Azərbaycana gələn turistlərin sayı artır

 

   Bunu turizm şirkətlərinin statistikası da təsdiqləyir

  

   «Ötən il ərzində xarici ölkələrdən 116 nəfər turist qəbul etdiyimiz halda, bu ilin 7 ayının nəticələrinə görə, gələnlərin sayı 241 nəfər olub». Bunu qəzetimizə açıqlamasında «Bakı-Tur» turizm şirkətinin rəhbəri Fayis Məmmədov bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Almaniya, Fransa, Norveç, İsveçrə, Çin, Cənubi Koreya, Böyük Britaniya, Çexiya, Türkiyə İrandan turist qəbul edir.

  

   Şirkət rəhbəri, bağlanmış müqavilələrə əsasən, sentyabr-oktyabr aylarında daha 300-350 nəfərlik turist qruplarının gəlişini gözlədiklərini deyir: «İndiyə qədər «Bakı-Tur»un xəttilə ölkəyə bu qədər turist gəlməyib. Bir məqamı da vurğulayım ki, turist gətirən xarici şirkətlərin hamısı ilə gələn il üçün də müqavilələrimizi yeniləmişik. Həmkarlarımla söhbətlərdən gəldiyim qənaət də budur ki, artım təkcə bizim şirkətdə deyil, xaricdən gələn turistlərin qəbulu ilə məşğul olan digər şirkətlərdə də qeydə alınıb. Fikrimcə, 2011-ci ildə ölkəmizə gələn turistlərin sayı builkindən bir neçə dəfə artıq olacaq».

   F.Məmmədovun sözlərinə görə, sentyabrın 9-da Parisdə, noyabrda isə Londonda keçiriləcək beynəlxalq turizm sərgilərində «Bakı-Tur» da təmsil olunacaq: «Sərgilərdə ziyarətçilərə təqdim etmək üçün iki ədəd disk hazırlamışıq. Bunlardan birində Azərbaycanın turizm potensialını əks etdirən videoreklamlar, digərində isə ölkəmizdə mədəni turizm həvəskarlarını qəbul etmək üçün mövcud olan dörd marşrutun - «Böyük İpək Yolu», «Aleksand Düma Qafqazda», «Şərab yolu» və «Xalçaçılıq turu» haqqında məlumatlar yer alıb. Ümumiyyətlə, beynəlxalq sərgilərdə biz Azərbaycan üzrə əsasən bu dörd mədəni turizm marşrutunu təqdim edirik. Çünki gələn turistlərin əksəriyyəti Azərbaycanın tarixi, mədəniyyəti, abidələri, folkloru, musiqisi, təbiəti, coğrafiyası, eyni zamanda, adət-ənənələrimiz və yaşayış tərzimizlə daha çox maraqlanırlar. Bu səbəbdən də mədəni turizm marşrutlarının geniş təbliği bizə yeni turist şirkətləri ilə yaxından əməkdaşlıq qurmağa və ölkəmizə gələn turistlərin sayının daha da artmasına imkan verəcək».

   Azərbaycana gələn turistlərin qarşılanması və yerləşdirilməsi ilə məşğul olan «BIG AZERI-TOUR» Ltd.-nin direktoru Ofil İsmayılov da bizə açıqlamasında bu il gələn turistlərin sayında artım müşahidə olunduğunu bildirdi. Onun sözlərinə görə, xüsusilə yay aylarında bu artım əməlli-başlı hiss edilib.

   «Millennium Toursm & Congress DMC»nin rəhbəri Ruslan Quliyev isə 2010-cu ilin ilk yeddi ayına olan nəticələrə əsasən gələn turistlərin sayında artımın hələlik 5-10 faiz olduğunu bildirdi. R.Quliyevin sözlərinə görə, hələ ilin sonuna bir neçə ay qalıb. Ötən ildən bağlanmış müqavilələrə əsasən demək olar ki, bu artım daha böyük olacaq.

   Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov da mətbuata açıqlamasında bildirib ki, 2010-cu ilin yay mövsümündə Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub. O bildirib ki, başa çatmaq üzrə olan mövsümdə daha çox Quba-Xaçmaz, Şəki, Qəbələ-İsmayıllı bölgələrinə turist axını müşahidə olunub. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir. Bununla belə, sektor müdirinin sözlərinə görə, buradakı əlavə xidmətlər hələ də tam qaneedici səviyyədə deyil.

   M.Qəhrəmanov bildirib ki, cari il ərzində nazirlik əməkdaşları tərəfindən Cənub, Şimal, Şimal-Qərb bölgəsi olmaqla, 120-dən çox turizm obyektinə baxış keçirilib: “Baxış zamanı mövcud olan problemlər göstərilib, onların aradan qaldırılması üçün təkliflər verilib. Lisenziyasız fəaliyyət göstərən obyektlər haqqında Vergilər Nazirliyinə müraciət etmişik, həmin obyektlərin siyahısını açıqlamışıq və əhaliyə tövsiyə etmişik ki, həmin obyektlərin xidmətlərindən istifadə etməsinlər”. Nazirlik rəsmisi bildirib ki, turizm obyektinin sahibkarı daima öz üzərində çalışmalı, obyektində çalışan işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına, savadlı, qonaqpərvər, xidmətin yüksək səviyyədə göstərilməsinə müvəffəq olmalıdır.

   Beləliklə, apardığımız müşahidələrə əsasən deyə bilərik ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Son dövrlər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Mədəniyyət və Turizm Nazirliyinin turizm şirkətləri ilə birlikdə dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə və tədbirlərdə ölkəmizi yüksək səviyyədə təbliğ etməsi bu müsbət tendensiyanın başlıca səbəbidir.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 8 sentyabr.- S. 9.