Orqan musiqisinin mahir ifaçısı
Əsrarəngiz
orqan alətinin səsi insanı hər zaman valeh edən, onu
möcüzəli aləmə aparan bir musiqi olub. Azərbaycanda
orqan ifaçılığının təşəkkülü
respublikanın Əməkdar artisti, professor Zəhra Cəfərovanın
adı ilə bağlıdır. 1961-ci ildə onun təşəbbüsü
ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) fortepiano
şöbəsinin nəzdində orqan sinfi təşkil
edilib. 1995-ci ildə isə həmin sinfin əsasında “Orqan
və klavesin“ kafedrası açılıb.
Zəhra xanımın təşəbbüsü
ilə 1961-ci ildə Konservatoriyada kiçik tədris
orqanı, 1964-cü ildə böyük zalda konsert orqanı,
1990-cı ildə isə Kamera və orqan musiqisi zalında
konsert orqanı quraşdırılıb.
Elə bu illərdən
başlayaraq Azərbaycan bəstəkarlarının orqan aləti
üçün nəzərdə tutulmuş orijinal əsərləri
yaranmağa başlayıb. Zəhra xanım mahir
ifaçı olmaqla yanaşı, həm də istedadlı
pedaqoq idi. Onun yetişdirdiyi ifaçılar hazırda “Orqan və
klavesin“ kafedrasında çalışırlar.
Kafedranın yarandığı
gündən böyük həvəslə
çalışan ifaçılardan biri də Əməkdar
incəsənət xadimi Rəna İsmayılovadır.
Konservatoriyanı fortepiano və orqan sinifləri üzrə
bitirən Rəna xanım orqan sənətinə daha dərindən
yiyələnmək üçün P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasının
aspiranturasına daxil olub. Burada məşhur orqan çalan,
professor L.Royzmandan dərs alıb. Bu dərslər gələcək
ifaçının peşəkar kimi yetişməsinə,
öz dəst - xətti ilə seçilən
ifaçılıq, pedaqoji və ictimai fəaliyyətinə
böyük kömək edir.
Rəna xanım peşəkar
ifaçılıq üslubu ilə - virtuoz manual və pedal
texnikası, əsərin məzmun və formasının dəqiq
duyumu, ziddiyyətli obrazlar palitrası yaratmaq
bacarığı, artistlik qabiliyyəti ilə dinləyicilərin
məhəbbətini qazanıb. O, həm də hər bir
solist üçün vacib olan xüsusiyyətə - ansambl
duyumuna malikdir. Ansamblda əvəzedilməz tərəfdaş
olan Rəna xanım bir sıra məşhur ifaçılarla
- Rusiyanın Əməkdar artisti V.Tonxa, Azərbaycanın xalq
artistləri Fidan və Xuraman Qasımovalar, S.Qəniyev,
Ç.Məmmədov, A.Manaflı, R.Abdullayevlə orijinal,
yüksək peşəkar səviyyəli işləmələrin
və transkripsiyaların müəllifi olub.
O, həmçinin F.Əlizadə,
S.İbrahimova, N.Məmmədov, F.Hüseynov, N.Əliverdibəyov,
R.Həsənova, C.Abbasovun orqan və kamera orkestri
üçün yazdıqları əsərlərin ilk ifaçısıdır.
Azərbaycan bəstəkarlarının
əksər orqan əsərləri Rəna xanımla sıx
yaradıcı ünsiyyətdə yaranıb. O, xalq musiqi
yaradıcılığı ilə orqan ifa üslubunun
qovuşmasını dəqiq hiss edərək maraqlı təfsir
formaları yaradır.
Azərbaycan orqan musiqisinin yayılması
sahəsində Rəna xanımın digər fəaliyyətini
xüsusi qeyd etmək lazımdır. Onun redaktorluğu
altında ilk dəfə “Azərbaycan bəstəkarlarının
orqan musiqisi“ adlı ikicildlik not məcmuəsi işıq
üzü görüb.
Rəna İsmayılova maraqlı
layihələrin, orijinal mövzulu konsertlərin - alman, fin,
norveç, fransız, ingilis musiqi gecələrinin, “Orqan
dünən və bu gün“ adlı silsilə konsertlərin təşkilatçısı
və iştirakçısı olub. Son zamanlar Rəna
xanım Almaniyanın bir çox şəhərlərində
xarici və eyni zamanda Azərbaycan bəstəkarlarının
əsərlərinin mahir təbliğatçısı kimi
konsert proqramı ilə çıxışlar edir.
Rəna xanım 1987-ci ildən
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında
“Orqan və klavesin“ kafedrasında müəllim işləyir.
Onun istedadlı tələbələri arasında Azərbaycan
orqan ifaçılarının I müsabiqəsinin
laureatı Fuad Abdullayevin, həmin müsabiqənin
diplomantı Sevinc İbrahimovanın adını çəkmək
olar.
İfaçılıq və
pedaqoji fəaliyyəti ilə bərabər, Rəna
xanımın ictimai fəaliyyəti də diqqətəlayiqdir.
O, 1991-ci ildə Nijni Novqorodda keçirilən “Orqan dünən
və bu gün“ adlı beynəlxalq konfransda, 1992-ci ildə
Riqada “Qadınlar əmək bazarı şəraitində“
adlı beynəlxalq seminarda iştirak edib, 1994-cü ildə
Dağlıq Qarabağdan olan qaçqın uşaqlar qrupuna rəhbər
kimi xeyirxah missiya ilə Almaniyada səfərdə olub.
Bu maraqlı sənət yolunda və
nəcib işlərində Rəna xanıma uğurlar,
cansağlığı arzulayır və yubileyi münasibətilə
həmkarları, yoldaşları, tələbələri, sənətsevərləri
adından təbrik edirik.
Fidan Nəsirova,
Musiqişünas
Mədəniyyət.-
2010.- 8 sentyabr.- S. 15.