İstiqlalımızın
şəhid yolçuları
1918-ci ildə Cümhuriyyətimizi qorumaq
üçün Azərbaycana gəlmiş Osmanlı türk
ordusunun 1130 əsgəri bu yolda canını fəda etdi
Azərbaycanın
tarixində 1918-ci ilin 15 sentyabrının müstəsna yeri
var. Bu, təkcə milli dövlətçiliyimizin - Azərbaycan
Xalq Cümhuriyyətinin özünün paytaxtına
qovuşduğu gün deyil, daha geniş kontekstdə
götürdükdə, Azərbaycan və Türkiyə
qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm
bir xatirəsidir.
Birinci Dünya savaşında
ağır vəziyyətdə olmasına rəğmən
Osmanlı dövləti 1917-ci ilin sonunda süqut etmiş
çar Rusiyasının imperiyasından qurtulmağa
çalışan türk xalqlarının istiqlalı
üçün addımlar atmağa başlamışdı.
1918-ci ilin 28 mayında istiqlalını elan edən Azərbaycan
da özünün dil, din və qan qardaşı olan
Türkiyənin yardımına ümid bəsləyirdi.
Türkiyə bu ümidi doğrultdu. Mayın 25-də
Osmanlının hərbi naziri Ənvər paşanın 29
yaşlı qardaşı Nuru paşa 300 nəfər hərbi
təlimatçı ilə Gəncəyə gəldi.
1918-ci il iyunun 4-də Xalq
Cümhuriyyəti ilə Osmanlı dövləti arasında
"daimi sülh və dostluq münasibətləri"
haqqında saziş imzalandı. Osmanlı ilk yardım kimi Azərbaycana
2 milyon türk lirəsi həcmində kredit ayırdı. Əsas
məsələ isə Azərbaycanın paytaxtını
daşnak-bolşevik güruhundan azad etmək idi.
Ənvər paşanın göstərişi
ilə Osmanlı ordusunun beşinci diviziyası Azərbaycana
göndərildi. Diviziya Gümrü-Dilican-Ağstafa yolunu
döyüşlə keçərək Gəncəyə,
milli hökumətə köməyə gəldi. Əhali
Osmanlı qoşunlarını böyük sevinclə
qarşıladı.
Osmanlı diviziyası və Xalq
Cümhuriyyətinin hərbi nazirinin müavini, general Əliağa
Şıxlinskinin başçılıq etdiyi müsəlman
milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil
edildi. Nuru paşanın rəhbərlik etdiyi orduya 18 min hərbçi
daxil idi.
Stepan Şaumyanın
başçılıq etdiyi və əksəriyyəti ermənilərdən
ibarət olan Bakı Sovetinin qoşunları da hadisələri
seyr etmək niyyətində deyildi. İyunun 10-da Bakı
Sovetinin ixtiyarında olan 20 minə yaxın qoşun Gəncə
istiqamətinə yürüşə başladı.
Erməni daşnak ordusu
yürüş boyu əhaliyə qarşı görünməmiş
amansızlıq həyata keçirirdi. İyunun 12-də
Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri
Göyçaya yaxınlaşdı və burada Nuru
paşanın komandanlıq etdiyi Qafqaz-İslam Ordusu ilə
daşnak qüvvələri arasında qanlı
döyüş oldu. İki həftə sürən
döyüşlər Qafqaz-İslam Ordusunun qələbəsi
ilə nəticələndi.
Bu döyüşdən sonra
Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini
darmadağın edərək Bakı istiqamətində
azadlıq yürüşünə başladı. İyulun
20-də Şamaxı şəhəri azad edildi.
İyulun sonunda Şaumyanın rəhbərlik
etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu,
düşmən qiyafəsini dəyişdi və 1918-ci il
avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan
ibarət yeni mürtəce qurum - "Sentrokaspi"
diktaturası yaradıldı. Bakını nəyin bahasına
olursa-olsun əldən vermək istəməyən
"Sentrokaspi" diktaturası ingilis qoşunlarını
köməyə çağırdı. Lakin bu kömək
onları xilas edə bilmədi.
Qafqaz-İslam Ordusu 1918-ci il
sentyabrın 15-də Bakı üzərinə həlledici
hücuma keçdi, daşnak qoşunları darmadağın
edildi, xilaskar ordu Bakıya daxil oldu. Qafqaz-İslam Ordusu
Bakını Cümhuriyyətə, Cümhuriyyəti isə
bütün Azərbaycan millətinə qovuşdurdu.
Sentyabrın 17-də milli hökumət Bakıya
köçdü.
Lakin qardaş ölkənin xilaskar
ordusu Azərbaycanda çox qala bilmədi. 1918-ci il
oktyabrın 30-da Türkiyə ilə dünya
savaşının qalibləri - Antanta dövlətləri
(Britaniya, Fransa, ABŞ) arasında bağlanan Mudros müqaviləsinə
görə, Osmanlı qüvvələri Bakını tərk
etməli idilər, onların əvəzinə şəhərə
ingilis qoşunları daxil olmalı idi.
Qısa müddət ərzində
türk hərbi kontingenti Azərbaycanın istiqlalı
uğrunda əlindən gələni etmişdi, Bakının
azad olunmasından sonra Azərbaycanın şimal bölgələrində,
həmçinin Qarabağda apardığı savaşlarda
yüzlərlə şəhid vermişdi. Ümumilikdə
1918-ci il iyun-oktyabr aylarında Azərbaycanın istiqlalı
uğrunda savaşda Qafqaz-İslam Ordusu 4 min nəfər şəhid
vermişdi. Onların 1130 nəfəri Osmanlı-türk əsgəri
idi.
1918-ci il noyabrın 17-də səhər
axırıncı türk əsgərləri Bakını tərk
etdi. İki ay öncə onları sevinc və coşqu ilə
qarşılayan əhali hüzn və kədərə qərq
olmuşdu. Həmin gün general Tomsonun
başçılıq etdiyi ingilis qoşunları Bakıya
daxil oldu. Qardaş ölkənin xilaskar ordusu ilə
vidalaşan Bakı ingilis hərbçilərini
qaşqabaqlı qarşıladı. Çünki onların
niyyəti də, məramı da fərqli idi. Daha sonra Bakı
küçələrindəki ingilisləri rusların XI
ordusu əvəz etdi.
Amma bunların heç biri 1918-ci
ilin 15 sentyabrının təkrarı deyildi, ola da bilməzdi.
Baxmayaraq ki, 70 ilə yaxın bir müddətdə bəlli
ideologiya bizlərə məhz XI rus ordusunun xilaskar olduğunu
aşıladı, Bakının mərkəzində ona abidə
də qoyduq. Lakin 1990-cı ilin 20 Yanvarı bu saxta tarixi də,
ona ucaldılmış qondarma abidəni də zamanın
küllüyünə tulladı.
Bəli, tarix gec-tez hər şeyi
öz yerinə qoyur və 70 ilin ideoloji
örtüyünün gizlətdiyi gerçək, kitab və
dərsliklərimizdən çıxarılsa da, qan
yaddaşımızdan heç zaman silinməmiş qəhrəmanlıq
salnaməsi tariximizdə haqq etdiyi yerini tutdu.
* * *
Gerçək tariximizlə
yanaşı, həmin tarixi qanları ilə yazmış
şəhid qardaşlarımızın xatirəsi də bərpa
olundu. 1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər
xiyabanındakı məzarların yanında möhtəşəm
bir abidə ucaldıldı. 1918-ci ilin sentyabrında
Bakını daşnaklardan azad edərkən şəhid
olmuş türk əsgərləri azərbaycanlı şəhid
qardaşları ilə birlikdə burada torpağa
tapşırılmışdı. 1918-ci il mayın 25-dən
noyabrın 17-dək davam etmiş və Gəncədən
Bakıyadək uzanmış savaş yolu boyunca türk əsgərlərinin
gömüldüyü bir neçə yerdə belə xatirə
abidələri ucaldılıb.
Azərbaycanın müstəqilliyi
uğrunda şəhid olmuş 1130 türk əsgərinin
xatirəsinə ucaldılan bu qranit abidələr heç
vaxt sarsılmayacaq Türkiyə-Azərbaycan
qardaşlığının simvolu kimi gələcək nəsillərə
tarixdən dərs verəcək daş kitabələrdir. Qoy
Azərbaycanın hər yeni nəsli bu qranit kitabələrin
üzərində həkk olunmuş tariximizi diqqətlə
oxusun və unutmasın.
Vüqar Orxan
Xalq qəzeti.-2010.- 15 sentyabr.- S. 15.