Dahi bəstəkar
Repressiyadan qurtuldu, erməni xislətindən yox
Azərbaycan
mədəniyyətinin nadir simalarından sayılan, Şərqdə
ilk operanın yaradıcısı Üzeyir Hacıbəyli
musiqi sahəsindəki xidmətləri ilə yanaşı,
qüdrətli qələm, parlaq istedad sahibi olub. O, Azərbaycan
musiqisinin inkişafı üçün bir tərəfdən
gözəl əsərlər - operalar, operettalar
yaradırdı, romans, kantata, müxtəlif simfonik əsərlər,
mahnılar bəstələyirdi, digər tərəfdən
isə ölkəmizdə musiqi təhsilinin təşkili
üçün gənc kadrların yetişməsinə
çalışır, bu sahədə müxtəlif
kollektivlərin formalaşmasına can atırdı. Bu səbəbdən
də görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi
kimi geniş şöhrət qazanan Üzeyir Hacıbəyli,
eyni zamanda görkəmli ədib, böyük jurnalist idi.
Unudulmaz bəstəkarın ədəbi
irsini araşdıranlar qeyd edirlər ki, Üzeyir Hacıbəyli
klassik Azərbaycan və Şərq ədəbiyyatının
dərin bilicisi olub. Təsadüfi deyildir ki, «Koroğlu»dan
başqa bütün opera və operettalarının mətninin
müəllifi elə Üzeyir bəyin özüdür. Əgər
bu əsərləri ayrıca götürüb təhlilə
çəksək, bədii məzmunu, o dövrdəki cəmiyyətin
ziddiyyətləri, yeni meyillərin təqdiri, köhnəliklə
təzəliyin mübarizəsi və üstünlüyün
ikinci tərəfə verilməsi məhz yazıçı, ədib
təfəkkürünün məhsulu kimi diqqətəlayiqdir.
Böyük bəstəkar kimi sevilən Üzeyir Hacıbəyli
eyni ağırlıqda tarazlığa gələ biləcək
ədəbi və publisistik yaradıcılıqla daim məşğul
olub, amma musiqi sahəsindəki nailiyyətlərinin,
uğurlarının təntənəsi sanki bu fəaliyyətin
üzərinə kölgə salıb. Halbuki Mirzə Cəlil
ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən
biri məhz Üzeyir Hacıbəyli olub.
Bəstələdiyi əsərlər
insan duyğularına ruhi dinclik gətirən Üzeyir bəyin
öz həyatı əslində tufanların,
qasırğaların, təzyiq və təqiblərin
içində keçib. Bir tərəfdən qapısını
şöhrət, sevgi döyübsə, o biri tərəfdən
nəslinin, nəcabətinin, yaxın qohum-əqrabasının
taleyinin üstündən 1937-ci ilin repressiyaları
qılınc kəsərində ötüb keçməkdə
idi. Bu təlatümlü dövrün ölüm qoxulu
günlərindən salamat çıxıb millətə,
xalqa, vətənə xidmət edərək əbədiyaşar
əsərlərə imza atmağı bacarmaq həqiqətən
analoqu olmayan bir fədakarlıq və qəhrəmanlıq
idi. Üzeyir Hacıbəylinin ən ağır
sınaqlardan, faciələrdən qurtulmağı bəlkə
də Azərbaycan xalqının xoşbəxtliyi və ulu
Tanrının rəhmdilliliyi idi.
Azərbaycan Xalq Cümhuriyyətinin
himnini yazmaq hər şeydən əvvəl müəllifdən
vətəndaşlıq mövqeyi, milli təəssübkeşlik
və cəsarət tələb edirdi. Üzeyir Hacıbəylinin
Əhməd Cavadın sözlərinə can verdiyi musiqisi bu
gün də səslənməkdə, ürəkləri riqqətə
gətirməkdə və yaşamaqdadır.
Xalq yazıçısı Mirzə
İbrahimov yazırdı: «...Üzeyir Hacıbəylinin ədəbi
yaradıcılığının xüsusiyyətlərini
müəyyən edən əsas amil barədə, həlledici
cəhət haqqında düşünərkən təbii
olaraq yadımıza bircə söz düşür - xəlqilik!
Bəli, onun bütün yaradıcılığının
ruhu, canı xəlqilikdir. Xəlqilik çox qiymətli
keyfiyyətdir. Bizcə, onun əsərlərinin xalq tərəfindən
bu qədər sevilməsinə, kütlələr arasında
geniş şöhrət qazanmasına, insanı heyran etməsinə
səbəb məhz bu keyfiyyətdir».
Üzeyir Hacıbəylinin zəngin
mədəni irsinin bir hissəsini də məhz publisistika təşkil
edirdi. Onu publisistikaya çəkən, bu janrda qiymətli
yazılar müəllifi olmağına səbəb mütərəqqi
fikirlərini mümkün qədər tez oxucusuna
çatdırmaq və aşılamaq arzusu idi. Üzeyir
Hacıbəyli publisistikanın çevik xüsusiyyətə,
cəmiyyətlə göz-gözə danışmaq qabiliyyətinə
necə malik olduğunu gözəl bilirdi. Ötən əsrin
əvvəllərində Azərbaycanda azadlıq hərəkatının
yüksəldiyi, inqilabi mübarizənin artdığı,
maarifpərvərlik meyillərinin tərəqqi
tapdığı bir zaman kəsiyində xalqla ünsiyyətin
ən gözəl forması məhz publisistika idi.
İlk publisistik yazılarında
Üzeyir Hacıbəyli, təbii ki, çar üsul-idarəsini,
onun bürokratik məmurlarını, eləcə də
Dövlət Dumasını ciddi tənqid edirdi. «İrşad»
qəzetinin bir sıra saylarında Üzeyir bəyin bu
mövzuda xeyli məqaləsi çap edilib. Tədqiqatçıların
fikrincə, Üzeyir Hacıbəyli publisistikasında iki həqiqət
diqqət çəkir. Bunun birincisi, Üzeyir bəyin
bütün varlığı, düşüncəsi,
hissiyyatı ilə xalqa bağlılığı, millət
mənafeyini hər şeydən uca tutması, ikincisi isə,
XX əsr Azərbaycan ziyalılarının təfəkküründə,
idrakında yeni meyillərin güclü təsiridir.
«İrşad» qəzetində çap edilmiş bir məqaləsində
zəhmətkeş insanların əməyi ilə var-dövlət
qazanıb onlara şərait yaratmayan harınları tənqid
edərək yazırdı: «Zəhmətkeş nə qədər
möhtacdırsa, bir o qədər də onlara nəfdir.
Çünki zəhmətkeş üzüqara
möhtaclığın ucundan hər bir əzab və zəhmətə
razı olub burjuanın kefi istədiyi kimi işləyəcəkdir».
Ötən əsrin əvvəllərindəki
mürəkkəb və ziddiyyətli həyatımızın
gerçəkliklərini qələmə alaraq insanları
alicənablığa, mənəvi-əxlaqi təmizliyə
çağıran Üzeyir Hacıbəyli vətəndaş
ürəkli bir jurnalist kimi yazılarının tematik
genişliyi ilə seçilir, ədəbi mənbələrdən,
xüsusilə də Şərq ədəbiyyatından gətirdiyi
ibrətamiz misallarla adamı heyrət içində qoyur. Hərdən
inanmağın gəlmir ki, bu publisistik nümunələr
1907-ci ildə qələmə alınıb. Məsələn,
«Ordan-burdan» rubrikası altında yazdığı felyetonlarda
kasıb-kusubun qeydinə qalmayıb, ancaq rüşvətə
uyub qafil olanlar haqqında yazıb: «...Rüşvət almaq,
xalqı aldatmaq, camaatın başını qırxıb
cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə
onların arasında heç bir təfavüt yoxdur. Uyma
dünyaya, ey dili qafil. Yəni ey camaat, hürriyyət-filan istəməyin,
qoyun həkimlər, filanlar sizi həmişəki kimi
soysunlar». Bu sözlər indi də tərbiyəvi əhəmiyyətini,
təsirini itirməmişdir.
Üzeyir Hacıbəyli
sözün qədrini bilən, onu yerində və məharətlə
işlədən qələm əhli olduğundan hər bir tənqidinin
hədəfi var idi. İdeyasızlığı, qayəsizliyi
sevməyən, həmişə yüksək amallarla
yaşayan və bu amallar uğrunda mübarizə aparan
Üzeyir Hacıbəyli insanın arzuları ilə əxlaqını
həmişə üzvi vəhdətdə
götürürdü. Bu sadə həqiqəti dərindən
açmağa çalışan Üzeyir bəy
yazırdı: «Biz bunu anlamırıq ki, hər bir fərdin
rifah və səadətlə ömür sürüb
yaşaması üzv olmadığı camaatın rifah və
səadətinə bağlıdır. Hər birimizin səadət
və nikbinliyi digərimizin zillət və bədbəxtliyindən
asılıdır. Halbuki bizim səadətimiz ilə
yoldaşımızın səadəti arasında
böyük bir irtibat vardır. O irtibat qırıldıqda
birimizin səadəti baqi qala bilməz».
Böyük ideyalar
carçısı, azadlıq aşiqi olan Üzeyir Hacıbəyli
öz yazılarında bu məsələlərə də
toxunaraq göstərirdi ki, köhnə cəmiyyət bir məhbəs
kimi insanı sıxaraq onu adi hüquqlardan məhrum edir.
Üzeyir bəyə görə, təzyiq və
sıxıntı olan yerdə insanlar küt, namərd və
aciz olurlar. Bu səbəbdən də azadlıqla nəfəs
almaq, onu insan təbiətinin pozulmaz naxışına, keyfiyyətinə
döndərmək çox vacibdir. Çünki azadlıq
insanı ucaldır, gözüaçıq, cəsur və nəcib
edir. Üzeyir Hacıbəylinin «Molla Nəsrəddin»
jurnalı, «Kaspi», «Həyat», «İrşad», «Həqiqət», «Tərəqqi»,
«İqbal», eləcə də «Azərbaycan» qəzetləri və
digər mətbu orqanlarında dərc edilmiş
yazılarında məslək və əqidə uğrunda
insanın mübarizə aparması zəruri bir keyfiyyət
kimi təbliğ edilib. Deyək ki, Üzeyir bəyin
bütün publisistik əsərləri üçün
ideyalıq səciyyəvi xüsusiyyət daşıyır.
1909-cu ildə Üzeyir bəyə verilmiş «Məslək nədir»
sualını unudulmaz bəstəkar, böyük jurnalist belə
cavablandırıb: «Məslək - hər kəsin etiqad etdiyi
bir yoldur. Ümumi xoşbəxtliyini, asayiş və
aramını, rifah halını, tərəqqi və təkamülünü
təqib edən hər bir məslək onun sahibi
üçün müqəddəs ədd olmalıdır».
Bu məsələ də
faktdır ki, Üzeyir Hacıbəyli həmişə xalqın
azadlığı, tərəqqisi uğrunda mübarizə
aparan məsləkli insanları ideal dərəcədə
sevib və öz yazılarında çalışıb ki,
yeni nəsil məhz belə şəxsiyyətlərdən
nümunə götürsün. O, hər bir fəaliyyətə
əxlaq məsələsi kimi baxırdı. Nanəcib məqsədləri
ortalığa atanları heç cür qəbul etmirdi.
Xüsusilə də lovğa, əllaməliklə məşğul
olanları, diletantları daim tənqid edirdi. Üzeyir bəy
yazırdı: «Boşboğaz. Camaatın işlərinə zərər
vuran, bir para biməna vücudlardır ki, özlərinin əlindən
heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və
bununla belə, həsuddurlar, xain və xəbisdirlər».
Nə qədər dəqiq və sərrast
deyimdir! Qəribədir ki, ötən əsrin əvvəlində
yazılmış bu müdrik kəlamlar bu gün də
qurub-yaradanlara mane olan bir para adamlara əsil mesajdır. Bu
baxımdan Üzeyir Hacıbəylinin yazılarında
günümüzlə səsləşən incə və
maraqlı məqamlar çoxdur. O həmişə
arzulayırdı ki, işi bilənə tapşırmaq
lazımdır. Hər kəs məhz öz yerində
olmalıdır. Bu mənada, arabaçıya maşın
sürməyi, qəssaba həkimliyi tapşırmaq olmaz.
Naşı, hazırlıqsız, savadsız, elmsiz adamlar
onlara dəxli olmayan ixtisas sahələrində
çalışsalar, qarmaqarışıqlıq yaranar. Buna
görə də Üzeyir bəy yazırdı ki, savadsız
və məlumatsız şəxslərin elmi, ədəbi,
ümumiyyətlə, əqli məqalələrinə
heç harada yer verilməməlidir. Bu gün Azərbaycan mətbuatında
baş verən anarxiyanı nəzərdən keçirəndə
istər-istəməz Üzeyir bəyin mövqeyində
dayanaraq kamil fikrinə şərik oluruq: «O yerdə ki elm və
maarif olmadı, orada zülm və istibdad hökmfərman
olar».
Tarixdən bəllidir ki, «Azərbaycan»
qəzetinin nəşr olunmasında Üzeyir Hacıbəylinin
böyük xidmətləri var. Qəzetin ilk nömrəsi
1918-ci il 15 sentyabrda işıq üzü görüb. Gəncədə
parlayan bu mətbuat məşəlinin
yandırılmasında ilk imzanın sahibi - ilk redaktor
Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli
olub. 1919-cu il dekabrın 28-də Azərbaycan parlamentinin
üzvləri Paris Sülh Konfransında iştirak etmək
üçün Fransaya gedəndə nümayəndə heyətinin
tərkibinə Ceyhun Hacıbəyli də daxil idi. Bu səbəbdən
də «Azərbaycan»ın növbəti saylarını
hazırlamaq, məqalələri redaktə etmək Üzeyir
Hacıbəylinin üzərinə düşüb. Beləliklə
də, Üzeyir bəyin jurnalistlik və publisistik fəaliyyəti
bir müddət «Azərbaycan» qəzeti ilə bağlı
olub. O, redaktor olmaqla bərabər, həm də ən fəal
və müntəzəm publisistika ilə məşğul
olan qələm sahibi kimi diqqət çəkirdi. Üzeyir
Hacıbəyli qəzetin bütün saylarında
çıxış edirdi. Belə bir fikir də var ki, əgər
böyük bəstəkarımız heç bir musiqi əsəri
yazmasaydı da belə, təkcə «Azərbaycan» qəzetindəki
səmərəli fəaliyyəti onun mətbuat tariximizdə
əbədi qalmasını, böyük jurnalist
olmasını təsdiq edərdi.
Üzeyir Hacıbəylinin «Azərbaycan»da
dərc edilmiş yazılarının üstündən 90
ildən artıq vaxt keçməsinə baxmayaraq onun
mövzuları bu gün üçün də əhəmiyyətlidir.
Müxtəlif illərdə «Azərbaycan» qəzetində dərc
edilmiş «Qarabağ haqqında» və «Andronik məsələsi»
adlı məqalələrində bədnam
qonşularımız ermənilərin bəd əməlləri,
qaniçənliyi ustalıqla qələmə alınıb.
Maraqlıdır ki, Üzeyir
Hacıbəyli hələ 1919-cu ildə milləti və
hökuməti xəbərdar edirdi: “Andronik fitnəsinin nəticəsi
olaraq Qarabağın hal və övzayi elə bir fövqəladə
sürət kəsb etdi ki, hökumətin bu cəhət
haqqında xüsusi qeydkeşliyinə böyük bir ehtiyac
görülüb, ciddi tədbirlər ittixazi lazım gəldi”.
Bax bu “ciddi tədbirlər” unudulmamalı idi.
Təəssüf ki, sovet hakimiyyətinin
qələbəsindən sonra ermənilərin fitnə-fəsadı,
xəyanəti nəinki unuduldu, hətta onların şərəfinə
ədəbiyyatda dostluq şeypurları çalındı.
Erməni xəyanətinin ağır nəticələrini
dadanlardan biri də elə məhz Üzeyir Hacıbəyli
olub. 37-ci ilin repressiyaları dövründə Moskvaya - Stalinə,
Molotova Üzeyir Hacıbəyli haqqında şər-böhtandan
ibarət ərizələr yazan məhz ermənilər olub.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti
ongünlüyündə oynanılan «Koroğlu» operası və
«Arşın mal alan» operettası tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmış, hətta Stalin
də bu əsərləri yüksək qiymətləndirərək
Üzeyir bəyi «novator bəstəkar»
adlandırmışdır. Bu səbəbdən də 1939-cu
ildə Moskvada milli musiqi ifaçılarının
ümumittifaq müsabiqəsi keçirilərkən münsiflər
heyətinə sədrlik Üzeyir bəyə həvalə
edilmişdi. Bu isə erməni əsilli, əslində Azərəbaycan
vətəndaşı olan bir qrup erməninin - Semyon Qasparov,
Vaqo Melkumyan, Arminak və digərlərinin qəzəbinə
səbəb olmuşdu. Onlar Üzeyir Hacıbəyli
haqqında Molotova teleqram göndərərək onu millətçi,
müsavatçı kimi günahlandırmağa
çalışırdılar. Xüsusilə də mətbuatdakı
fəaliyyətini önə çəkərək Üzeyir
Hacıbəylinin erməni quldurları haqqında dediyi fikirlərdən
sitatlar gətirirdilər. Maraqlıdır ki, həmin
teleqramlar oxundunqdan sonra Üzeyir bəyin özünə
göndərilirdi. Ermənilərin bu məkrli niyyətləri
böyük düha sahibinin əsəb sarsıntısına
səbəb olub və o, şəkər xəstəliyinə
tutulub. Ən dəhşətlisi də odur ki, Üzeyir bəyi
xəstəxanada müalicə edən həkim də Osipyan
familiyalı erməni olub. Əlinə fürsət
düşmüş bu daşnak da Üzeyir bəyin müalicəsini
qəsdən düzgün aparmayıb.
Beləliklə, Hacıbəylinin
vəziyyəti daha da ağırlaşıb. Bir ay ərzində
18 kiloqram arıqlayan, orqanizmi çox zəifləyən və
ürək ağrıları keçirən Hacıbəylini
müayinə üçün əvvəl Yessentükiyə
aparıblar. Səhhətində heç bir müsbət nəticə
alınmır. Mircəfər Bağırovun təşəbbüsü
ilə Üzeyir Hacıbəylini təcili Moskvaya Kreml xəstəxanasına
göndəriblər. Məlum olub ki, Bakıda onu
düzgün müalicə etməyiblər. Bu səbəbdən
də xəstəlik dərinləşib və sağalmaz bir
vəziyyətə çatıb. Bu danılmaz faktdır ki, həyatın
bütün qəzalarına, bəlalarına, 1937-ci ilin
repressiyalarına qalib gələn dahi bəstəkar və
böyük jurnalist Üzeyir Hacıbəyli erməni xislətinin
qurbanı oldu.
O, 1948-ci il noyabr ayının 23-də
gözlərini əbədi yumdu. Onu «müalicə» edən
erməni həkim isə cəzasız qaldı. Şahidlər
danışırlar ki, Həsən bəy Zərdabidən
sonra Bakı ikinci dəfə idi ki, belə möhtəşəm
bir hüzn mərasimi görürdü. Həmin gün
respublikada matəm elan edilmişdi.
Üzeyir Hacıbəylinin
bütün yazılarında, sözün həqiqi mənasında,
vətənpərvər insan ürəyinin
döyüntüləri eşidilməkdədir. Onun ən kəskin
felyetonlarında, publisistik yazılarında elə canlı həyat
lövhələrinə, müqayisələrinə,
tutarlı atmacalara, gerçəkliklərə, maraqlı ifadələrə
rast gəlinir ki, bütün bunlar da bu yazıların həm
oxunmasına, həm də yadda qalmasına kömək edir.
Üzeyir Hacıbəyli publisistikasında bir məsələ
də duyulur ki, müəllif həmişə nikbin olub.
Heç vaxt bədbinliyə qapılmayıb. Həyatda
üzləşdiyi ən ağır səhnələri,
ziddiyyətli məqamları, məişət problemlərini
gah kəskin satira atəşinə tutub, gah da yumorun,
gülüşün dili ilə oxucuya çatdırıb.
Üzeyir bəyin publisistikada istifadə etdiyi maraqlı
üsullardan biri də sual-cavab formasında qələmə
aldığı yazılardır. Bu cür yazılarda müəllif
tutarlı səhnələr, mükalimələr yolu ilə
hədəfdəki tənqid ünvanını ifşa etmək
qüdrətini çox bacarıqla həyata keçirib.
Opera və musiqili komediyamızda
şah əsərlər yaratmış Üzeyir Hacıbəylinin
ədəbi irsinin böyük və qiymətli bir hissəsini
də məhz onun publisistikası təşkil edir. Bu ədəbi
irs isə elə bir gülüstana bənzəyir ki, onun hər
ləçəyi məzmunlu bir tədqiqatın mövzusuna
çevrilə bilər.
Flora Xəlilzadə
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 13-14.