Zaman-zaman tanıdığım
Vasif Babayev
Bugünkü yaşlı nəsil sənətkarların
tez-tez və qürurla işlətdikləri bir kəlmə
var: “Mən filankəsi özümə müəllim
sayıram”. Uşaq vaxtı televiziya ekranlarından, tələbəlik
illərində isə bəzi “sənət müəllimləri”mdən
bu kəlmələri tez-tez eşidəndə, istər-istəməz
qıcıqlanırdım. Lakin yaradıcılıq
yollarında itirdiyim vaxt hesabına az-çox
qazandığım uğurlara baxanda bu sözlərin
qeyri-ixtiyari, yaxud bəziləri tərəfindən ad və
şöhrət xətrinə deyil, həqiqi mənada işləndiyini
müəyyənləşdirdim.
...Atamın bir tərəfi
İçərişəhərdən idi. Ona görə
İçərişəhər və bu nağıl dolu aləmin
sakinlərinə xüsusi hörmətlə
yanaşırdı. Kinorejissor Arif Babayevin İçərişəhərlə
bağlı yaratdığı ekran nümunələri
televiziya ilə nümayiş etdirildikdə, o, həmin filmlərin
hər bir kadrına böyük maraqla baxardı...
Biz o zaman ki, “Gənclər
dostluğu” (indiki Atatürk) prospektində - “Gənclik”
metrosundan iki dayanacaq arxada yaşayırdıq, Vasif Babayevin
yaşadığı bina bizim qonşuluğumuzda idi. Atam
Vasif müəllimi 80-ci illərdən tanıyırdı. O
vaxtlar incəsənət sahəsinə olan marağım
atamı narahat edirdi. Yeniyetmə yaşlarımda tam olaraq kino
və televiziya sənətində
çalışacağıma və bu məqsədlə Mədəniyyət
və İncəsənət Universitetində təhsil
alacağıma qərar vermişdim. Atam narazı olsa da, bir kəlmə
dedi: “Vasif Babayevlə məsləhətləşmək
lazımdır.”
Çünki 90-cı illərdə
Azərbaycan kinosu televiziya ilə müqayisədə
böhran dövrünü yaşayırdı. Atam gələcəkdə
bu sənətlə yaşamağın çətin
olacağını düşünürdü.
Yay ayları idi, Vasif müəllimlə
zəngləşib onlara getdik. Vasif müəllim mənimlə
bir qədər söhbət edib, oxumaq üçün bir
neçə kitab verdi. Kitablardan biri Amerika kinosunun yaranması
ilə bağlı idi. Atamın mənim peşə seçməyimlə
bağlı narahatlığını görəndə isə
belə dedi: “Əsas odur ki, peşəkar olasan. Dolanışıq
sonra özü düzələcək.”
Universitetə hazırlaşanda
tez-tez Vasif müəllimlə ünsiyyətdə olur, ondan
televiziya və kino ilə bağlı məsləhətlər
alırdım. Məni həmişə səbirlə dinləyir,
tövsiyələrini verirdi.
Bir il ötdü, qəbul olunanlar
arasında öz adımı görəndə Vasif müəllimi
axtardım. Məhəllədə bir neçə qonşu ilə
dayanıb, nə barədəsə danışırdı. Məni
görən kimi “nə oldu, imtahanlar, deyir cavablar
çıxıb?” - deyə soruşdu. Mən sevinclə ona qəbul
olunduğumu söylədim. Vasif müəllim bu xəbərdən
çox sevindi, məni bağrına basıb təbrik elədi.
Mədəniyyət və İncəsənət
Universitetinə qədəm qoyduğum ilk gündən
vaxtaşırı Vasif müəllimə müraciət
edirdim. Düzdür, həmin illərdə bizə Cəmil
Quliyev, Yalçın Əfəndiyev kimi istedadlı
kinematoqrafçılar dərs deyirdilər. Lakin, həmişə
deyildiyi kimi, hər müəllimin öz üslubu var!
Universitetdə dərs deyən müəllimlərimiz nəzəri
cəhətdən bizi yüksək səviyyədə təlimatlandırsalar
da, işin təcrübi cəhəti də əsas amil idi. Vasif
Babayev 2001-ci ildə bir neçə sənədli film lentə
almışdı. Onlardan biri də “Quşlar
üçün tələ” adlanırdı. Mən ikinci
kursda oxuduğum zaman tədris planına uyğun olaraq kurs
işi çəkməli idim. Mövzunu seçib Cəmil
Quliyevlə razılaşdırdım. Bu, həyatdan erkən
köçmüş, dünya işığına həsrət
qalan şair Emil Mehdiyə ithaf edilən sənədli film
olmalı idi. Adi, həvəskar kameraya çəkirdik.
İlk materialları çəkib Vasif müəllimə zəng
vurdum, xahiş etdim ki, onlara baxıb mənə fikrini söyləsin.
O, həmişə olduğu kimi yüksək qayğı və
səbirlə bütün materiallara baxdı. Sonra mənə
sula verdi: “Oğlum, bu adam şair olubsa, onun poeziyasını
simvollarla necə göstərərdin? Mən sənin yerində
olsaydım, çoxlu sayda yarpaq, ağac budağı çəkib
montajda istifadə edərdim. Axı bu filmdə sən
şairin poetikasından da istifadə edirsən?! Deməli, sənin
qəhrəmanının lirik şair olmasını təbiətlə
göstərə bilərsən”.
Sonra mənə elə payızda
lentə aldığı xəzan kadrlarını göstərərək,
kameranın çəkiliş nöqtəsinin hansı istiqamətdə
qurulacağını izah etdi. Həmin kadrları çəkib
gətirdim, sonra Vasif müəllim onların montaj həlli barədə
də mənə bəzi qeydlər yazdırdı.
Həmişə deyirəm ki, Vasif müəllimin yaradıcı dəstəyi və qayğısı olmasaydı, bəlkə də mənə sənətin bir çox peşəkarlıq sirləri elə sirr olaraq qalacaqdı. Yeni işimi Vasif müəllimə nümayiş etdirdikdə, o, həmişə sevinir, öz təəssüratlarını bölüşür, eyni zamanda buraxılmış səhvlərdən də yan keçmirdi. Video qurğunun pultunu əlində saxlayır, hər bir kadra geniş izahat verirdi. Bu izahat elə peşəkar səviyyədə idi ki, sonradan hər-hansı sualın yaranmasına ehtiyac qalmırdı.
Mən Vasif Babayevin bu gün həlli tapılmayan, yaxud bilə-bilə yubadılan məsələlərə ürək yanğısı ilə yanaşdığının şahidi olmuşam. Hansı məsələlər Vasif müəllimi narahat edir? Bəlkə də yanılıram, amma, güman edirəm ki, müşahidələrim məni aldatmaz. Vasif müəllim uzun illər Azərbaycan televiziya məkanının məsuliyyətli yükünü çiyinlərində daşıyan peşəkarlardan olub. Bu gün telekanallarda çalışan bir çox tanınmış mütəxəssislər - rejissorlar, operatorlar, redaktorlar, müxbirlər, aparıcılar onun tələbəsi olublar desəm, yanılmaram. Peşəkar insanın bu gün Azərbaycan televiziya kanallarına yol tapan qeyri-peşəkar meyillərə qarşı məntiqli şəkildə irad bildirməsi həm də onun daxili narahatlığından xəbər verir.
İkinci bir məsələ... Bəlkə də bunu ən birinci deməli idim. Vasif müəllim İçərişəhərdə doğulub. Qardaşı, Azərbaycan kinosunun korifey rejissoru Arif Babayevin bir zamanlar sevə-sevə vəsf etdiyi İçərişəhərin müasir dünyanın sərt qaydalarının diktəsinə tabe etdirilməsi cəhdləri vaxtilə mərhum Arif müəllimi sarsıtdığı kimi, ondan da yan ötmür. Belə bir ifadə var: “Böyük ideallara qovuşmaq üçün qan yaddaşına qayıtmaq və soy kökünü dərk etmək lazımdır.” Mən Vasif müəllimi belə insanlardan hesab edirəm. Mən onda bütün Bakının obrazını görürəm. Məncə bu, minlərlə fərdiyyətçi və sadə insan xarakterindən daha yuxarıda dayanan bir yanaşmadır.
Vasif Babayev olduqca təvazökar insandır. Bu kəlmə heç də öyrəşdiyimiz
şablonların növbəti
təzahürü deyil.
Bunu deməyə əsasım
var. Mən 2005-2008-ci illərdə
Azərbaycan Kinematoqrafçılar
İttifaqında çalışmışam.
İttifaqın saytını hazırlayırdım.
İttifaq üzvlərinin şəxsi
işlərini vərəqləyərkən,
Vasif müəllimin çox maraqlı və zəngin tərcümeyi-halını görüb
təəccübləndim. O, gör nə qədər təvazökar
insandır ki, bu sətirlər barədə bir dəfə də olsun mənə deməyib. Hələ şəxsi işə
tikilmiş qəzet məqalələrini demirəm.
Mənə məlum oldu ki, Vasif müəllim
Azərbaycan televiziya rejissorları arasında Xalq artisti fəxri
adına layiq görülən ilk sənətkardır. Lentə aldığı
“Xuraman” sənədli
filminə görə
Azərbaycan kinosu və televiziyasına Qran-Pri mükafatını
da ilk dəfə Vasif müəllim gətirib. Nüfuzlu ümumittifaq festivallarda
və müsabiqələrdə
5 dəfə jüri üzvü olub.
Sovetlər Birliyinin mövcud olduğu vaxtda DTK arxivlərində araşdırma
apararaq (jurnalist N.İsmayılova ilə birlikdə) 1937-ci il qurbanları haqqında həqiqətləri
üzə çıxarıb,
rejissor kimi silsilə sənədli verilişlər hazırlayıb;
Beynəlxalq Televiziya və Radio Akademiyasına üzv seçilən ilk azərbaycanlıdır.
20 Yanvar
faciəsinin də ən ağrılı və təhlükəli məqamları o dövrdə
Azərbaycan Televiziyasının
baş rejissoru işləyən Vasif Babayevin böyük əməyi sayəsində
tamaşaçılara çatdırılıb.
Bu yerdə bir maraqlı əhvalat da yadıma düşdü...
1990-cı il yanvar ayının 20-də, səhər
saatlarında Azərbaycan
Dövlət Televiziyasının
həyətində Dövlət
Teleradio Verilişləri
Komitəsinin sədr müavini Fuad Tarverdiyev və Vasif Babayev qəddar
ordu ilə Bakı qırğınını
törədərək şəhərə
daxil olmuş general-leytenant Ovçinnikovla üz-üzə dayanıb
danışırmışlar. Bu zaman Xalq şairi Bəxtiyar Vahabzadə (Allah ona rəhmət eləsin!) gəlir, sərt nəzərlərlə Ovçinnikova
baxaraq, qəzəblə
onun sifətinə tüpürür. Rus əsgərləri
cəld silahlarını
Bəxtiyar müəllimə
tuşlayırlar. Bu zaman Vasif müəllim,
Ovçinnikovu dilə
tutmağa çalışır,
“bu bizim hörmətli şairimizdir”
deyir və böyük əziyyətdən
sonra faciənin qarşısını alır.
Sonralar televiziya ekranından bu barədə danışan
Bəxtiyar müəllim
demişdi: “Məni bir rejissor xilas
etdi, ancaq onun adını bilmirəm...”
Vasif müəllim 1993-cü ildən başlayaraq, ölkəmizi “Mir” Dövlətlərarası
Teleradio Şirkətində
təmsil edir, Azərbaycan həqiqətlərinin
bu kanal vasitəsilə dünyaya
layiqincə çatdırılması
naminə bütün
səy və bacarığını səfərbər
edir.
Bu sətirlər,
təbii ki, Vasif müəllimin şərəfli və mənalı ömür yolunun yalnız çox kiçik məqamlarını özündə
əks etdirir. Yazımı başlanğıcda
söylədiyim fikirlərlə
tamamlamaq istərdim: “Mən fəxr edirəm ki, Vasif Babayevi yaxından tanımışam
və onun yetirməsi olmuşam.”
Kamran Qasımov,
“Bakıfilm” kinostudiyasının
direktor müavini, rejissor
Mədəniyyət.- 2010.- 15
sentyabr.- S. 7.