Dünya tarixinə bələd olan hər kəs orada Azərbaycanın yerini görür

 

   Fəyad Əhəd Əli Əl-Dosari: «Əgər bütün müsəlman ölkələri İSESCO-nun rolunu gücləndirmək üçün bu təşkilata   yardım etsə, o halda mədəniyyət sahəsində əlaqələrimiz də daha yüksək səviyyədə olar»

  

   Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanla münasibətləri yüksək səviyyədə olan müsəlman ölkələrindən biridir. İki ölkə arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəniyyət sahəsində əlaqələr də inkişaf edir. Beynəlxalq arenada bir-birinə dəstək verən Azərbaycan və Səudiyyə Ərəbistanı mədəniyyət müstəvisində də UNESCO, İSESCO və İKT-də birgə fəaliyyət göstərirlər. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəyad Əhəd Əli Əl-Dosari ilə söhbətimizdə ölkələrimizin mədəni əlaqələrə, bu əlaqələrin fonunda həyata keçirilən layihələrə və digər məsələlərə toxunduq.

  

   - Cənab səfir, Səudiyyə Ərəbistanı ilə Azərbaycan zəngin və qədim tarixə malik müsəlman ölkələridir. Hər iki ölkə İslam mədəniyyətinə, dünya mədəni irsinə zəngin töhfələr verib. Sizcə, bu gün ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsini necə qiymətləndirmək olar?

   - İki dövlət, iki xalq arasında mədəni əlaqələr çox güclüdür. Çünki bu əlaqələr tarixi əsasa malikdir. Bugünkü dövlətlərarası əlaqələrə gəldikdə, Səudiyyə Ərəbistanında, Ciddə şəhərində «Azərbaycan mədəniyyəti günləri»nin, Bakıda isə «Səudiyyə Ərəbistanı mədəniyyəti günləri»nin keçirilməsi mədəniyyət sahəsində əlaqələrə mühüm töhfə olub. Səudiyyə Ərəbistanının mədəniyyət xadimləri və mədəniyyət sahəsində çalışan məmurları Azərbaycanda keçirilən müxtəlif mədəni tədbirlərdə daim iştirak edirlər. Biz xatırlayırıq ki, 2009-cu ildə Bakı «İslam Mədəniyyətinin paytaxtı» olmuşdu. Bu məqsədlə keçirilən tədbirlərdə bizim ölkəmizin nümayəndələri də yaxından iştirak edirdilər. Azərbaycan mədəniyyət xadimlərinin Səudiyyə Ərəbistanında iştirak etdikləri axırıncı tədbir isə ölkəmizdə keçirilən «Əl-Cənahiriyyə» adlı beynəlxalq mədəniyyət festivalı idi. Bu tədbir hər il keçirilir və mədəniyyət, tarix, milli irslə bağlı fəaliyyətləri özündə ehtiva edir.

   Hesab edirəm ki, müsəlman ölkələrinin İslam Konfransı Təşkilatı çərçivəsində qurulan mədəni əlaqələri çox yüksək səviyyədədir. Bu yaxınlarda Səudiyyə Ərəbistanında İKT ölkələrinin mədəniyyət nazirlərinin «İslam memarlığı ənənələri» adlı tədbiri keçirildi. Həmin tədbirdə Azərbaycanın da mədəniyyət və turizm naziri iştirak etmişdi. Konfransda bütün İslam ölkələri arasındakı İslam irsinin qorunması və onun daha da gücləndirilməsi ətrafında müxtəlif müzakirələr olmuşdu.

   - Sizcə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mədəniyyətin hansı sahələrini inkişaf etdirmək lazımdır?

   - Bu sahələr çoxdur. Düşünürəm ki, iki ölkə mədəni sahədə əməkdaşlığı inkişaf etdirərək bunu UNESCO-da yaxşı təqdim edə bilər. Azərbaycanla Səudiyyə Ərəbistanı İKT çərçivəsində öz əlaqələrini daha yüksək səviyyəyə qaldıra bilərlər. Məsələn, mədəni əlaqələr genişləndirilərək hər iki ölkədə mədəniyyət mərkəzləri açıla bilər.

   Ölkələrimizdə olan abidələr də ümumi oxşarlığa malikdir. Məsələn, İçərişəhəri ziyarət etdikdə görürük ki, memarlıq ənənələri Ciddədə, Səudiyyə Ərəbistanında olan memarlıq ənənələri ilə bənzərlik təşkil edir. Memarlıq ənənələrində çox eynilik görürük. Bunun hamısı İslam mədəniyyəti üslubuna aid ümumi xüsusiyyətlərdir.

   - Cənabi Əl-Dosari, bəzən belə fikirlər səslənir ki, İslam ölkələrinin BMT-si hesab olunan İKT-nin fəaliyyəti yetərincə deyil. Bu fikrə münasibətiniz.

   - Bildiyiniz kimi, İKT-nin tərkibində İSESCO adlı bir təşkilat var və bu təşkilat üzv ölkələr arasında mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. Əgər bütün müsəlman ölkələri İSESCO təşkilatının rolunu gücləndirmək üçün ona yardım etsə, o halda daha yüksək səviyyəli əlaqələrə nail olmaq olar. Çünki adıçəkilən təşkilat çərçivəsində həm yüksək ixtisaslı kadrlar, həm də gənclər arasında əməkdaşlıq mövcuddur. İstərdik ki, hər iki ölkənin yaradıcı insanları arasında da əlaqələr öz töhfəsini versin. Bunu ən çox gənc nəsilə şamil edərdim. Çünki gənclik hər bir ölkənin, xalqın gələcəyidir.

   - Səudiyyə Ərəbistanı da, Azərbaycan da İSESCO-nun fəal üzvləridir. Sizcə, nə etmək lazımdır ki, digər İslam ölkələri də təşkilat çərçivəsində fəallıq nümayiş etdirsinlər?

   - Qeyd etdiyiniz kimi, Azərbaycanla Səudiyyə Ərəbistanı İSESCO təşkilatında çox fəallıq nümayiş etdirirlər. Bu da əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Bundan başqa, təşkilatda fəallığı ilə seçilən digər İslam ölkələri də var. İstərdik ki, bütün müsəlman ölkələri bu əməkdaşlığa öz töhfələrini versinlər və ümumi işin inkişafı üçün öz yardımlarını əsirgəməsinlər.

   - Bildiyiniz kimi, Azərbaycanın bir çox maddi-mədəniyyət abidələri Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində dağıdılıb, talan edilib. Sizin üzv olduğunuz və maliyyələşməsində mühüm rol oynadığınız İslam təşkilatları bu məsələni hər zaman pisləyən mövqe tuturlar. Amma hələlik bu istiqamətdə konkret nəticə, işğalçının cəzalandırılması yönündə praktik addım yoxdur...

   - Hər şeydən əvvəl demək istərdim ki, Səudiyyə Ərəbistanı hər zaman dünyada təcavüzə və zülmə qarşı olub. Digər tərəfdən ölkəmiz həmişə BMT və İKT-də Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığı ilə bağlı olan qərarlara dəstək verib. Azərbaycan işğal olunmuş bölgələrindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərlə bağlı həqiqətləri dünyaya artıq lazımınca çatdıra bilib. Biz Səudiyyə Ərəbistanı olaraq ümid və arzu edirik ki, bu münaqişə azərbaycanlı qardaşlarımızı razı salacaq bir şəkildə, sülh vasitəsilə həll olunsun. Biz hər hansı bir müharibə və hərbi aksiyanın əleyhinəyik. Qarabağ münaqişəsi həmişə İKT-nin tədbirlərinin gündəliyində birinci məsələ kimi dayanıb. Bu təşkilatın elə bir toplantısı olmur ki, gündəliyinə Qarabağ məsələsi salınmasın.

   - Cənab Dosari, bildiyiniz kimi, Bakı son illər mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilir. Məsələn, 2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Ötən il Bakı «İslam Mədəniyyətinin paytaxtı» kimi missiyanı yerinə yetirdi. Bu missiyanın davamı olaraq 2011-ci ilin aprelində Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi planlaşdırılır. Necə düşünürsünüz, sizcə, Bakı bu missiyaların öhdəsindən yetərincə gələ bilirmi?

   - Hər şeydən öncə, Bakı İslam mədəniyyətinin çox mühüm bir paytaxtıdır və bu şəhər demək olar ki, mədəniyyətlərin bir-biri ilə qovuşduğu yerdə qərar tutub. Rusiya, Avropa, İslam mədəniyyəti bu məkanda qaynayıb-qarışır. Məhz bu amil Bakıya mədəniyyətlərarası dialoqda mühüm bir rol oynamaq üstünlüklərini verir. Bütün bunların bir sadə səbəbi var: bu da Bakının mədəniyyətlərarası dialoqun mərkəzi olmasının başqa ölkələr tərəfindən qəbul olunması, tanınmasıdır.

   - Tariximiz, mədəniyyətimiz haqqında nələri bilirsiniz?

   - Azərbaycan tarixi dünya tarixinin mühüm bir hissəsi kimi əhəmiyyətlidir. Kim dünya tarixi ilə tanışdırsa, Azərbaycan tarixinin önəmli rolunu da orada görür. Bu da Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji cəhətdən önəmindən irəli gəlir. Ölkənizin dünya tarixində özünəməxsus izi var.

   - Cənab səfir, Azərbaycanda olduğunuz müddətdə vaxt tapıb regionlarımıza səfər edə bilmisinizmi?

   - Ölkənizdə olduğum müddətdə bir çox regionlara səfər etmişəm. Ona görə də siz Azərbaycan tarixi haqqında sual verəndə gəzdiyim yerlərin tarixi mənzərələri gözümün önündə canlanır. Naxçıvanda çoxlu tarixi abidələr görmüşük. Şəki böyük və qədim tarixə malikdir. Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gəncə və başqa bölgələrə də səfər etmişəm. Şəkidəki bəzi yerləri gəzərkən düşünürdüm ki, həmin abidələri sanki Ciddədə görmüşəm. Naxçıvanda da abidələrin üzərində ərəb dilində yazılar həkk olunmuşdu və bu məni çox valeh etdi. İndiki mühəndis və sənətkarların elə yazıları o hündürlükdə yerdə ərsəyə gətirmələri, əlbəttə, bir qədər çətindir. Amma sənətkarlar keçmişdə bunun öhdəsindən gəliblər. Azərbaycanın yerləşdiyi məkan tarix boyu mədəni əlaqələrin mərkəzində olub. İslamın yaranışının ilk illərində bu din artıq Azərbaycana gəlmişdi. Bu tarix 1400 il əvvələ gedib çıxır. İslam Azərbaycana hərb yolu ilə gəlməyib və insanlarınız bu dini könüllü şəkildə qəbul ediblər. Demək istəyirəm ki, bütün bunlara görə biz səudiyyəlilər Azərbaycanla çox fəxr edirik.

   - Mədəniyyət sahəsində bir çox oxşarlıqlarla yanaşı, ölkələrimizin milli mətbəxləri də oxşardır. Maraqlıdır, siz Azərbaycan milli mətbəxində daha çox hansı yeməkləri xoşlayırsınız?

   - Plovunuzu çox sevirəm. Bizim ölkəmizdə də plov bişirirlər. Sizinlə eyni olmasa da, oxşardır. Azərbaycanlıların bişirdiyi plov çox dadlı gözəldir.

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2010.- 15 sentyabr.- S. 7.