Karvansaralar - qədim tarixin
yol bələdçiləri
Böyük İpək Yolu üzərində yerləşən
Azərbaycan tarixən geniş ticarət əlaqələrinə
malik olub. Ölkənin qədim karvan yolları üzərində
yerləşməsi, əlverişli coğrafi mövqeyi və
iqlimi ərazidə ticarətin geniş səviyyədə təşəkkülünə
təkan verirdi. İqtisadi əlaqələrin tənzimlənməsində
mühüm əhəmiyyət kəsb edən karvan
yolları üzərində tacirlərin rahatlığı
üçün hamamlar, kəhrizlər, məscidlərlə
yanaşı, karvansaralar da inşa olunurdu.
Karvansaralar bugünkü mehmanxanaların
funksiyasını daşıyıb
Orta əsrlərdə Azərbaycan
Şərqlə Qərbin müxtəlif ölkələri ilə
ticarət edirdi. Neft, duz, ipək, yun, mis qablar və
xalçalar müxtəlif ölkələrə ixrac olunurdu.
Həmin dövrlərdə ölkəyə gələn
tacirlər karvanlarının təhlükəsizliyi,
onların ölkədə qala bilmələri
üçün müxtəlif bölgələrdə
karvansaralar tikilirdi. Əsrlər boyu böyük şəhərlərdə,
o cümlədən də Böyük İpək Yolu üzərindəki
karvansaralar bugünkü mehmanxana funksiyasını
daşıyıb. O dövrdə karvansaralar 2 qrupa
bölünürdü -şəhər və yolüstü
karvansaralar. Yolüstü karvansaralar daha çox istehkamı,
qalanı xatırladırdı. Qalın divarları olan həmin
karvansaraların bir qapısı vardı və gecələr
bağlanırdı. Şəhər karvansaralarının isə
əsasən iki qapısı olub və daha yaxın məsafələrdə
yerləşirdi.
İlk karvansaralar
5-6 min il əvvəl inşa olunub
Karvansaraların
Azərbaycanın qədim
və iri ticarət mərkəzlərində
- Bakıda, Gəncədə,
Şəkidə, Abşeron
yarımadasında və
başqa yerlərdə
hələ orta əsrlərdən əvvəl
fəaliyyət göstərdiyi
barədə tarixi məlumatlar var. Tarixi mənbələrə görə,
bölgədə ilk karvansaralar
e.ə. IV-III minillikdə,
yəni 5-6 min il əvvəl inşa olunub. Eradan əvvəl 550-ci ildən 330-cu ilə kimi hökm sürmüş Əhəmənilər
imperiyası qədim dövrün ən böyük imperiyalarından
biri olub. Bu imperiya şimal-şərqi
Afrikadan tutmuş (Misir də daxil
olmaqla) Hindistana kimi, şərqdə Hind okeanından, cənubda İran körfəzindən
tutmuş şimali Qafqaz dağlarına qədər böyük bir ərazini əhatə edirdi. Həmin dövrlərdə Azərbaycanın
ərazisi də bu imperiyanın tərkibinə daxil idi. Eramızdan əvvəl V əsrdə
yaşamış yunan
tarixçisi Herodot Əhəmənilər imperiyasının
tərkibində yaşayan
70 xalq və tayfanın adını çəkir. İran hökmdarı
imperiyanın idarə
olunmasını asanlaşdırmaq
məqsədilə hərəkət
üçün rahat
yolların yaradılmasına
və onların təhlükəsizliyinin təmin
olunmasına xüsusi
diqqət yetirirdi.
Bu məqsədlə imperiya ərazisində əsas ticarət yollarında bir günlük yol məsafəsində karvansaralar
və gözətçi
dəstələri üçün
məntəqələr tikilirdi.
Karvansara qalıqları - tarixin yaddaş səhifələri
Bu gün
Azərbaycanın, demək
olar ki, əksər bölgələrində
qədim karvansaraların
qalıqlarına rast gəlinir. Müxtəlif ərazilərdən tapılan karvansara qalıqları eyni zamanda ərazinin tarixini öyrənməyə
də imkan verir. Məsələn, Sumqayıt şəhəri
ilə bağlı müxtəlif yazılı
məlumatlarda VII əsrin
əvvəlində Sumqayıtın
ərazisindən, Sumqayıtçayın
hər iki sahili boyunca karvan yollarının keçdiyi bildirilir.
Ərazidə arxeoloji qazıntılar
zamanı aşkar olunmuş karvansara qalıqları bu fərziyyəni təsdiq edən əhəmiyyətli
mənbədir. Bakı buxtasında
suyun altında qalmış Karvansara adasına əsasən belə nəticəyə
gəlmək olar ki, XII-XIII əsrlərdə
Xəzərin səviyyəsi
bugünkündən çox
aşağı olub.
Bu həm də
Xəzərin tarixini öyrənməyə imkan
verir.
Azərbaycana köçürülən
ermənilər qədim
tikililərdə də
məskunlaşıblar
Ermənilərin tarixi Azərbaycan
torpaqlarına nə vaxt, necə köçürülməsi barədə
çox yazılıb.
Amma bəlkə çoxları
bilmir ki, tarixin müxtəlif dövrlərində Azərbaycana
köçürülən ermənilər bir müddət qədim tarixi tikililərdə - karvansaralarda məskunlaşıblar.
Azərbaycan Dövlət Arxivindəki
mənbələrdən məlum
olur ki, Naxçıvan şəhərində
çoxlu sayda tikililər - məscid, bazar, dükan, hamam, körpü olub. Bunlardan ikisi karvansara
olub. Karvansaraların birində 31 ədəd
dükan, digər yarıuçuq vəziyyətdə
olan karvansarada isə köçürülmüş
ermənilər məskunlaşıbmış.
Bu, ermənilərin bu torpaqlara sonradan
gəldiklərinə dair
yüzlərlə sübutlardan
biridir.
Köhnə Bakının
qədim karvansaraları
Quru və dəniz
yollarının qovuşduğu
əlverişli yerdə
yerləşən, zəngin
təbii sərvətləri
olan Bakı orta əsrlərdə Qərblə Şərq arasında tranzit ticarət mərkəzi rolunu oynayırdı.
Şəhərin əsas gəlir
mənbəyi ticarət
idi. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
turizmin təşkili sektorunun müdiri İlhamə Kazımova deyir ki, bölgədə
ticarətin inkişafına
Şirvanşahlar, şəhər
hakimləri və tacirlərin özləri nəzarət edirdilər.
“Karvansaralarda şəhərə gələn
tacirlərin qalmaları,
mallarını saxlamaları
üçün hər
cür şərait yaradılırdı. Tacirlər xüsusi
tikililərdə - karvansaralarda
yaşayırdılar. Burada onların və mallarının təhlükəsizliyi
təmin olunurdu.
Karvansaralar bir növ qalanı xatırladırdılar.
Onların qapalı həyəti
hündür lal divarla əhatə olunmuşdu və gecələr kilidlənən
bir qapısı var idi. Bakı karvansaraları ticarət üçün də uyğunlaşdırılmışdı.
Çox
vaxt karvansaralar eyni ölkədən gələn tacirlərə
xidmət edir və məhz onlar üçün tikilirdi”.
Karvansaraların yanında bu
tacirlərin dini etiqadına uyğun məbədlər də inşa olunurdu. Bakıda Buxara, Pakistan, Hindistan tacirləri üçün tikilmiş
karvansaralar indiyədək
qalıb. Karvansaralar sovet sistemində
ölkəyə gələn
turistlərin səyahət
etdiyi əsas məkanlardan olub. Bu gün də
əcnəbi turistlər
bu tikililərə maraq göstərirlər.
İçərişəhərdə yerləşən karvansaraların bəziləri,
restoran, mehmanxana və başqa formada fəaliyyətlə
yanaşı, tarixi abidə kimi də insanların ekskursiya etdikləri yerlərdən biridir.
İçərişəhərin tanınmış karvansaralarından ən çox maraq göstəriləni Qız
qalasının yaxınlığında
yerləşən Multani
və Buxara karvansaralarıdır. Adıçəkilən abidələr «Restoran-karvansara
kompleksi» adı altında fəaliyyət göstərir. Hər iki
karvansara ölkə əhəmiyyətli memarlıq
abidəsi kimi qorunur.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2010.- 15 sentyabr.- S. 8.