Sərvər
Soltan oğlu Qəniyev
Azərbaycan mədəniyyətinə
ağır itki üz vermişdir. Milli ifaçılıq sənətinin
görkəmli nümayəndələrindən biri, Azərbaycan
Respublikasının Xalq artisti, «Şöhrət» ordenli,
professor Sərvər Soltan oğlu Qəniyev 2010-cu il sentyabr ayının
5-də ömrünün 74-cü ilində vəfat
etmişdir.
Sərvər Qəniyev 1937-ci il
avqustun 5-də Bakı şəhərində anadan
olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan
Konservatoriyasının nəzdindəki musiqi məktəbində
skripka aləti üzrə almışdır. Hələ gənc
ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi
Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri
ilə birlikdə çıxış edərək, musiqi
ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan
Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci
kursdan etibarən professional musiqi təhsilini Pyotr Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında davam
etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən
sonra o, həmin ali təhsil ocağının
aspiranturasında öz peşə kamilliyini
artırmışdır.
1963-cü ildə Bakıya
qayıdan musiqiçi Azərbaycan Dövlət
Konservatoriyasında müəllim və Azərbaycan Dövlət
Filarmoniyasının solisti kimi çalışmağa
başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin
təşəbbüsü ilə konservatoriyanın nəzdində
simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet
filarmoniyanın nəzdində uğurla fəaliyyət
göstərmişdir.
Sərvər Qəniyev 1971-1979-cu
illərdə Qahirə konservatoriyasında simli alətlər
kafedrasının müdiri vəzifəsində işləmiş
və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif
Avropa ölkələrində qastrol səfərlərində
olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr
bu ölkənin müxtəlif musiqi kollektivlərində
müvəffəqiyyətlə çalışırlar.
Azərbaycana qayıdandan sonra
musiqiçi zəngin konsert proqramları ilə
çıxış etməklə yanaşı, Dövlət
Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini
tutmuşdur. 1991-ci ildən ömrünün sonunadək o,
Türkiyənin Bilkənd Universitetinin skripka
kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii
rəhbəri və dirijoru olmuşdur.
Milli mədəniyyətimizi
müxtəlif ölkələrdə mahir ustalıqla təmsil
etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və
ifaçılıq sənətinin təbliğində
böyük xidmətlər göstərmişdir. O,
ifaçılıq sənətini pedaqoji fəaliyyətlə
uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların
yetişdirilməsində də nailiyyətlər əldə
etmişdir.
Musiqi sənəti sahəsindəki
xidmətlərinə görə Sərvər Qəniyev
1967-ci ildə Azərbaycan Respublikasının Əməkdar
Artisti, 1982-ci ildə Xalq Artisti fəxri adlarına layiq
görülmüşdür.
Sərvər Qəniyevin
yaradıcılığı Azərbaycan dövləti tərəfindən
yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə
“Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Görkəmli sənətkar, mahir
pedaqoq və əsl ziyalı Sərvər Soltan oğlu Qəniyevin
əziz xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasi-zadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Əbülfəs Qarayev,
Misir Mərdanov, Firəngiz Əlizadə,
Arif Məlikov, Fərhad Bədəlbəyli,
Fidan Qasımova, Rauf Abdullayev,
Aqşin Əlizadə
Mədəniyyət.- 2010.- 8
sentyabr.- S. 2.