Xalq
mahnılarının libasını dəyişmək milli
musiqimizə xəyanətdir
Yarandığı dövrdən, məkandan, müəllifinin
arzu və istəklərindən asılı olaraq xalq
mahnılarının mövzusu çox zəngindir. Qəhrəmanlıq,
igidlik, döyüş ruhunda olan nəğmələr də
var, məhəbbətin həzin sədalarını əks
etdirən, eləcə də vətən, el-oba haqqında
yaranan mahnılar da. Ötən əsrin əvvəllərində
dahi bəstəkarımız Üzeyir Hacıbəyli xalq
mahnılarını və rəqslərimizi toplayaraq nota
köçürüb, məcmuə halında nəşr
etdirdi. Bu ənənəni davam etdirən görkəmli bəstəkarlar
Fikrət Əmirov, Səid Rüstəmov, Qəmbər
Hüseynli, Soltan Hacıbəyov, Tofiq Quliyev və
başqaları unudulmaqda olan mənəvi sərvətlərimizə
yeni həyat verdilər.
Bu fədailər
çalışırdılar ki, illərin dizini qatlayıb
ölməzlik qazanan xalq mahnılarının həm sözləri,
həm də melodiyası düzgün ifa edilsin. Bu səbəbdən
də bir mahnının neçə variantda üzü
köçürülərək bədii cəhətdən
cilalanmışının üstündə
dayanırdılar. Müəyyən bölgələrdə
eyni xalq mahnısı müxtəlif cür ifa edildiyindən bəzən
sözlərində təhrifə yol verilirdi. Sənət
biliciləri, musiqiçilər mütləq bu səhvlərin
aradan götürülməsinə can atır, hətta məşhur
müğənnilərin ifasında verilən
yanlışlıqları da göstərərək növbəti
ifada aradan götürülməsinə
çalışırdılar.
Bəstəkar Tofiq Quliyev deyirdi:
"Xalq mahnı və təsniflərinin əvvəlki, daha
müvəffəqiyyətli mətninə məhəl
qoymayıb "orijinallıq" xatirinə onları yeni
sözlərlə lentə yazdıran müğənnilər
unudurlar ki, mətndəki dəyişiklik mahnının musiqi
variantına əsaslanmalıdır".
Ustad ifaçılar da düşünürlər
ki, xalq mahnılarının libasını dəyişmək
milli musiqi folklorumuza xəyanət deməkdir. Çünki
xalq bu mahnını necə yaradıbsa, yaşadıbsa ona məhz
bu mövqedən də yanaşmaq lazımdır. Doğrudur,
sovet dövründə quruluşun xarakterindən asılı
olaraq xalq mahnılarının bir qismi ciddi şəkildə
redaktəyə məruz qaldı. Məsələn,
böyük sənətkarlarımızın, xüsusilə
də unudulmaz Rübabə Muradovanın yanıqlı avazla
oxuduğu "Qaragilə" mahnısı. Mütəxəssislərin
fikrincə, bu məşhur xalq mahnısı ya Təbrizdə
yaranıb, ya da Arazın sahilboyu yaşayış məkanlarında.
Mətnin birinci bəndini belə oxuyurlar: "Gəlmişəm
otağına oyadam səni, Qaragilə, oyadam səni". O
dövrdə hansı qızın yataq otağına
nişanlısını, sevgilisini buraxardılar?
Xalq mahnılarının mahir
ifaçısı Nuriyyə Hüseynova söyləyir ki,
Naxçıvanda həmişə yaşlı
qadınların zümzüməsində mahnının
sözlərini belə eşidib: "Gəlmişəm o
taydan, oyadam səni". Fikrin dəqiqliyi diqqət çəkir.
Cənubda "Qaragilə"dəki ikinci bəndi belə
oxuyurlar: "Təbrizin küçələri dolanbadolan,
Qaragilə, dolanbadolan". Amma Sovet dövründən
üzü bəri bizim xanəndələrimiz belə
oxuyardılar: "Şəhərin küçələri
dolanbadolan". Təkcə torpağımıza, xəritəmizə
deyil, mahnılarımıza da bolşevik müdaxiləsi
özünü göstərib.
Bu yaxınlarda gənc bir
ifaçının avazında eşitdiyim xalq
mahnısının nəqarəti diqqətimi çəkdi:
Ay oğlan, boyu bəstə,
Gəl əyləş sinəm
üstə,
Sən məndən busə istə,
Mən deyim gözüm üstə.
Bəzi müğənnilər
"sinəm" sözünü "dizimlə" əvəz
edirlər. Açığı, təsəvvür edəcəyim
mənzərədən ürpəndim. İnana bilmədim ki,
xalq bu cür duzsuz ifadələr işlədə. Bu səbəbdən
də bəzi məqamları öyrənmək
üçün bir sıra məcmuələri vərəqlədim,
yaşlı ifaçılara qulaq asdım, mütəxəssislərlə
söhbət etdim. Həmin mətnin "Azərbaycan xalq
mahnıları" kitabında orijinalı belədir:
Ay
oğlan, boyu bəstə,
Gəl əyləş çəmən
üstə,
Sən məndən könül
istə,
Mən deyim gözüm üstə.
Yəni, belə ifa edilsə, daha
yaxşı olmazmı? Xalq mahnılarının kim tərəfindən
ifa edilməsi də mühüm əhəmiyyət
daşıyır. Elə mahnılar var ki, kəsb etdiyi mənasına
görə, deyək ki, onu kişi ifaçının
oxuması gülməli görünür. Məsələn,
elə yuxarıdakı mahnı. Eləsi də var ki, əksinə,
qadın ifaçının təqdimində qeyri-təbii təsir
bağışlayır. Bax belə yöndəmsiz
ifaçılıqla məşğul olanlardan biri tez-tez
televiziya kanallarında guya xalq mahnısı oxuyur:
Ay xanım, xanım,
Sən mənim canım,
Gəl səni alım,
Qoynuma salım (?)
Qadanı alım.
Halbuki "Ay qız,
sənə mayiləm" adlanan bu məşhur
mahnının mətnində "qoynuma salım" ifadəsi
yerli-dibli yoxdur.
Həmin gənc xanım
"İrəvanda xal qalmadı" məşhur
mahnını da öz istədiyi kimi oxuyur: "O xal nə
xaldır, ora düzdürmüsən?" Cavabını da
belə verir: "Xalxa nə var, hara düzdürmüşəm,
yarım deyibdir, ora düzdürmüşəm". Bu təkcə təhrif deyil, həm də
bayağılıqdır.
Bu mahnının da
yaranma tarixi bəllidir. Rəhmətlik Xan Şuşinski
onu necə şövqlə oxuyardı:
Xalqa nə borcdur qoşa
düzdürmüşəm,
Yarım deyibdir
qoşa düzdürmüşəm.
Heç kəsin ixtiyarı yoxdur
ki, xalqın böyük məhəbbətlə, ehtiramla
yaratdığı milli-mənəvi dəyərin ruhuna
öz xasiyyətindən gələn mənasız, şit
sözlər qatsın. Çünki xalq
mahnısında bir sözün dəyişməsi belə,
bütün mətnin ab-havasına xələl gətirir, mənasını
pozur.
Uzun illər böyük həvəslə,
şövqlə oxunan məşhur bir xalq
mahnısının sözlərinə fikir verək: "Get
ay batandan sonra gəl, ay oğlan, anam yatandan sonra gəl, ay
oğlan". Doğrudur şit, məzmunsuz
cızma-qaralarla məşğul olanlar bəzən bu sözlərdən
yapışaraq "xalq mahnılarımızda da intim məqamlar
var" deyirlər. Halbuki bir qədər məntiqlə
fikirləşsək, düşünməli olarıq ki, ay
batandan sonra hava işıqlanır, ana necə yata bilər?
Rəhmətlik Sara Qədimova
deyirdi ki, bu mahnının iki variantı var. Birində belədir:
"Get ay batandan sonra gəl, ay oğlan, ulduz yatandan sonra gəl,
ay oğlan". Digərində də bu cürdür: "Get
ay batandan sonra gəl, ay oğlan, hirsin yatandan sonra gəl, ay
oğlan".
Gözəl
yozumlardır. Avazdan-avaza xalq
mahnılarının təhrif edilməsi mümkündür.
Çünki əsrdən-əsrə, dildən-dilə
ötdükcə bu mənəvi sənət
mülkünün kərpicləri laxlayıb, düşəni
də olub, dağılanı da. Bu gün
muğamlarımıza, xalq mahnılarına olan diqqət,
qayğı həm də onu tələb edir ki, biz bu milli
inciləri təhriflərdən, yanlışlıqlardan xilas
edək.
Sovet dövründə
"türk" sözünü nəinki pasportumuzdan,
tariximizdən, hətta mahnılarımızdan sildilər.
İstənilən etnik qrupun adına nəğmə
qoşmaq olardı, türkdən başqa. Sanki
bu söz də repressiyaya məruz qalmışdı. İndi də xalq arasında "Türk gözəli"
kimi yaşayan xalq mahnısını "Kürd
qızı" kimi məcmuələrə salıblar.
Eləcə də böyük həvəslə oxunan
"Küçələrə su səpmişəm, yar gələndə
toz olmasın" nəqarəti ilə başlanan mahnıda
da "yar" sözünün yerində "türk"
ifadəsi olub.
Qocaman
yazıçı Manaf Süleymanov öz kitabında bu
mahnının yaranma tarixini də yazırdı. Vaxtilə
Bakını ermənilərdən xilas etmək üçün
türk əsgəri şəhərə gələndə əhali
bu nəğməni onların şərəfinə
arzularını dilə gətirərək məhəbbətlə
oxuyurmuş:
Küçələrə su səpmişəm,
Türk gələndə toz
olmasın,
Elə gəlsin, elə getsin,
Aralıqda söz
olmasın.
Həqiqətən də,
sevgili niyə oxumalıdır ki, elə gəl, elə get
aramızda söz olmasın. Məntiqsiz
fikirdir.
Məşhur bir xalq mahnısı
var: "Qaçaq Nəbi". Əslində,
eyni adlı dastandan götürülmüş mətni
çox müqtədir sənətkarlar məlahətlə
ifa ediblər. 2005-ci ildə çapdan
çıxmış "Azərbaycan xalq
mahnıları" məcmuəsinin birinci cildində bu
mahnının həm notu, həm də mətni verilib.
Not məqbuldur. Mətndə isə səhvlər
çoxdur... Birinci müraciət forması belədir:
"Qoy sənə desinlər, ay Qaçaq Nəbi". Amma kitabda "Qoy mənə desinlər" gedib.
İstər dastanda, istərsə də ifalarda
Nəbinin qoçaqlığını vəsf ediblər.
Nəbi özü-özünü tərifləmir.
Mətndə son bənd belə gedib:
Qoy mənə desinlər, ay nadan Nəbi,
Arvadı özündən, ay
qoçaq Nəbi!
Əslində, belə
olmalıdır:
Qoy sənə desinlər ay
Qaçaq Nəbi,
Həcəri
özündən ay qoçaq Nəbi.
Doğrudur, mətndə
"nadan" ifadəsi var. Bu bizim
düşündüyümüz kimi mənfi ifadə deyil,
"oynaq" mənasındadır. Adını çəkdiyimiz
məcmuədə yenə belə verilir:
Qoy mənə desinlər, ay nadan Nəbi,
Divanı yerindən
oynadan Nəbi.
Başqa bir xalq mahnıları
toplanmış kitabda ("Azərbaycan xalq mahnı və təsnifləri"
1979) isə həmin sözlər belə verilib:
Qoy sənə desinlər ay nadan Nəbi,
Tüfəngi havada
oynadan Nəbi.
Bizə elə gəlir
ki, həqiqətən də, Üzeyir Hacıbəylidən
üzü bəri toplanan, nota köçürülən,
musiqi tərtibatı verilən bütün xalq
mahnıları bir yerə yığılraq mütəxəssislər
tərəfindən variantlar üzərində yenidən
götür-qoy edilməli və mükəmməl şəkildə
təzədən çap olunmalıdır. Unutmaq olmaz ki, illərin sınağından bu
günümüzə qədər yol gələn hər bir
xalq mahnısının tarixi və müəllifi var.
Məşhur xalq mahnısı olan
"Apardı sellər Saranı"nı
eşidəndə adamın ruhu dara çəkilir. Mahnıda
deyilir:
Gedin deyin Xan çobana,
Gəlməsin bu il
Muğana,
Muğan batıb
nahaq qana.
Arpa çayı
aşdı-daşdı,
Sel Saranı aldı qaçdı,
Alagözlü, qələmqaşlı.
Bildiyimiz kimi, Arpa
çayı Naxçıvan Muxtar Respublikasının Şərur
bölgəsində axıb keçməkdədir. Bu çay boyunca Muğanlı, Muğancıq kəndləri
yerləşir. Həmin kəndlərdə
yaşayan yaşlı insanların dediyinə görə,
Arpaçayı bəzən elə
aşıb-daşarmış ki, sellər öz
caynağına insanları da alıb apararmış. Hətta mahnıda deyilməyən, amma şərurluların
dilinin əzbəri olan bayatılar da var.
Çıxdım iydə koluna,
Baxdım Sara yoluna,
Xalan qurban boyuna,
Apardı sellər
Saranı.
Bu mahnının da
yaranması ilə bağlı səhv fikirlər söylənilir.
Xüsusilə də, televiziyalarda "novator
mütəxəssis"lər deyirlər ki, guya mahnıda
çayın götürüb apardığı Sara qız
deyil, Muğanda bir şəhərin adıdır. Çünki Muğan bölgəsində Arpa
çayı yoxdur. Azərbaycanda da Sara
adında qız olmayıb. Guya bu ad bizim
mentalitetimizə yaddır. Halbuki Saraxatun
adlı ilk diplomat xanımımız olub. Şəxsən
tanıdığım yaşlı adamlar var ki, onların ulu
nənələrinin adı Sarabəyim, Sara olub. Yəni bu addan imtina etmək, heç bir məntiqə
uyğun gəlmir. Məşhur xalq
mahnısı "Sarı gəlin"i yada salmaq
lazımdır. Əlbəttə, söhbət
adda deyil, xalq mahnısının tarixini təhrif etməklə
heç cür razılaşmaq olmaz. Görəsən,
hansı danışıq formasında, müraciətdə
şəhərə alagözlü, qələmqaşlı
deyərlər?
Fakt yozum sevmir. Elə xalq mahnıları var ki, onun
yarandığı məkan və tarix, eləcə də
bağlı olduğu hadisə məlumdur. Bir də əgər biz şifahi xalq ədəbiyyatımızın,
folklorumuzun nümunələrinə laqeyd yanaşsaq, onun təhrif
olunmasına əhəmiyyət verməsək, fəndgir
qonşularımız dərhal köhnə xislətlərinə
uyğun hərəkət edərək bizim mənəvi incilərimizi
öz adlarına çıxacaqlar. İllərdir
ki, ermənilər milli rəqs havalarını, xalq
mahnılarını, bəstəkar nəğmələrini,
hətta müəllifi məlum olan bir sıra sənət
nümunələrini həya etmədən oğurlayaraq
dünyaya təqdim edirlər. “Tərəkəmə",
"Uzundərə" və başqa xalq rəqslərimizi,
musiqi alətlərimizi öz adlarına çıxırlar.
"Sarı gəlin"ə yiyələnmək
istəyirlər.
Ona görə də
bu məsələdə son dərəcə diqqətli və
ayıq olmaq lazımdır. Yol vermək
olmaz ki, səhvlər təkrarlansın. Gənc
ifaçıların xalq mahnılarına müraciət etməsi
təqdirəlayiqdir. Amma onların bu qədim
incilərin həm melodiyasını, həm də mətnini təhrif
etmələri ilə heç cür barışmaq olmaz.
Xalq mahnılarının təhrifi onların mənasına
xələl gətirir.
Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan
muğamlarına və milli musiqimizə göstərdiyi diqqət,
qayğı təsdiqləyir ki, bu ölməz mənəvi sərvətlər
unudulmaqdan xilas edilib. Bu o deməkdir ki, uzun illər
konsert salonlarında, radio və televiziyalarda müəyyən
ifaçılar tərəfindən bəsitləşdirilmiş,
hətta bayağılaşdırılmış xalq
mahnılarını məhz əvvəlki vəziyyətlərinə
gətirmək gərəkdir. Bu işdə
peşəkar xanəndələr, ustadlar, mütəxəssislər
mütləq sözlərini deməlidirlər. Milli folklorumuza, professional musiqiyə, muğamlara bələd
insanların gücündən istifadə edilməlidir.
Flora
Xəlilzadə
Mədəniyyət.- 2010.- 8
sentyabr.- S. 13.