Qurama sənəti - incə, nəfis əl işi
“Əl
işlərimdə milli ornamentlərimizi, Azərbaycanın
incəsənətini sintez etməyə
çalışıram”
Azərbaycan
xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin
və özünəməxsus mədəniyyət yaradıb.
Bu mədəniyyətin inkişaf etmiş sahələrindən
biri də dekorativ-tətbiqi sənətdir. Bu sənətin qədim
tarixi var. Dekorativ-tətbiqi sənətin müxtəlif
növləri arasında döymə sənəti və zərgərlik,
metal üzərində işləmələr, ağac,
daş və sümük üzərində oyma naxış,
xalçaçılıq, hörmə sənəti, ornamental
toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr
və digər sənət növlərini qeyd etmək olar.
Dekorativ-tətbiqi sənətə
“xalq sənəti” də deyilir. Xalq sənəti - xalqın əməyi
sayəsində yaranıb onun həyatını təmin edən
və özündə xalqın bədii zövqünü əks
etdirən təsviri və tətbiqi sənətdir. Azərbaycan
bədii tikmələrinin texnika və kompozisiyası öz
kökləri ilə uzaq keçmişlərə gedib
çıxır və xalqın mədəniyyətinin
varisliyini sübut edir.
Həmsöhbətimiz Təranə
Qurbanlı dekorativ-tətbiqi sənətin bir növü olan
qurama ilə məşğuldur. Hazırda Kənd Təsərrüfatı
Muzeyində çalışır. Muzeyin yeni istifadəyə
verilmiş sonuncu iki zalında yeni eksponatlarla yanaşı,
muzey əməkdaşlarının əl işləri də
geniş yer tutur. Qonaqların ən çox marağına səbəb
olan eksponatlar içərisində Təranənin əl
işləri də var.
Özünün dediyinə görə,
hələ uşaq yaşlarından toxuculuqla məşğul
olub. Əsasən də kofta, şərf və başqa geyim əşyaları
toxuyub: «Amma yun saplardan qablar və qeyri-adi əşyalar toxumaq
mənə daha maraqlı göründü. Bu da yəqin ki,
öz işimi çox sevdiyimdən və uzun müddət
çalışdığım muzeyə fərqli eksponatlar
təqdim etmək istəyimdən irəli gəlirdi».
Təranə Qurbanlının əl işləri arasında qurama nümunələrinə daha çox rast gəlmək olur. Dediyinə görə, qurama Azərbaycan xanımının qənaətcillik üzərində qurulmuş fantaziyasının məhsuludur: «Xanımlarımız çox qədim zamanlardan bu sənətlə məşğul olublar. Kiçik, rəngarəng parçalar birləşdirilir və bir-birindən gözəl, məişət ehtiyaclarını təmin edən qurama növləri yaranır. Buta formasında tikdiyim quramada yaşıl və qırmızı rəngin uyarlığı məhz milli çalarlara əsaslanıb. Toxuduğum və düzəltdiyim əşyalarda əsasən xalqımızın milli ornamentlərini, xanımlarımızın bəzək və məişət əşyalarını göstərməyə, eyni zamanda Azərbaycanın kənd təsərrüfatını, incəsənətini, etnoqrafiyasını sintez etməyə çalışmışam».
Təranənin əlvan saplardan toxuduğu məişət əşyaları, qablar muzeyə gələn tamaşaçıları keçmişə aparır, onları bir anlığa real həyatdan ayırır. «Təndir damı», «Xurcun», «Çəhrayı kompozisiya» və s. belə eksponatlardandır. Özü isə deyir ki, dekorativ-tətbiqi incəsənətin hər hansı bir növü ilə məşğul olmaq insanı mənəvi cəhətdən kamilləşdirir və zövqünü inkişaf etdirir: “Əl işlərimlə kimlərinsə zövqünü oxşaya bildiyimə görə xoşbəxtəm”.
Əl işlərini niyə məhz muzeyə verməsinin səbəbini isə həmsöhbətimiz özünəməxsus tərzdə izah edir: «Muzey insanın mədəni zövqünün, dünyagörüşünün formalaşmasında böyük rol oynayan, onu keçmişə bağlayan, xalqının tarixini, mədəniyyətini unutmağa qoymayan ictimai məkanlardan biridir. Kənd Təsərrüfatı Muzeyi də hər zaman bu amillərə arxalanmağa çalışır. Biz hər zaman axtarışdayıq. Mütəmadi olaraq müxtəlif mənbələrlə tanış olur, araşdırmalar aparır, xalqımızın keçmiş məişətini, kənd təsərrüfatını özündə əks etdirən eksponatlarla muzeyin ekspozisiyasını genişləndirməyə çalışırıq».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2010.- 8 avqust.- S. 15.