Gəncə və Naxçıvan səfərləri

  

   “Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Bu iki mühüm keyfiyyət vəhdətdə olmalıdır. Yalnız bu halda əsil böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyir Hacıbəyliyə məhz belə bir səadət nəsib olmuşdur”. Unudulmaz bəstəkarımız Fikrət Əmirovun öz müəllimi haqqında söylədiyi bu fikirdə Üzeyir bəyin dahi bəstəkarın sənəti və şəxsiyyəti öz təcəssümünü tapır.

  

   Üzeyir Hacıbəylinin yaradıcılığı büsbütün xalq, vətən sevgisindən yoğurulub. O, əsərlərini ilk növbədə xalqın mənəvi zövqünü oxşayaraq, onun daxili aləmini zənginləşdirmək, bədii estetik dünyagörüşünü yüksəltmək baxımından qələmə alırdı. Təbii ki, bu da milli bəstəkarlıq məktəbinin əsası deməkdir. Bu ideya ilə yazıb-yaradan Üzeyir bəyin belə bir şüarı və bəstəkarlara tövsiyəsi vardı: “Əgər bir musiqi sənin xalqının xoşuna gəlirsə, bil ki, o, bütün xalqların xoşuna gələcək və beynəlmiləl bir əsər olacaq”.

   Doğrudan da Üzeyir bəyin bu deyimi onun yaradıcılığının əsas mahiyyətidir. Bəstəkar təkcə öz əsərləri ilə deyil, həm də insanlara qayğıkeş münasibəti, yüksək humanist keyfiyyətləri ilə hər eldə, hər obada özünə möhtəşəm abidə ucaldıb. O, Azərbaycanın hansı guşəsində olsaymış, orada ilk növbədə istedadlı insanlarla maraqlanarmış. Bu yerdə Üzeyir bəyin qədim Şəki torpağına səfəri ilə bağlı müdrik bir qocanın söylədiklərini xatırlayıram. “Şəkinin musiqi folkloru” mövzusunda dissertasiya üzərində işləyərkən tez-tez orada ekspedisiyalarda olurdum. Bu ekspedisiyaların birində qocaman tarzən Fərrux Əbdürrəhmanov mənə ustad xanəndə Əlövsət Sadıqovla bağlı maraqlı bir əhvalat danışdı. Bu hadisəni də ona Əlövsət Sadıqov özü danışıbmış. Belə ki, balaca Əlövsət ailəsinə kömək məqsədilə Şəkinin küçələrini gəzərək qatıq satırmış. Təsadüfən Üzeyir bəy Şəkidə olarkən onun məskunlaşdığı məhəllədə qatıq satan Əlövsətin səsi böyük sənətkarın diqqətini cəlb edir. Ev sahibindən uşağın kimliyini soruşur. “Onun yaxşı səsi var. Bəlkə onu Bakıya aparım” - deyərək Əlövsətlə ciddi maraqlanır. Lakin balaca Əlövsətin atası buna razı olmur. Deyir ki, o, hələ uşaqdır. Bakıda baş çıxara bilməz, həm də ailənin ona ehtiyacı var. Üzeyir bəy isə öz növbəsində “Nə vaxtsa bu uşaq Bakıya gələcək və yaxşı xanəndə olacaq” - deyir. Belə də olur. Doğrudan da dahilər uzaqgörən olurlar. İllər keçir. Əlövsət Sadıqov Bakıya gəlir. Opera və Balet Teatrının solisti olur, Üzeyir bəyin əsərlərinin baş qəhrəmanlarını oynayır. Unudulmaz sənətkarımız Gülxar Həsənova öz xatirələrində söyləyirdi ki, dəfələrlə Üzeyir bəy Əlövsətin oynadığı Məcnuna, Kərəmə tamaşa edər və ondan çox razı qalardı. Üzeyir bəylə bağlı bu xatirələri mən Əlövsət Sadıqova həsr etdiyim “Sənətin Əlövsət zirvəsi” kitabına da daxil etmişəm.

   Bu hadisə bir daha sübut edir ki, Üzeyir bəy daim istedad axtarışında olub. Buna bənzər hadisə Gəncədə də baş verib. Bu hadisəyə keçməzdən əvvəl musiqişünas Rauf İsmayılzadənin 2005-ci ildə yazdığı “Üzeyir Hacıbəyov Gəncədə” kitabını qeyd etmək yerinə düşərdi. Müəllif kitabda Üzeyir bəyin Gəncəyə səfərlərindən geniş bəhs edir. Bu yerdə onu da qeyd etmək istəyirəm ki, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Bakıdan sonra tamaşaya qoyulduğu ikinci məkan məhz Gəncə (31 may 1910-cu il) olub.

   Ümumiyyətlə, Üzeyir bəyin Gəncəyə gəlişi hələ seminariyada oxuduğu illərdən başlayır. Belə ki, yenə də Rauf müəllimin kitabına istinadən bəlli olur ki, onun seminariyada İsmayıl Qayıbov adlı bir gəncəli dostu varmış. Kitabda İsmayıl Qayıbovun xatirələri öz əksini tapır. Gəncənin görkəmli maarif işçisi olan bu şəxs 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında Üzeyir bəylə birgə təhsil alıbmış. Onun xatirələrindən:

   “Üzeyirlə yaxın dost idik. Yay tətilində mənimlə Gəncəyə gəlməsini təklif etdim. 1900-cü ildə ilk dəfə o, mənimlə Qoridən Gəncəyə gəldi. Seminariyanın dərs proqramına uyğun olaraq burada bir neçə xanəndə və sazəndə ilə görüşüb onların ifasından 50-yə qədər xalq mahnısını nota saldı”. Xatırladaq ki, bu zaman Üzeyir bəyin cəmisi 15 yaşı var idi. Bu onun sənətdə göstərdiyi fədakarlığın ilk nümunələrindəndir.

   Sonrakı dövrlərdə də Üzeyir bəyin İsmayıl Qayıbovla dostluq münasibətləri davam edir. Hətta onun adı “Leyli və Məcnun” operasının ilk tamaşasında da var. Üzeyir bəy xatirələrində yazır: “Leyli və Məcnun” operası birinci dəfə tamaşaya qoyularkən orkestrin heyəti skripkaçı seminariya yoldaşlarımdan ibarət idi. A.Terequlov, Ağaəli Qasımov, Fərhad Ağayev, İsmayıl Qayıbov və başqaları”.

    Bu fakta əsasən İsmayıl Qayıbov da xatirələrində yazır ki, Üzeyir ona məktub yazaraq “Leyli və Məcnun” adlı opera yazdığını bildirib: “O, məni bu əsərdə skripka çalmaq üçün Bakıya dəvət edirdi. Mən Bakıya getdim. Biz günlərlə məşq etdik. Nəhayət, əsər tamaşaya qoyuldu və rəğbətlə qarşılandı”.

   “Leyli və Məcnun” operası ilə Gəncəni daha bir hadisə də bağlayır. Bunu da Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski “Bir aktyorun xatirələri”ndə (bu xatirə də Rauf İsmayılzadənin kitabında yer alıb) qeyd edir.

   H.Sarabskinin xatirələrindən: “İbn Səlam, Nofəl, Leylinin və Məcnunun ata və anasını oynayanları birtəhər tapdıq. Leyli tapılmadı. O yanı, bu yanı axtardıqdan sonra Gəncəyə Üzeyir Hacıbəyovun dostu İsmayıl Qayıbovgilə gəldik. Xan bağına gəzməyə çıxdıq. Çayçıda 12-13 yaşlı bir çayçının oxuya-oxuya çay paylamasını eşitdik. Onun adını və ünvanını öyrənib onlara getdik. Əbdülrəhimin atası Mürsəlqulu kişidən xahiş etdik ki, icazə versin, onun oğlunu Bakıya aparaq. “Leyli və Məcnun” operasında Leyli rolunu oynasın. Çox xahişdən sonra razılıq aldıq. Ancaq bir şərtlə ki, Əbdülrəhim Fərəcovun Leyli olduğunu heç kəs bilməsin...”

   Beləliklə, məlum olur ki, Leyli rolunun ilk ifaçısı gəncəli Əbdülrəhim Fərəcov olub. Lakin o, yalnız bir dəfə, yəni ilk tamaşada oynayıb. Çünki dövrün qoçuları Əbdülrəhimi qadın bilib öldürmək istədiklərinə görə atası onu Gəncəyə aparır. Qısaca olaraq Ə.Fərəcov haqqında onu deyə bilərik ki, o, Gəncəyə qayıtdıqdan sonra musiqi təhsili alıb və ömrünün sonuna qədər Gəncənin musiqi həyatının inkişafına xidmət edib.

   Üzeyir bəyin sonrakı illərdə Gəncəyə səfərləri çox olub və dəfələrlə burada onun əsərləri səhnələşdirilib. Məsələn, 1916-cı və 1921-ci illərdə “Arşın mal alan” operettası, 1941-ci ildə “Koroğlu” operası tamaşaya qoyulub.

   Gəncəlilərin Üzeyir bəyə hörmət və məhəbbətindən çox danışmaq olar. Bu da Üzeyir bəyin Gəncənin mədəni və ictimai həyatındakı xidmətləri ilə bağlıdır. Belə ki, Üzeyir bəy 1920-ci ildə təşkil edilən Xalq Maarif Komissarlığı nəzdində yaranan incəsənət şöbəsinin rəhbəri təyin edilir. Həmin vaxtdan etibarən o, Azərbaycanın bütün bölgələrində o, cümlədən Gəncədə musiqi mədəniyyətinin inkişafına xüsusi diqqət yetirir. Gəncədə 1923-cü ildə ilk musiqi məktəbinin, sonra musiqi texnikumunun açılması, daha sonra Gəncə Dövlət Filarmoniyasının təşkili məhz Üzeyir bəyin rəhbərliyi və təşəbbüsü ilə mümkün olub.

   Onun ideyalarını həyata keçirən gəncəli sənətkarlar da Üzeyir bəylə çiyin-çiyinə çalışıb. Onlardan unudulmaz bəstəkarımız Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirovun da adını çəkə bilərik. O, Üzeyir bəylə yaxın dostluq edib. M.C.Əmirov Türkiyədə professional musiqi təhsili almışdı, mahir tarzən, müğənni və bəstəkar idi. Onun 1915-ci ildə Gəncədə ilk dəfə səhnəyə qoyulan “Seyfəl-Mülk” operasının tamaşasına Üzeyir Hacıbəyli də dəvət edilmişdi. M.C.Əmirov həm də muğam və xalq musiqimizin geniş təbliğatçısı olub. O, ilk dəfə “Heyratı” zərbi muğamını nota köçürərək nəşr etdirib.

   Üzeyir Hacıbəylinin Gəncəyə hər gəlişi yeni ideyalarla bağlı olub. Bu yerdə yenə də Rauf İsmayılzadənin Üzeyir bəyə həsr etdiyi kitabına müraciət edərək 1933-1938-ci illərdə Gəncə Musiqi Texnikumunun direktoru olmuş İsaq Bağırovun xatirəsini nəzərinizə çatdırırıq:

   “Üzeyir Hacıbəyov 1933-cü ilin sentyabr ayında bizim musiqi texnikumuna gəlib. Bəstəkarın təklifi ilə biz evbəev gəzib skripka və violonçeldə çalmaq üçün milli kadrlar toplayıb Üzeyir müəllimin göstərişi ilə ikiqat təqaüdlə təmin edirdik. Bir neçə ildən sonra şəhərimizdə artıq violonçelçilər ansamblı və kamera orkestri fəaliyyət göstərməyə başlamışdı”.

   Bəzi sənədlərdən bəlli olur ki, hətta Üzeyir bəyin təşəbbüsü ilə 1930-cu ildə Gəncədə ilk xalq çalğı alətləri ansamblı da yaranıb. Bütün bu deyilənlər Üzeyir Hacıbəylinin ictimai fəaliyyətində qədim Gəncə torpağına ayırdığı diqqət və qayğının bəlkə də az bir hissəsidir.

   Dahi bəstəkar, demək olar ki, bütün bölgələrimizdə belə xidmətlər göstərib. Bu mənada dahi sənətkarın Naxçıvanla da sıx bağlılığı olub. Onu da qeyd edək ki, Üzeyir bəy 1937-ci ildən ömrünün sonuna qədər Naxçıvandan seçilən xalq deputatı kimi bu bölgənin əhalisinin bütün problemləri ilə yaxından tanış olub və onların həllinə çalışıb. Bu yerdə yenə də xatirələrə üz tutaraq Üzeyir bəyin tələbələrindən biri, mərhum bəstəkar Məmməd Cavadovun dediklərini nəzərinizə çatdıraq:

   “Üzeyir bəyi Naxçıvanda həddən çox sevirdilər. Mən şəxsən bunun şahidiyəm. Çünki Üzeyir bəyin məsləhəti ilə bir müddət Naxçıvanda işləmişəm. 1946-cı ildə məni Naxçıvana musiqi məktəbində müəllim və teatrda dirijor işləməyə göndərdilər. Mən çalışırdım ki, bu işlərin öhdəsindən layiqincə gəlim. Çünki Üzeyir bəy tez-tez bura gəlirdi. O, Naxçıvanda mədəniyyətin, xüsusən də musiqinin inkişafına diqqətlə yanaşır, yeni-yeni layihələr həyata keçirməyi təklif edirdi. Gəlişlərinin birində o, mənim fəaliyyətimlə ciddi maraqlandı və işlərim onu qane etdi. Odur ki, yerli hökumət nümayəndələrinə tapşırdı ki, Məmmədə lazımi köməyi göstərin və onunla birlikdə xalq çalğı alətləri orkestri yaradın. Bununla da Üzeyir bəyin məsləhəti və mənim rəhbərliyimlə Naxçıvanda xalq çalğı alətləri orkestri fəaliyyətə başladı”.

   Üzeyir bəy deputat olduğu zaman tez-tez Naxçıvana gələrək, oranın ictimai-mədəni həyatı, seçicilərin şəraiti ilə yaxından maraqlanardı. Üzeyir bəyin deputatlığı dövründə onun Naxçıvandakı ictimai fəaliyyəti barədə bəlkə də ayrıca bir monoqrafiya yazıla bilər. Çünki bu barədə çox danışmaq olar. Hər sahədə bizlərə örnək olan Üzeyir bəy elə bu günün millət vəkilləri üçün də əsil məktəbdir. O məktəbdən bəhrələnsələr xalqa daha çox mənfəət verərlər. Çünki, xalq onu sevən, onun rifahı üçün çalışan övladlarını heç vaxt unutmur. Odur ki, bu yazını da şairimiz Məmməd Rahimin dahi sənətkara həsr etdiyi şeirdən misralarla bitiririk:

  

   Xalqım bu dünyada nə qədər sağdır,

   Bizim Üzeyir də yaşayacaqdır.

   

 

   Səadət Təhmirazqızı,

   Musiqişünas

 

   Mədəniyyət.- 2010.- 3 sentyabr.- S. 7.