“Əzizim
Fellini”
Rasim Cəfərov: “Ən böyük arzum
dünyanın nüfuzlu festivallarında Azərbaycana
mükafat gətirən filmlərdə çəkilməkdir”
Rasim Cəfərov 1978-ci ildə Bakının Masazır
kəndində anadan olub. 6-cı sinfədək əlaçı
olan Rasim özünü gələcəkdə vəkil kimi
görürdü. Lakin tale onu, elə “Əzizim Fellini” filmindəki
kimi, Mədəniyyət və İncəsənət
Universitetinə gətirdi. Tələbə vaxtından
müxtəlif tamaşalarda rollar ifa etməyə
başladı. Pantomima və Gənc Tamaşaçılar
teatrlarında bir çox tamaşalarda rol alıb.
Bununla yanaşı, Asif Rüstəmovun
"Ev" filmində Anar, Əbdülqəni Əliyevin
"Yalançılar" filmində Tahir, İlqar Nəcəfin
"Teatral həyat" filmində aktyor, Şamil Nəcəfzadənin
"Qala" filmində kepkalı oğlan, Çingiz Rəsulzadənin
“Kuklalar” filmində Miki, Murad İbrahimbəyovun “Üç
qız” filmində saxta pul satan, Anna Fençenkonun “İtkin
düşmüş adam” filmində David və nəhayət,
bu yaxınlarda İctimai Televiziyada nümayiş olunan Cavid Təvəkkülün
“Əzizim Fellini” bədii televiziya filmində Rasim (Fellini)
rollarını ifa edib.
Onun fikrincə, aktyor rolu, sadəcə,
oynamağa çalışmamalıdır, əksinə, rolu
özününküləşdirməyi bacarmalıdır.
Bacardığı qədər rejissorun istədiyini icra yox,
ifadə etməyə çalışan əsl aktyordur.
“Tamaşaçıların məni
daima eyni xarakterli rollarda görməsini istəməzdim. Adətən
rol təkliflərində ilk öncə rolu öz mənəvi
süzgəcimdən keçirirəm. Ötən il Rusiyadan 8
seriyalı bir filmə dəvət almışdım. Lakin
ssenari ilə tanış olduqdan sonra filmdən imtina etdim. Rol
aktyoru təhqir etməməlidir. Bu mənada bir az
ehtiyatlıyam. İfa etdiyim rolların xarakterimlə səsləşməsinə
gəldikdə, demək olar ki, bütün rollarda məndən
bir parça var. Əgər özümdən o rola bir az da
olsa qatmasam, o rol tamaşaçıda süni, quru oyun təəssüratını
formalaşdırar. Həyatda da belədir. Biz
düşdüyümüz situasiyaya, vəziyyətə
uyğun maskanı taxıb oynayırıq. Məncə,
heç kim tam səmimi deyil”.
Ruhunda “eşələnən” aktyor
Aktyor sənəti ruhla
bağlı olduğu üçün o daima öz üzərində
işləməli, oynadığı rolun xarakterini mənimsəmək
üçün mənəvi aləmini,
dünyagörüşünü zənginləşdirməlidir.
Aktyorun daima axtarışlarda olması rolun daha
dolğunluğu deməkdir.
“Aktyor mənim təxəyyülümdə
seçilmiş, ziyalı insandır. Aktyor sənəti, sadəcə,
səhnəyə çıxıb camaatı ağladıb,
güldürmək deyil. Bəlkə də bu sənət
özünü dərk etmək üsuludur. Bu sənət
ruhun yaradıcılığıdır. Aktyor bir növ
öz ruhunda “eşələnir”, “çapalayır”. O həm
də oynadığı rolu özününküləşdirməsi
üçün psixologiyanı da yaxşı bilməlidir”.
Dünya ədəbiyyatının qəhrəmanlarını
oynamaq istəyir
- Dünya ədəbiyyatını
çox sevirəm. Adətən oxuduğum əsərlərdə
özümə bənzətdiyim qəhrəmanlarla
tanış oluram. Ən sevdiyim yazıçılardan biri də
A.Kamyudur. Onun "Yad" əsərinin baş qəhrəmanı
Müsyö Merso ilə mənim aramda müəyyən
oxşarlıqlar var. Nə vaxtsa, onu oynamaq istərdim.
- Sənətiniz sizi seçim
qarşısında qoyub?
- Sadəcə maddi tərəfdən.
Qazanclı iş təklifləri alsam da, bu sənəti
atıb gedə bilməmişəm. Aktyorluq “xəstəliyi”nə
yoluxmuşam. Bu “xəstəliyin” də müalicəsi
yoxdur...
Onun uğur yolu zəhmətdən,
çox oxuyub çox işləməkdən keçir.
Uşaqlıqdan rəssamlıqla məşğul olan Rasim
uğur zirvəsini yalnız istedadla fəth etməyin
mümkün olduğunu deyir. Azərbaycan filmlərində
çəkilməklə yanaşı, o, Rusiya
rejissorlarının da diqqətindən yayınmayıb.
Rejissor Anna Fençenkonun
"İtkin düşmüş adam" filmində David
rolunu ifa etmişəm. Yeri gəlmişkən, bu film Berlin
kinofestivalında “Panorama” bölməsində iştirak etdi,
Rusiyada “Kinotavr”da ən yaxşı film kimi mükafat aldı.
Onların film çəkilişi prosesini bizimkilərlə
müqayisə etsək, bir o qədər də böyük fərq
gözə çarpmır. Amma orada çəkiliş
meydançasında ab-hava çox yaradıcıdır.
Bütün kino heyəti öz işi ilə məşğuldur.
Heç kəs heç kimin işinə qarışmır.
Hamı film üçün işləyir. Bəzən mənə
həddindən artıq göstərilən diqqət və
qayğıdan utanırdım...”
“Fellini” rolunu oynamaq istəmirdim
“Əzizim Fellini” filminə dəvət
alanda mən əvvəlcə Camal rolunu oynamaq istədim. Lakin
rejissor Cavid Təvəkkül Rasim (“Fellini”) rolunun mənim
üçün yazıldığını dedi. Sonra
razılıq verdim. Rasim, yəni Fellini bir qədər sakit,
mübariz olmayan personajdır. Əgər həyatda onun yerində
olsaydım, mən elə bir qadınla ailə qurmazdım...Bəlkə
də sevərdim. Konkret cavab verə bilmirəm. Həyatdır...”
Kumiri Robert de Niro və arzusu...
“Universitetdə
oxuyarkən mənə
aktyor kimi ən böyük arzumun nə olduğu barədə sual verərdilər.
Həmişə cavab
verərdim ki, M.Skorsezenin filmində
Robert de Niro ilə birlikdə çəkilmək...
Robert De Nironun sənətini xüsusi olaraq sevirəm.
Ən böyük arzum isə dünyanın ən nüfuzlu, “A” kateqoriyalı festivallarında
iştirak edən və Azərbaycana mükafatlar gətirən
filmlərdə çəkilməkdir...”
Söhbətləşdi: Yeganə Cansail
Mədəniyyət.-
2010.- 8 sentyabr.- S. 10.