Səyyar
yay kursları uğurla
yekunlaşdı
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin bölgələrdə təşkil
etdiyi səyyar yay kursları artıq başa çatıb. 4
region üzrə 21 rayonu əhatə edən səyyar yay
kurslarında 429 nəfər dinləyici iştirak edib və
sonda onlara vəsiqələr təqdim olunub.
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov bu
il ilk dəfə təşkil olunan səyyar yay
kurslarının məqsədi, əhəmiyyəti və əldə
olunan nəticələrdən danışdı.
- Mərkəzin Sistemli Təhlil və
Proqram Təminatı Laboratoriyasında aparılmış təhlilin
nəticəsi göstərdi ki, yerlərdə, kənd klub
müəssisələri işçilərinin və kənd
kitabxana işçilərinin təxminən 55, bəzi yerlərdə
isə 60 faizinin təhsili ümumi orta və yaxud da
qeyri-ixtisasdır. Çıxış yolu kimi yerlərdə
səyyar yay kursları təşkil etmək qərarına gəldik.
Bunun üçün tanınmış müəllimləri,
mütəxəssisləri bu kurslara cəlb etmək və
yerlərdə 10 gün, 72 saat həcmində dərslər təşkil
etmək, o dərslərin 80-85 faizi bilavasitə ixtisasla
bağlı olmasını həyata keçirmək istədik.
Yeniliyi hər zaman dəstəkləyən hörmətli
nazir təşəbbüsümüzə dəstək verdi.
İyul ayının 6-da səyyar
yay kurslarına İsmayıllı bölgəsində start
verdik, ətraf rayonlar da əhatə olunmaqla bu zonada 108 , Quba
bölgəsində 110 , Lənkəran zonasında 90 , Şəki
bölgəsində isə 114 nəfər və ümumilikdə
429 nəfər səyyar yay kurslarında iştirak etdi.
- Səyyar yay kursları mədəniyyət
müəssisələri və kitabxana işçiləri tərəfindən
necə qarşılandı?
- Dinləyicilər böyük həvəs
və razılıq hissi ilə bu kurslarda iştirak etdilər,
bir tərəfdən nəzəri biliklərini
artırdılar, müəyyən qədər də praktiki vərdişlərə
yiyələndilər. Çünki kurslarda nəzəri
mühazirələrlə yanaşı, təcrübə
saatları, seminarlar, müəyyən maraqlı tədbirlərin
keçirilməsi, xüsusilə klub müəssisələri
işçiləri üçün, səhnələrin
qurulması üçün plan-proqramlar təşkil
etmişdik. Kurslarda bütün bunlara nail olduq və dinləyicilər
olduqca razı qaldılar. Öz yaşadıqları yerdə
kursda iştirak etmək onlar üçün də əlverişli
idi.
- Bölgələrdə təşkil
olunmuş kurslar zamanı tarixi yerlərə də, yəqin
ki, baş çəkdiniz?
- Müəllim heyəti, dinləyicilərin
bir qismi bölgələrdəki tarixi abidələrlə,
muzeylərlə tanış oldular. İsmayıllıda olarkən
Lahıc kəndinə, Qubada Qırmızı qəsəbəyə
getdik. Şəkidə Xan sarayını, Kiş kəndində
Alban məbədini, Marxalı ziyarət etdik. Lənkəranda
tarix-diyarşünaslıq muzeyində olduq. Eyni zamanda bu
bölgələrin təbiəti ilə də yaxından
tanış olmaq imkanı əldə etdik.
- Kurslara neçə müəllim
cəlb olunmuşdu?
- 12 nəfərdən ibarət
komandamız vardı, bura müəllim heyəti və bizim
işçi heyəti daxil idi. BDU-nun dosenti Sahib Rzayev, Mədəniyyət
və İncəsənət Universitetinin dosentləri
Mübariz Süleymanlı, Arif Rəhimov, sənətşünaslıq
elmləri namizədi Zəminə Axundova, Milli Kitabxananın əməkdaşı,
kitabxana işinin təşkili üzrə mütəxəssis
Səmayə Quliyeva və bizim mərkəzin mütəxəssisləri
kurslarda iştirak edirdilər, istər nəzəri, istər
praktik baxımdan öz bilik və bacarıqlarını dinləyicilərlə
bölüşürdülər.
- Yəqin ki, səyyar kurslar
növbəti illərdə də davam edəcək.
- Kurslar 4 region üzrə 21 rayonu əhatə
etdi ki, bu da respublikanın üçdə biri deməkdir. Digər
rayonlarda da həmin kateqoriyalı işçilərin kursdan
keçməsinə ehtiyac var. Belə
düşünürük ki, Aran rayonları yayda çox
isti olduğundan yaz-payız aylarında davamlı olaraq bu
prosesi həyata keçirək. Mərkəzin Sistemli Təhlil
və Proqram Təminatı Laboratoriyasında biz yenə də
digər kateqoriyalar üzrə təhlillər aparırıq
və növbəti illərdə bu cür kursları davam
etdirəcəyik.
Mədəniyyət və turizm
nazirinə təşəkkürümüzü bildiririk ki,
bizim təşəbbüsümüzü dəstəklədi,
reallaşması üçün şərait yaratdı və
gözlədiyimizdən də qat-qat artıq nəticə əldə
etdik.
Təranə
Vahid
Mədəniyyət.-
2010.- 3 sentyabr.- S. 4.